Ali təhsildə təlimlər keçirilib - FOTO

28 – 30 iyul 2021-ci il tarixlərində Bakı Biznes Universitetinin koordinator olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan universitetlərində keyfiyyət təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” adlı Erasmus+ layihəsi çərçivəsində daxili keyfiyyət təminatının inkişaf etdirilməsi istiqamətində daha bir onlayn seminar keçirilib. SİA-nın verdiyi məlumata görə, Bakı Biznes Universitetinin təşkilatçılığı və Almaniyanın Potsdam Universitetinin dəstəyi ilə keçirilən seminarda layihə konsorsiumunun üzvü olan 11 universitet daxil olmaqla ümumilikdə 20-yə yaxın ali təhsil müəssisəsindən 30-dan çox nümayəndə iştirak edib. Seminarın birinci günündə layihənin koordinatoru Gülşən Bayramova və Potsdam Universitetinin Ali təhsil tədqiqatları və Keyfiyyətin İnkişafı Mərkəzi departamentinin direktoru Frank Niedermeierin moderatorluğu ilə iştirakçıların tanışlığıolmuşdur. Daha sonra keyfiyyət anlayışı və ali təhsildə keyfiyyət mədəniyyətinin formalaşdırılması istiqamətində faydalı fikir mübadilələri aparılıb. Seminarın ikinci günündə ali təhsil müəssisəsinin təhlili ilə bağlı ekspertlər tərəfindən interaktiv formada təqdimat sessiyası keçirilmişdir. Həmçinin keyfiyyət təminatı sisteminin mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş formaları, onların tətbiqi xüsusiyyətləri təhlil edilib. Seminarın son günündə isə keyfiyyət təminatı sisteminin qeyd edilən formalarına dair real nümunə və təcrübələrə diqqət yetirilib. Keyfiyyətin təmin olunmasında ali təhsil müəssisəsinin rəhbərliyinin, keyfiyyət menecerlərinin, professor-müəllim heyətinin, tələbələrin və digər maraqlı tərəflərin rollarının və məsuliyyətlərinin müəyyən edilməsi əsas müzakirə mövzusu olmuş və təlim iştirakçıları qruplar şəkilində fikir mübadiləsi apararaq təqdimatlar həyata keçiriblər. Aparılan təqdimatlar Almaniyalı ekspertlər tərəfindən qiymətləndirilmiş və müvafiq rəylər verilib.

Seminarın davamında keyfiyyət təminatında səmərəli fəaliyyət planlarının hazırlanması və onun çevik şəkildə icra edilməsinin vacibliyi diqqət mərkəzində olub. Ekspertlər fəaliyyət planlarının hazırlanmasına dair beynəlxalq təcrübəni bölüşmüş və yekunda sentyabr ayında keçiriləcək növbəti seminar üçün müvafiq tapşırıqlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...