Ali təhsilin əsas missiyası - DƏYƏR

Bir qayda olaraq ali təhsilli məzunların əmək bazarının tələblərinə cavab verməməsi və ya az cavab verməsi ən çox eşidilən iradlardandır. Doğrudanmı ali təhsil əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlamalıdır? Əgər belədirsə, əmək bazarının hansı seqmenti üçün? Yəni, müasir tələblərə cavab verən müəssisələr üçün, yoxsa hələ də geridə qalan müəssisələr üçün? Başqa bir sual ondan ibarətdir ki, mütəxəssis hazırlığı milli əmək bazarını, yoxsa qlobal əmək bazarını əsas tutmalıdır? Qlobal əmək bazarı və yerli əmək bazarı arasında mövcud olan fərqlər, bəzi hallarda hətta ziddiyyətlər ali təhsil tərəfindən həll oluna bilərmi? Qloballaşma milli əmək bazarı tələbinə yer qoyurmu?

Suallar çoxdur. Görünən və qəbul edilən ümumilikdə odur ki, ali təhsil işəgötürənlərin qapısını döyən, işə başlamaq üçün işəgötürənlərin qapısı ağzında gözləyən işçi hazırlamaq missiyasından daha çox yeni iş yeri yaradanlar yetişdirməlidir. Ali təhsil ümumbəşəri dəyərlərə biganə qalmadan fərdi rifah üçün tələb olunan dünyəvi bilik, bacarıq və vərdişlər formalaşdırmalı, sərbəst tədqiqat bacarığı və azad düşüncəyə malik, dövlətin, ölkənin, öz xalqının inkişafını prioritet hesab edən vətəndaş yetişdirməlidir. Ali təhsil təkcə maddi deyil, həm də mənəvi dəyər yaradan bir sərvətdir. Ali təhsil məzunu tənqidi düşüncə və komandada işləmək bacarığına malik, sosiallaşmış, başqa sözlə, "yumşaq bacarıqlara" sahiblənmiş bir dəyərdir. Ali təhsil nəzəri biliklərin vacibliyi və əhəmiyyətini inkar etməyən, lakin bu gün verilən nəzəri biliklərin orta ömrünün 5-7 il olduğunu daim diqqətdə saxlayan sistemdir. Ən əsası, ali təhsil vaxt keçdikcə erroziyaya uğramayan, ömür boyu üstünlük təmin edən DƏYƏRLƏR və ya DƏYƏRLƏR SİSTEMİ formalaşdıran bir "əbədi mühərrik"dir. Bəli, DƏYƏR ali təhsilin əsas missiyasıdır! MİLLİ DƏYƏRLƏR şübhəsiz ki, milli ali təhsil sistemini həm də digər ali təhsil sistemlərindən fərqləndirən bir "dayaq nöqtəsi"dir.

Professor Ədalət Muradov,

zərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru

Bütün xəbərlər Facebook səhifəmizdə