Respublikanın bütün məktəblərində “Son zəng” çalındı-REPORTAJ-FOTOSESSİYA
Bu gün respublikanın bütün ümumtəhsil məktəblərində "Son zəng" çalınıb. Bunula da 2010-2011-ci tədris ilində ölkəmizin ümumi təhsil məktəblərinin buraxılış (XI, XII) siniflərini 101521 şagird bitirib. Müqayisə üçün qeyd edək ki, bu göstərici ötən il 98800 nəfər təşkil edib. Qiyabi və axşam ümumi təhsil məktəblərinin XII sinfini başa vuran şagirdlərin sayı 2010-cu ildə 473 nəfər olduğu halda, bu il onların sayının 710 nəfər olacağı gözlənilir.
Bakı şəhərindəki 342 (o cümlədən 330 dövlət və 12 qeyri-dövlət) əyani ümumi təhsil məktəblərinin XI sinfini 25800-ə, IX sinfini isə 35300-ə yaxın şagird bitirib. 2010-2011-ci dərs ilində I sinif şagirdlərinin sayı 120420 nəfər olub. Bu göstərici 2009-2010-cu tədris ilində 118947 nəfər təşkil edib. 2011-2012-ci tədris ilində isə ümumi təhsil məktəblərinin I sinfinə 124274 şagirdin qəbul olunacağı proqnozlaşdırılır.
Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində 98113 tələbə oxuyur. Onlardan 90360 nəfəri bakalavriat, 7753 nəfəri isə magistratura səviyyəsi üzrə təhsil alır. Təhsil Nazirliyinin tabeliyindəki ali məktəblərin son kurslarında 24088 nəfər tələbə təhsil alır ki, onların da 20683 nəfərini bakalavrlar, 3405 nəfərini isə magistrlər təşkil edir. Özəl ali təhsil müəssisələrində bakalavriat səviyyəsi üzrə 18980, magistratura səviyyəsində isə 773 nəfər olmaqla, cəmi 19753 tələbə təhsil alır.
"Son zəng" tədbiri bu gün saat 10:00-dan başlayaraq üç saat müddətində 13:00-dək yalnız təhsil müəssisələrinin ərazisində keçirilib. "Son zəng" tədbirləriniz izləmək üçün biz də SİA olaraq bir neçə məktəbdə olduq. Bakı şəhərinin 7, 8 və 23 saylı məktəblərinin hər birində bu tədbirlər müxtəlif formada və quruluşda təşkil olunmuşdu. Bu tədbirləri izlədikdən sonra məktəb direktorlarının, məzunların, müəllimlərin, valideynlərin təbriklərini sizə çatdırırıq.
Məzunların təbrikləri:
8 saylı məktəbin 11a sinfinin məzunu Qasımov Səyyad
Mən arzu edirəm ki, hamı istədiyinə nail olsun. Mənimlə bərabər bütün məzunlar da ali mətəblərə qəbul olsunlar və öz gələcək həyatlarını qursunlar. Bu gün 11 il təhsil aldığım orta məktəbi başa vururam. Təbii ki, həyacanlıyam, məktəbi bitirdiyimə görə həm kədərlənirəm, həm də sevinirəm.
8 saylı məktəbin 11b sinfinin məzunu Əfəndiyev Tələt
Bütün məzunlar kimi, mən də çox xoşbəxtəm ki, məktəbi bitirirəm. Hamıya da arzumuz budur ki, məktəbi bitirib ali məktəblərə qəbul olsunlar.
8 saylı məktəbin 11c sinfinin məzunu Köçərli Gülşən
Həm çox sevinirik, həm də çox üzülürük ki, məktəbi bitiririk. Amma daha çox sevinirik, çünki orta məktəbi bitirib inşallah, ali mətəbə qəbul olacaq və yeni həyata başlayacağıq. Bütün məzunlara da arzu edirik ki, ali məktəblərə qəbul olsunlar.
23 nömrəli məktəbin 11 c sinfinin məzunu Fərəczadə Səidə
Belə gün insanın həyatında bir dəfə olur. Bunun üçün çox sevinirəm, xoşbəxtəm. 11 il ərzində bizim üzərimizdə əziyyəti olan müəllimlərə, məktəbimizin direktoruna təşəkkürlərimi bildirirəm. Arzularım odur ki, bütün məzunlar orta məktəbi uğurlu bitirərək attestat alsınlar, sonra isə ali məktəblərə qəbul olsunlar.
7 saylı məktəbin 11q sinfinin məzunu Məmmədov Türkeş
Ən xoş, şirin xatirələrimizin yaşandığı məktəbdən ayrılırıq. Bu bizim üçün çox üzücüdür. Ancaq nəzərə alsaq ki, biz orta məktəbi bitirməklə yeni həyata başlayırıq, o zaman sevinməyə dəyər. Bu həyatda hər kəsə, bütün məzunlara da uğurlar arzulayıram. İnşallah hər kəs istədiyi yüksək yerlərə, ali məktəblərə uğurlu nəticələr göstərərək qəbul olarlar.
7 saylı məktəbin 11q sinfinin məzunu Axundova Solmaz
Bu gün bizim üçün çox sevincli bir gündür. Çünki bugün biz orta məktəbi bitiririk. Başda bütün sinif yoldaşlarım olmaqla bütün məzunlara uğurla attestatlarını almalarını və ali məktəbə qəbul olmalarını arzulayıram. 11 il bir yerdə oturduğum, sevincmizi, kədərimizi bir yerdə böldüyümüz şagirdlərdən ayrılmaq çox çətindir. Amma bunun da öz sevinci var. Çünki biz artıq orta məktəbi bitirib ali məktəbə qəbul olmağa hazırlaşırıq. Bu baxımdan bizim üçün bu gün həm kədərli, həm də sevinclidir.
7 saylı məktəbin 11b sinfinin məzunu Aysel Mustafayeva
Bu gün çox xoşbəxtik ki, məzun olmuşuq. Bütün məzunları təbrik edirəm və onlara tələbə adını qazanmağı arzulayıram. Bir tərəfdən kövrəlirik ki, çoxdandır doğmalaşdığımız məktəbdən ayrılırıq, bir tərəfdən də yeni həyata atıldığımız üçün sevinirik. Bir sözlə, son zəng sevinc dolu kədərə bərabərdir.
Müəllimlərin arzuları:
7 saylı orta məktəbin hərbi rəhbəri, Azərbaycan Respublikasının müharibə veteranı, ehtiyatda olan polkovnik-leytenant Firdovsi Xəlilov
Şagirdlərimə ilk növbədə böyük elmi bilik, səbr və durmadan, dönmədən Azərbaycanımız haqqında düşünməyi arzulayıram. Onlar lazım olarsa, hər an əldə silah götürüb vətənimizin torpaqlarını işğaldan azad etməyə hazır olsunlar.
11 v sinfinin sinif rəhbəri Afət Əsgərova
Bu gün mənim üçün həm sevincli, həm də kədərli gündür. Çünki mənə əziz, doğma olan şagirdlərim11-ci sinifi qurtarır, gənclik həyatına qədəm qoyurlar, bütün məzunları təbrik edirəm və arzu edirəm ki, onlar tezliklə attestat, sonra tələbə bileti alsınlar. Gələcəyə layiq ziyalı, ali gənclər olsunlar. Gələcəkdə Azərbaycanın ən fəal gənclərindən biri olsunlar.
Valideyn təbriki:
Mən bir valideyn, nənə kimi fərəhlənirəm ki, nəvəm 11-ci sinfi bitirir. Arzulayardım ki, o xalqımızın layiqli oğlu olsun. Ali məktəbə qəbul olsun və şərəfli ad daşısın. Bütün məzunlar, o cümlədən bizim balamız öz ailəsinə, xalqına layiqli övlad olsun və səsi hər zaman yüksəklərdən gəlsin.
Məktəb direktorlarının arzuları və diləkləri:
8 saylı məktəbin direktoru Aytən Baxşəliyeva
Bu il məktəbimizi 101 məzun bitirir. Məzunların 20 nəfəri Azərbaycan, 81 nəfəri isə rus bölməsinin şagirdləridir. Məktəbimizin uğurları çoxdur. İlk növbdə artıq məktəbin 11 sinif şagirdi Əliyeva Nərmin "LG Bilik Akademiyası", "Xəmsə", "Virtual Rinq" telemüsabiqələrinin qalibi olub, ona görə də Nərminə fərqlənmə ilə attestat verilir. Hər il məktəbimizi bitirən məzunlar 500-600 baldan yuxarı nəticə göstərir. Ötən il məktəbimizin məzunlarından biri 685 bal toplayaraq prezident təqaüdünə layiq görülüb. Bu il məktəb "İlin ən yaxşı məktəbi" müsabiqəsində iştirak edib. Məktəbimizin 2 müəllimi Berlində keçirilən "İnnovativ məktəb-2010" müsabiqəsində Azərbaycanı təmsil edib. Hər il müəllimlərimiz "İlin ən yaxşı müəllimi" müsabiqəsində iştirak edərək qalib gəlirlər.
Builki məzunlara da arzulayıram ki, yaxşı qiymətlərlə imtahanları verərək məktəbi uğurla bitirsinlər və ali məktəblərə qəbul olsunlar.
23 saylı məktəbin direktoru İradə Rəhimli
Bu il məzun olan şagirdləri böyütdüyünə və onlara layiqli səviyyyədə yetişdirdiyinə, təhsil verdiyinə görə, valideynlərə, məktəbin müəllimlərinə təşəkkürlərimizi bildirirəm. Çətin, şıltaq olan məzunlarımızı 11 illik məktəb dövrünün başa vurduğu üçün onları təbrik edir və onlara gələcək həyatlarında uğurlar arzulayıram. Onların həyatda qazanacağı hər bir uğur mənim sevincimdir. Arzu edərdim ki, bu məzunlar vətənimizin kayiqli övladları olsunlar, çünki bu vətənin sizlərə çox böyük ehtiyacı var.
7 saylı məktəbin direktoru Gülnaz Mehdizadə
Bu il məktəbimizin 83-cü buraxılışıdır. Cari il məktəbi 4 sinif üzrə 80 məzun bitirir. Onlar yalnız Azərbaycan bölməsidir. Məktəbimizin rus bölməsi üzrə təhsil alanlar hələ VI siniflərdədir, ondan yuxarının hamısı Azərbaycan bölməsi üzrə təhsil alır. Ümid edirik ki, onlar sabah məktəbimizin başını uca edə biləcəklər. 11 il ərzində bu şagirdlərin üzərində həm valideynləri, həm də məktəb şagirdləri tərəfindən çox əziyyətlər çəkilib. Arzu edərdik ki, bütün bu əziyyətlərin qarşısında Azərbaycan üçün gərəkli, hərtərəfli inkişaf etmiş, ölkəmizin başını yüksək edən bizim fəxr edə biləcəyimizi bir vətəndaş olsunlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB