Naxçıvan Dövlət Universiteti: Yeni inkişaf mərhələsində

Cavadxan Qasımov,

Naxçıvan Dövlət Universitetinin dosenti,

İqtisad üzrə fəlsəfə doktoru

Azərbaycan Respublikasında milli təhsil siyasətinin uğurla davam etməsi onun regional mahiyyətinin də yüksəldilməsinə geniş zəmin yaratmışdır. Bu isə təbii ki, bütün sahələr kimi təhsil sahəsində də kadr hazırlığı, infrastruktur təminatı və müvafiq istiqamət üzrə əhatəli şəbəkəyə malik quruculuq proseslərini daha da gücləndirməkdədir. Təbii ki, bu istiqamətlərdə təşəkkül tapan uğurlar Naxçıvan Dövlət Universitetinin də müasir inkişaf səviyyəsinin güclü əsaslarla mövcudluğuna səbəb olmuşdur. Çox qısa zaman ərzində Naxçıvan Dövlət Universitetinin istər təhsil, istər elmi araşdırmalar, istərsə də yaradıcı ideyalar sahələrində formalaşan potensialı artmış və daha yeni perspektivlər gətirmişdir.

Artıq universitet malik olduğu potensialla təhsil sahəsində beynəlxalq münasibətərin də bir tərkib hissəsi olmaqla öz uğurlarının əhatəsini daha da genişləndirməkdədir. Hörmətli Rektorumuzun başçılıq etdiyi nümayəndə heyətinin qardaş Türkiyə Cümhuriyyətinin Çankırı Karatekin universitetində qarşılıqlı əməkdaşlıq barədə razılığa gəlmələri universitetimizin etibarlı tədris proseslərinin və elmi araşdırmaların idarə olunması, ümumilikdə isə, hər iki sahə üzrə təcrübə mübadiləsinin həyata keçirilməsi sahəsində yeni keyfiyyət mərhələsinə çevriləcək. Burada ən zəruri nailiyyət isə əsasən ikili diplom layihəsinin icrası çərçivəsində qarşıdakı dövrlər üzrə fəaliyyət istiqamətlərinin müzakirə olunması mövcud perspektivləri daha da artıracaq.

Qeyd edək ki, hazırda Naxçıvan Dövlət Universiteti ilə Türkiyə Cümhuriyyətinin 80 universiteti arasında bu sahədə müqavilələr imzalanmışdır. Bu, xüsusilə, tələbə və müəllim mobilliyinin reallaşması sahəsindəki hədəfləri daha da əlçatan edəcək. Təbii ki, universitetimizdə bu sahədə kifayət qədər dayanıqlı potensial formalaşdırılmış və bu, tamamilə yeni uğurların əldə olunmasına istiqamətlənmişdir. Məhz ikili diplom layihəsi Ali Təhsil Şurası tərəfindən təsdiq olunmaqla və növbəti akademik ilindən başlanmaqla 5 il müddətində etibarlı olacaq, həmçinin, iki qardaş ölkənin həm də təhsil sahəsindəki əməkdaşlığına daha da böyük təkan verəcək.

Eyni zamanda, ikili diplom layihəsi Naxçıvan Dövlət Universitetinin Texnopark yaradılması prosesləri fonunda daha perspektivli olacaq. Belə ki, elmi - nəzəri araşdırmaların nəticələrinin istehsalata tətbiqi ilə daha da əhatəli şəkil alacaq tədris prosesləri hər iki ölkənin Ali məktəbləri üzrə tələbələrin təhlil, araşdırma, hasiletmə sahələri üzrə təcrübələrini daha da sürətləndirmiş olacaq. Digər tərəfdən, nəzərə alsaq ki, Türkiyənin dünya elminə, iqtisadiyyatına və çoxistiqamətli keyfiyyət tərkibli proseslərinə çıxış imkanları daha böyükdür, onda ikili diplom layihəsi Naxçıvan Dövlət Universitetinin tələbələri timsalında Azərbaycan gəncinin və gəncliyinin dünyagörüş və savadlanma keyfiyyətlərinin artmasında daha böyük təsirə malik olacaq.

Təbii ki, ikili diplom layihəsi çərçivəsində qarşıdakı dövrlər üçün:

- göndəriləcək tələbələrin sayının və təqaüd alacaq tələbə kontingentinin müəyyənləşdirilməsi;

- hər iki, amil üzrə şərtlərin aydınlaşdırılması;

- qiymətləndirmə sisteminin uyğunlaşdırılması artıq təmin olunmuşdur.

Təbii ki, birgə layihənin iştirakçısı olacaq tələbələrin həmin şərtlərə əməl etməsi əldə olunacaq nəticələrə daha da səmərlilik gətirəcək. Bütün bunlarla yanaşı, Naxçıvan Dövlət Universiteti, yeni dövrün, yeni çağırışların və yeni təcrübənin hərəkətverici qüvvəsi, eyni zamanda, rellaşdırıldığı ideyalar məktəbi olaraq inkişaf etməkdədir. Bu, özünün sosial, elmi, mədəni, iqtisadi tərəfləri ilə yanaşı, həm də milli qürur deməkdir.

Naxçıvan Dövlət Universitetinin təhsil və elm istiqamətləri üzrə beynəlxaq əlaqələrin inkişafı sahəsində reallaşdırmış olduğu tədbirlər öz əhatəsini genişləndirməkdədir. Bunu qardaş Türkiyə Cümhuriyyətinin Çankırı Karatekin universitetindən sonra, Ankara şəhərində Ankara Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında akademik sahədə əməkdaşlıq protokolunun imzalanması bir daha göstərməkdədir.

Əlbəttə ki, bu nailiyyətlərlə Naxçıvan Dövlət Universiteti öz hədəflərinə doğru yüksək qətiyyətlə, artan potensialla və böyük inamla addımlamaqdadır. Əldə olunan uğurlar Ali məktəbin müasir inkişaf proseslərinə yeni görkəm qazandırmaqdadır. Qeyd etmək olar ki, Naxçıvan Dövlət Universitetində 6008 tələbə ixtisaslı kadr olaraq formalaşmaqdadır. Bunun 5648-i əyani və qiyabi şöbələrində bakalavr üzrə, 360-ı isə magistratura üzrə təhsil almış və ya almaqdadır. Bununla yanaşı, elmi araşdırmalarla 190 tədqiqatçı məşğul olmaqdadır ki, bunun da 138-i doktorantura üzrə, 52-si isə rezidentura üzrə təhsil alır. Təbii ki, onların hamısı da yaradılmış imkanlardan yetərincə istifadə etməkdədir.

Artıq universitet ərazisində təməli qoyulan texnopark da bu sahədəki proseslərin hərəkətverici qüvvəsinə çevriləcək, eyni zamanda, elm və təhsil proseslərinin düzgün təşkili və idarə olunmasında səmərəlilik gətirmiş olacaq. Məhz texnoparkın fəaliyyəti mühitində tələbələrin nəzəri və təcrübi biliklərinin əhatəli istifadəsi mümkün olmaqla, mövcud potensial daha da təkmilləşəcək. Belə ki, inkişafın hazırkı mərhələsində tələbə-kadr hazırlığında texnoparka əsaslanan tədris mexanizmləri nəzərə alınmış və nəticə etibarı ilə hazırda universitetin bakalavr üzrə 70 ixtisasdan 42-si, magistr üzrə 80 ixtisasdan 43-ü məhz Texnologiyalar Parkının fəaliyyət sahəsinə daxil olmaqdadır.

Burada bir məqamı da vurğulamaq yerinə düşər ki, hərtərəfli dövlət qayğısından ruhlanan Naxçıvan Dövlət Universiteti ölkənin inteqrasiya və ixtisaslaşma sahəsindəki uğurlu proseslərinə verdiyi töhfələr burada əcnəbi tələbələrin təhsil alması ilə daha böyük olan uğurlarda ifadə oluna bilər. Belə ki, Ali məktəbdə müxtəlif ölkələrə mənsub olmaqla, 1029 əcnəbi tələbənin təhsil alması bütövlükdə Azərbaycan təhsilinin, inkişafın Naxçıvan modelinin bəyanında bir daha özünü göstərmiş olur.

Eyni zamanda, qeyd etmək olar ki, Naxçıvan Dövlət Universitetinin bütövlükdə dünyanın 130-dan çox universiteti ilə əməkdaşlığı vardır. Bu münasibətlər təbii ki, yaxın və uzaq gələcək üzrə nəzərdə tutulan tədbirlərin reallaşmasına, hədəflərin əlçatanlığına və ölkə təhlisinin daha dayanıqlı inkişafı məqsədlərinə xidmət etməkdədir. Həmin ardıcıllıqda tələbə, müəllim və təcrübə mobilliyinin, həmçinin mübadiləsinin, ikili diplom layihələrinin, dünya təhsilinə inteqrasiyanın və digər uğurların abad yolu salınmaqdadır.

Qətiyyətli inkişaf və tərəqqi dövrünü yaşayan Naxçıvan Dövlət Universitetinin qardaş Türkiyə Cümhuriyyətinin universitetləri ilə yüksək perspektivliliyə söykənən qarşılıqlı əməkdaşlıq razılaşmaları davam etməkdədir. İstər Çankırı Karatekin, istərsə də Ankara Universitetləri ilə əməkdaşlıq razılaşmaları barədə uğurları izlədikcə çox qürurlandıq. Təbii ki, bütün bunlar Naxçıvan Dövlət Universitetinin əhatəli dövlət qayğısı ilə çox qısa zaman ərzində qazanmış olduğu genişmiqyaslı nailiyyətlərin bir hissəsidir. Həmin perspektivlərin ardıcıllığında universitetimizin Türkiyə Cümhuriyyətinin Orta Doğu Texniki Universitetinə (ODTÜ) aid olan razılaşmaları daha mühüm nəticələrin reallaşmasına təminat olacaq.

Qeyd etmək lazımdır ki, ODTÜ Türkiyə Cümhuriyyətinin ərazisində yerləşməklə, hətta daha çox dünya miqyaslı şöhrəti ilə seçilir. Onun Kampusu Ankara-Əskişəhər avtomobil yolunun üzərində yerləşməkdədir. Eyni zamanda, 1960-cı illərdən etibarən universitet əməkdaşları və tələbələrinin səyi hesabına tamamilə şaxələndirilmişdir.

Qeyd edək ki, ODTÜ-nin tərkibində Memarlıq (3 bölmə), Fənn ədəbiyyat (9 bölmə), İqtisad və idarəetmə elmləri (4 bölmə), Təhsil (6 bölmə), Mühəndislik fakültələri (14 bölmə), həmçinin, 5 İnstitut, 5 meslek yüksəkokulu və 3 xaricidillər yüksəkokulu fəaliyyət göstərir. Bunlarla yanaşı, universitetin kompüs ərazisində səmərəli xidmət şəraiti təmin olunmuşdur.

Burada sosial xidmətlər kitabxana, alqı-satqı (ticarət), sığınacaq, yemək (içmək), səhiyyə, bank sahələri üzrə təmin olunmuşdur. Mədəniyyət, incəsənət və idman xidmətlərinə isə idman imkanları, tələbə cəmiyyətləri, eyni zamanda, mədəniyyət və konqres mərkəzləri aid olunur.

ODTÜ-nin ərazisində fəaliyyət göstərən Texnopark isə Naxçıvan Dövlət Universitetinin bu sahədəki uğur və layihələrinə daha yeni nəfəs verəcək, həmçinin müvafiq sahənin davamlı inkişafı sahəsində təcrübə mübadiləsini sürətləndirəcək. Tanış olduqda məlum olur ki, ODTÜ-nin Texnoparka aid texnobülleteni yayımlanır ki, bu da Texnopark barəsində ən son yeniliklər və xəbərlərin yayımlanması baxımından çox əhəmiyyətlidir. Burada fəaliyyət göstərən texnopark həmçinin yaradıcı ideyalara istiqamətlənən layihələrin reallaşması, məşğulluq imkanlarının artırılması və sosial etibarlılıq baxımından əhəmiyyətlidir ki, burada da Texnopark çoxistiqamətli fəaliyyəti ilə seçilir.

Aydın olur ki, ümumiyyətlə, Türkiyə Cümhuriyyətində texnopark tikmə fəaliyyətlərinə əsasən 1980-ci illərdən başlanmışdır. Həmin tədbirlər çərçivəsində sonrakı illərdə, xüsusilə də, 1990-cı ildə KOSGEB (Küçük ve Orta Ölçekli İşletmeleri Geliştirme ve Destekleme İdaresi Başkanlığı / Kiçik və Orta Müəssisələrin İnkişafı və Dəstəyi İdarəsi) ilə üniversitetlərin birgə fəaliyyəti təmin olundu. Buna əsaslanan fəaliyyətin ilk nəticəsi olaraq TEKMER, yəni Texnoloji Mərkəzlərin qurulması mümkün olmuşdur. Texnoparkların fəaliyyətinin tənzimlənməsi haqqında qanunvericilik ilə “Texnoloji İnkişaf Zonaları” anlayışı istifadə olunmağa başlandı ki, ODTÜ-də bu sahədə üstünlükləri ilə diqqəti çəkir.

Təbii ki, imzalanan müqavilələr, əldə olunan razılaşmalar və qarşıdakı dövrlər üzrə inkişaf etdiriləcək əməkdaşlıqlar universitetlərin yeni təhsil imkanları və standartlarının işləkliyini sürətləndirəcək ki, burada da qazanan tərəf təbii ki, tələbələr olacaq. Naxçıvan Dövlət Universitetinin Türkiyə Cümhuriyyətinin Qazi Universiteti ilə əməkdaşlığa başlaması isə məhz bu nailiyyətlərin növbəti mərhələsi olaraq olduqca əhəmiyyətlidir. Qazi universitetinin parkında əkilən ağaclar isə başladılan əməkdaşlığa yeni həyatın və yaşamın ifadəsi olacaq.

Beləliklə, Naxçıvan Dövlət Universitetinin böyük dövlət qayğısı ilə tədris prosesləri və elmi araşdırmalar, həmçinin texnopark yaradılması fonunda reallaşdırmış olduğu tədbirlər modern inkişafın və yaradıcı ideyaların məhsuludur və bu baxımdan da olduqca zəruri perspektivlər gətirəcək. Təbii ki, bu sahədə hörmətli Rektorumuzun rəhbərliyi ilə bizim universitetimizin də istər müəllimlərinin, istərsə də tələbələrinin birgə səyi ilə hələ çox uğurlar qazanılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə