Varşava Dövlət Etnoqrafiya Muzeyinin əməkdaşları ADU-da təqdimatla çıxış ediblər - TƏDBİR
Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində (İRK) Varşava Dövlət Etnoqrafiya Muzeyinin əməkdaşları Yustina Laskovska-Otvinovska və Patrik Pavlyaçik Polşanın folkloru və mədəniyyəti haqqında təqdimatla çıxış ediblər. SİA-nın xəbərinə görə, tədbirdə orta əsrlərdəki folklor nümunələrindən, adət-ənənələrindən və dini inanclarından söhbət açılıb.
2 hissədən ibarət olan tədbirin ilk hissəsində Yustina Laskovska-Otvinovska noyabr ayının 1 və 2-si qeyd olunan müqəddəslər günü haqqında məlumat verib. Belə ki, müqəddəslər günündə insanlar qəbiristanlığa gedir və orada qəbirlərin üstünü şamlarla bəzədirlər. Bu gündə kilsələrdə çoxlu dilənçilər olur. Polşada həmin insanları "Allahın adamları" adlandırırlar. O, həmçinin, qeyd edib ki, insanlar bu dilənçiləri yedizdirməli idi. Daha sonra Y.Laskovska-Otvinovska dekabrın 6-da qeyd edilən müqəddəs Nikolas günü haqqında danışıb. Nikolas günü Avropanın bir çox ölkələrində uşaqlar üçün qeyd olunan bir bayramdır.
Y.Laskovska-Otvinovska təqdimat iştirakçılarının diqqətinə çatdırıb ki, qış aylarında da Polşada çoxlu bayramlar keçirilir. Onlardan biri də dekabrın 25-i başlanan Milad bayramıdır. Bu bayramda insanlar masanın üzərinə çörək qoyaraq onu dəsmalla örtürlər. Belə ki, çörək bərəkətin rəmzi kimi göstərilir. Karolinq Milad bayramının adətlərindən biridir. Bu adətə əsasən insanlar müxtəlif heyvanların maskalarını geyirlər. Bu ənənə XVI əsrdən bəri davam edir.
Bundan başqa Polşada Zapusti adlanan karnaval da qeyd edilir. Bu karnaval baharın gəlişi münasibətilə qeyd edilir. Bu gündə insanlar bir birilə zarafat edir, maskalar geyirlər. Müqəddəs Con gecələri adlanan bayramda isə qızlar oğlanlara gül verirlər. Bu bayramda əsas atributlardan biri müqəddəs çörəkdir.
Tədbirin II hissəsində tamaşaçıların iştirakı ilə əl işləri üzrə master-klas keçirilib.
Qeyd edək ki, tədbir ADU-nun İRK-da təşkil olunan silsilə "Mədəniyyətlərarası dialoq" çərçivəsində baş tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB