“Müasir şərqşünaslığın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb-TƏDBİR

“Müasir şərqşünaslığın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb-TƏDBİR

Bu gün AMEA Rəyasət Heyətində "Müasir şərqşünaslığın aktual problemləri" mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb. SİA-nın xəbərinə görə, konfrans AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu və Rumıniya Babeş-Bolyai Universitetinin Türkologiya və Mərkəzi Asiya Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.

Tədbiri giriş sözü ilə açan AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva konfransın əhəmiyyətindən danışıb və iştirakçılara uğurlar arzulayıb. O bildirib ki, 1 il öncə Rumıniyada Sivilizasiyalararası dialoq mövzusunda konfrans keçirilib. Həmin vaxt Rumıniya İnstitutu ilə əməkdaşlıq haqqında müqavilə bağlanıb.

"Əməkdaşlıq memorandumunda müxtəlif sahələr üzrə əməkdaşlıq nəzərdə tutulub. O cümlədən 1 il türk dünyası ölkələrində, 1 il isə Avropa İttifaqı ölkələrində olmaqla hər il müştərək beynəlxalq konfransların keçirilməsi qərara alınıb.

Son illərdə Yaxın və Orta Şərq ölkələrində qaynar proseslər gedir. Digər tərəfdən Uzaq Şərq, Mərkəzi Asiyada dünya üçün tale yüklü proseslər baş verir.

Bütün bunları nəzərə alaraq dünya miqyasında Şərqdə gedən proseslərə böyük bir marağı nəzərə alaraq biz belə bir mövzuda konfrans keçirik. Konfransda Azərbaycan, Rumıniya, Türkiyə, Qazaxıstan, İran, Özbəkistan, Pakistan, Gürcüstan və Finlandiyadan 180-ə yaxın alim iştirak edir. Bu konfransda iştirak üçün 193 tezis göndərilib".

Tədbirin davamında çıxış edən Rumıniyanın Babeş-Bolyai Universitetinin rektoru Andrei Marga bildirib ki, bu konfrans institutlar arasındakı əməkdaşlığın bariz nümunəsidir. Onun sözlərinə görə, konfransın Bakı şəhərində keçirilməsi paytaxtla tanışlıq üçün gözəl bir fürsətdir: "Şərqşünaslıq elminin incəliklərini duymaq üçün çox böyük zəhmətlər tələb olunur. Bu gün Avropa ölkələrində şərqşünaslıq elminin inkişafı ilə bağlı mühüm müzakirələr gedir. Şərqi Avropa mədəniyyətini, o cümlədən Azərbaycan mədəniyyətini Avropa mədəniyyəti kimi dünyaya tanıtmaq önəmli məsələlərdir. Bu vəzifəni yerinə yetirmək üçün Rumıniyada xüsusi kafedralar açılıb. Bizim universitetin Şərqi Avropa və Şərq ölkələrinin mədəniyyətlərini öyrənməyi vacib bir məsələ hesab olunur. Mədəniyyətlərin mübadiləsi, elmi tərəfdaşlıqların öyrədilməsi əsas vəzifə kimi hər zaman qəbul edilməlidir".

Rumıniyanın Türkologiya və Mərkəzi Asiya Araşdırmaları İnstitutunun direktoru Tasin Cəmil qeyd edib ki, Azərbaycan mədəniyyətinin, tarixinin, iqtisadiyyatının Rumıniyada tanıdılması vacib bir məsələdir. Onun sözlərinə görə, Azərbaycan mədəniyyətini, tarixini tanıtmaq məqsədilə Rumıniya İnstitutunda Azərbaycanşünaslıq şöbəsi açılıb.

"Burada Azərbaycan mədəniyyəti, tarixi, dili öyrənilir. Bu şöbəyə daxil olan rumın tələbələrin sayı ilbəil artır ki, bu da onların Azərbaycan mədəniyyətinə, marağına böyük marağının göstəricidir", - deyə o əlavə edib.

Tədbirin davamında digər qonaqlar da şərqşünaslığın aktual problemləri barədə müxtəlif müzakirələr aparıblar.

Qeyd edək ki, 2 gün davam edəcək konfrans çərçivəsində bölmə iclasları AMEA Şərqşünaslıq İnstitutunun binasında olacaq. Konfransda məruzələr "Tarix", "Din tarixi, fəlsəfə və ictimai fikir", "İqtisadiyyat", "Ədəbiyyatşünaslıq" və "Dilçilik" bölmələrində dinlənəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə