Təhsil Tələbə Krediti Fondu nə vəd edir? - TƏHSİL EKSPERTİ İZAH ETDİ

"Hələ 2013-cü ildə "Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"nda Təhsilin İnkişaf Fondunun yaradılması nəzərdə tutulsa da, yaradılmadı. Son 7 il ərzində 5 mindən artıq tələbə təhsil haqqını ödəyə bilmədiyinə görə universitetlərdən xaric edilib. Qanunla isə insanların təhsil alması üçün şərait yaradılmalıdır. Azərbaycanda hər il məzunların cəmi 42 faizi ixtisas üzrə iş tapa bilir. Qalanlar ya digər ixtisaslar üzrə işləyir, ya da, ümumiyyətlə, işləmir.Qeyd edim ki, tələbə kreditləri üçün 80 milyon manat ayrılıb və ayrılan 80 milyon manat 38-42 min tələbənin təhsil haqqını ödəməyə imkan verəcək. Hesab edirəm ki, Kreditlər faizsiz verilməlidir, çünki sonra tələbələr problemli kredit alana çevrilməli deyil. Həm də kredit verilən uşaqlar sonra işlə təmin edilməlidir ki, təhsili başa vurandan sonra onu ödəyə bilsinlər". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanın 54 ali təhsil müəssisəsində 182 minə yaxın tələbə təhsil alır: "Onların 60 faizi öz vəsaiti hesabına, yəni, ödənişli əsaslarla, 40 faizi isə dövlət büdcəsi vəsaiti hesabına təhsil alır. Bu, o deməkdir ki, hazırda Azərbaycan ali təhsil müəssisələrində 110 minə yaxın şəxs ödənişli əsaslarla təhsil alır".

Ekspert sözlərinə belə davam edib: "Avropa ölkələri və ABŞ, post-sovet məkanından isə Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və Özbəkistan təhsil kreditləşməsini tətbiq edirlər. Məsələn, ABŞ-da bununla Federal Agentlik məşğul olur. Agentliyin çox böyük dövriyyəsi var. Kreditlər 3 növdür: federal tələbə krediti, valideyn krediti və özəl kredit. Hər biri müxtəlif qruplara və şərtlərlə verilir, faizlər çox aşağıdır. Dövlət yaxşı oxuyan tələbələr üçün bir sıra başqa güzəştlər də tətbiq edir. Bəzi ştatlarda təhsildə, elmdə yüksək nəticə əldə edən tələbələrə o kreditlər bağışlanır. Analoji qurumlar Almaniyada, Fransada, Böyük Britaniyada, Şərqi Avropa ölkələrində də var. Kreditlərin mənbəyi kimi adətən dövlət resursları çıxış edir, amma dövlətin stimullaşdırdığı özəl fondlar, banklar da bu prosesdə iştirak edə bilir. Həmçinin universitetlərin özləri də kredit ayırırlar. Əksər ölkələrdə faizlər çox aşağı, müddət uzun olduğu üçün qaytarılmasında çətinlik yaratmır. Adətən kreditin qaytarılmasına universiteti bitirdikdən 2 il sonra başlanılır, 5-7-10 ilə, bəzənsə 30 ilədək müddətdə qaytarılır. Bütün dünyada təhsilin inkişaf etdirilməsində bu kreditlər böyük rol oynayır. Müsəlman ölkələrindən İndoneziya və Türkiyədə məhdud da olsa təhsil kreditləşməsi tətbiq olunmağa başlayıb. Avstraliyada təhsil kreditləri faizsiz verilir. Bəzi ölkələrdə isə faizlər yalnız texniki xərcləri örtəcək həcmdə olur – 1-2 faiz. Ümumiyyətlə tələbə kreditləri konstitutsiyanın tələblərinə ziddir. Belə ki, konstitusiyaya görə maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir".

"Hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Bunu dövlət təmin edir. Statistikaya baxsaq, görərik ki, son 5 il ərzində 7 mindən çox tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün ali təhsil almaqdan məhrum olub. Yəni, 1-2-ci kursda oxuyub, növbəti illərin təhsil haqqını ödəyə bilmədiyi üçün universitetdən imtina etməli olub. Qardaş Türkiyədə də bu kredit sistemi mövcuddur və tələbələrə mox ciddi güzəştlər edilir. Bu gün ali təhsil müəssisələrini bitirənlərin 42 faizi işlə təmin olunur. Bunun üzərində işləmək lazımdır. Çünki kredit götürüb təhsil haqqı ödəyən şəxlər potensial problem kreditora çevrilir. Yəni Azərbaycanda hal-hazırda tələbələrə güzəştli kreditlərin veriləsi mövcud deyil. Olan da maarifçi kreditindir. O da özəldir və büdcəsi yoxdur".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə