İcma səviyyəsində reproduktiv sağlamlıq və ailə planlanması sahəsində maarifləndirmə işlər aparılır-LAYİHƏ
Azərbaycan Qadın və İnkişaf Mərkəzi (AQİM) tərəfindən "İcma səviyyəsində reproduktiv sağlamlıq və ailə planlanması sahəsində maarifləndirmə və səhiyyə xidmətlərinin təşkili" mövzusunda layihə həyata keçirilir. Bu barədə SİA-ya AQİM-in rəhbəri Pərvin Məmmədova məlumat verib. O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurasının maliyyə dəstəyi ilə icra olunan layihənin də əsas məqsədi əhali arasında reproduktiv sağlamlıq, sağlam analıq, ailə planlanması - yalnız arzuolunan körpələrin doğulması, cinsi yolla yoluxan xəstəliklər və onlardan qorunma yolları, sağlam gənclik və digər mövzularda icma səviyyəsində maarifləndirmə işi aparmaqla reproduktiv yaş dövründə olan insanların bu sahədə müvafiq biliklərə yiyələnməsini təmin etməklə abortlarının sayının azalmasına, körpələrin sağlam doğulmasına və nəticə etibarı ilə ana və körpə ölümünün sayının azalmasına, yoluxucu xəstəliklərin qarşısının alınmasına nail olmaqdır. Onun sözlərinə görə, layihə çərçivəsində "Reproduktiv sağlamlıq və ailə planlanması" mövzusunda Lerik və Qusar rayonlarının müxtəlif qəsəbə və kəndlərini əhatə etməklə hər rayon üzrə 2 günlük seminar keçirilib.
"Tədbirlərdə iştirakçılara qadın və uşaqların sağlamlığı, reproduktiv sağlamlıq, ailə planlanması, yalnız arzuolunan körpələrin doğulmasının zəruriliyi, yoluxucu xəstəliklər, xüsusilə də İİV/QİÇS xəstəliyi və fəsadları, bu xəstəlikdə qorunma üsulları haqqında məlumatlar verilmişdir. İcma səviyyəsində maarifləndirmə işinin aparılması, nəşrlərin paylanması uşaq və qadınların sağlamlıqlarının qorunmasına, erkən nigahların, abortların qarşısının alınmasına, tibb işçilərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə və onların biliklərinin artırılmasına xidmət edir. Həmçinin, rayon ərazisində tibb mərkəzlərinin rəhbərləri və tibbi işçiləri ilə görüşlər keçirərək ərazidə olan mövcud vəziyyət öyrənilib və müzakirələr aparılıb. Bununla yanaşı, tədbir iştirakçılarına Azərbaycan Qadın və İnkişaf Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə çap olunan İİV/QİÇS, ailə planlanması ilə bağlı məlumatları özündə əks etdirən plakatlar, qələmlər və təqvimlər paylanıb. Eyni zamanda, əhalinin məlumatlıq səviyyəsinin yoxlanılması məqsədilə təşkilatımız tərəfindən hazırlanmış anonim sorğu anketləri də iştirakçılar tərəfindən cavablandırılıb. Tədbir iştirakçılar arasında mövzu ətrafında fəal müzakirələr aparılıb, bu kimi tədbirlərin ölkənin ucqar rayonlarında keçirilməsinin əhəmiyyətini, həmçinin sağlam körpələrin doğulmasına, ana və körpə ölümünün azalmasına, orta ömür göstəricilərinin yüksəldilməsinə nail olmaq üçün səhiyyə xidmətlərinin təkmilləşdirilməsinin vacibliyini qeyd ediblər", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB