Müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər - imtahan veriblər

Dövlət İmtahan Mərkəzi (DİM) aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının I mərhələsini keçirib. Mərkəzdən SİA-ya bildirilib ki, imtahan DİM-in Nəsimi rayonu, Ə.Salamzadə, 28 ünvanında yerləşən inzibati binasında elektron qaydada keçirilib.

Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda ona nəticələrinə dair arayış təqdim olunub.

Qeydiyyatdan keçmiş 28 namizəddən 27-si imtahanda iştirak edib. Onlardan 5 nəfər 72 və daha yüksək bal toplayaraq müvəffəqiyyət əldə edib. İmtahanın I mərhələsi üzrə toplanması mümkün olan ümumi (maksimal) bal 120-dir. İmtahandan müvəffəqiyyətlə keçmiş namizədlər Aqrar Sığorta Fondu tərəfindən təşkil edilən təlimlərə cəlb olunurlar. Təlimlər bitdikdən sonra imtahanın ikinci mərhələsi keçirilir.

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası iyunun 21-22-də saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə, 28 ( keçmiş Bakı Asiya Universitetinin binası).

Bütün xəbərlər Facebook səhifəmizdə