“Məlumunuz olduğu kimi, 2020-ci ilin mart ayından etibarən demək olar ki, ölkəmizdə pandemiya ilə əlaqədar olaraq distant formalı təhsilə üz tutulub. Distant forma həm təhsil alanlara, həm də təhsil verənlərə bəzi məqamlarla bağlı dəstək olub. Belə ki, informasiya texnologiyalarına yad olan şəxslər (bu daha çox təhsil verənlərə şamil olunur) bu vərdişi özlərinə aşıladılar və müəyyən qədər biliklər əldə etdilər. Şagirdlər isə uzaqdan idarəetmə əsasında olan təhsilə yönəldilər. Yəni, onlar artıq distant formada təhsil hansı xüsusiyyətlərə malikdir, distant təhsilin nə kimi üstünlükləri var və bu kimi suallara aydınlıq gətiriblər”. Bu sözləri SİA-ya açıqlamasında təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi deyib.
Onun sözlərinə görə, şagirdlər onlara çatdırılacaq biliyi distant formada maksimum əldə edə bilməyiblər: “Çünki, ənənəvi təhsildə şagirdlərin dərsi mənimsəmə səviyyəsini 90-95 faiz dəyərləndirirdiksə, distant formalı təhsildə bu təəssüflər olsun ki, 55-60 faizdir. Bundan əlavə, distant təhsil onların sağlamlıqlarına da ciddi mənada təsir göstərir. Burada gözlərin monitor arxasında uzun müddət qalması, zəifləməsi, bədənin şüa alması və daimi olaraq 5-6 saat dərslərə qoşulmaq istənilən halda onlara mənfi təsir edir. Bu distant təhsilin mənfi tərəfləridir”.
Elçin Əfəndi sözlərinə belə davam edib: “Distant təhsilin mənfi tərəfləri ilə yanaşı müsbət tərəfləri də var. Hansı ki, pandemiya və müharibə şəraiti kimi təhlükəli vəziyyətdə distant təhsilin olması çox yaxşıdır və vacibdir. Çünki, şagirdlər bu kimi hallarda təhsildən geri qala bilməzlər. Onlar üçün bu hallarda yeganə çıxış yolu distant formalı təhsildir. Biz çalışmalıyıq ki, qarşıdakı dövr ərzində distant təhsili daha da inkişaf etdirək ki, ən azından növbəti belə hallar yaşananda daha hazırlıqlı olaq. Düşünürəm ki, ən azından vətəndaşların bu kimi hallarda müəyyən fənnlərin mənimsənilməsi üçün distant təhsilə ehtiyyacı var. Həmçinin, ucqar rayonlarda yaşayan, Bakı şəhərinə gəlib-gedə bilməyən, ailəli və uşaqlı şəxslər, işləyən təbəqə üçün distant təhsil saxlanılmalıdır və üzərində təkmilləşdirmə aparılmalıdır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB