BDU-da “Rus Mərkəzi”nin təşkilatçılığı ilə seminar keçirilib

BDU-da “Rus Mərkəzi”nin təşkilatçılığı ilə seminar keçirilib

"Rusiya dünyası" Fondunun tədbirləri çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) "Rus Mərkəzi"ndə Moskvanın A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunun və BDU-nun filologiya fakültəsinin nümayəndələrinin iştirakı ilə seminar keçirilib. BDU-nun mətbuat və informasiya şöbəsindən SİA-ya verilən xəbərə görə, BDU və Bakı Slavyan Universitetinin müəllim, tələbələri, Azərbaycan Texniki Universitetinin rus dili kafedrasının nümayəndələrinin iştirak etdiyi seminarda Azərbaycanda rus dilinin yeri və rolu, elm sahəsində ikitərəfli əlaqələrin möhkəmləndirilməsi barədə söz açılıb.

"Rus Mərkəzi"nin rəhbəri, Fikrət Rzayev Mərkəzin fəaliyyəti barədə seminar iştirakçılarına məlumat verib. Daha sonra professor Tatyana Savçenko "Müasir rus ədəbiyyatında yeni adlar və hadisələr", dosent Alla Konstantinova "Müasir rus dilində gerçək proseslər", professor Elxan Əzimov "Rus dilinin xarici dil kimi öyrədilməsində yeni üsullar və texnologiyalar" adlı məruzələrlə çıxış ediblər.

Tədbirdə rus dilində baş verən dəyişikliklər barədə diskussiya aparılıb, böyük rus şairlərinin şeirləri səsləndirilib, suallar cavablandırılıb.

Moskvalı qonaqlar, həmçinin, dilçilik, klassik və müasir rus ədəbiyyatı, həmçinin humanitar və təbiət elmləri fakültələrinin rus dili kafedralarında ustad dərsləri keçiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə