Şagirdlər özləri üçün su gətirməyə utanırlar - NARAZILIQ - TƏHSİL EKSPERTİ DANIŞDI

Şagirdlər özləri üçün su gətirməyə utanırlar - NARAZILIQ - TƏHSİL EKSPERTİ DANIŞDI

“İlk növbədə qeyd edim ki, bu il 9-cu siniflər üçün keçirilən imtahan yeni modeldir və bizim şagirdlərimiz pandemiya səbəbindən müəyyən qədər tədris prosesindən kənarda qalıblar. Əlbəttə, 9-cu sinif şagirdləri üçün yeni model test imtahanı müəyyən qədər özündə çətinlikləri əks etdirir. Prosesin çətinliklərini hissə-hissə bölsək, ilk növbədə orta təhsil məktəblərinin 9-cu sinfində təhsil alan şagirdlər imtahana gedən zaman elə imtahan binasının qarşısında ən azı yarım saatdan çox gözləyirlər. Hesab edirəm ki, burada mütləq şəkildə şagirdlər daha sürətli və çevik olaraq imtahanda iştirak etməlidirlər. Biz bu gün baxırıq ki, imtahan Gəncədə, Şəkidə, Lənkəranda, Abşeronda, Ağsuda, Ağdaşda, Bərdədə, Qazaxda, Qusarda və digər ərazilərdə keçirilib ki, burada şagirdlər imtahana 10:45 də buraxılırlar. Bəzən onlar imtahan keçirilən binanın qarşısında bu istidə saatlarla gözləyirlər. Bu cür istidə gözləmək şagirdlərə mənfi təsir edir. Həmçinin, əsasən şagirdləri imtahan məkanına yoxlayıb buraxan şəxs tək olur ki, bu da növbənin uzanmasına gətirib çıxarır. Hesab edirəm ki, bu problemlərin aradan qaldırılması üçün bir neçə məsul şəxs olmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, çox təəssüf ki, imtahan binalarının havalandırılması ilə bağlı da problemlər var: “Hava tempraturu içəridə yüksək olur. Digər tərəfdən şagirdlər bəzən özləri üçün su gətirməyə utanırlar. Hesab edirəm ki, imtahan binasında şagirdlər su ilə təmin edilməlidir. Həmçinin, şagirdlər imtahana gələrkən həyəcandan buraxılış vərəqəsini və yaxud da hər hansı bir sənədi unudurlar. Bunun üçün imtahan binasında bir nəfər məsul şəxs olmalıdır ki, sənədini unutmuş şagirdlərin imtahan vərəqəsini çap etsin”.

Ekspert sözlərinə belə davam edib: “Digər tərəfdən imtahanda xarici dillə bağlı dinləmə mətnləri problemidir ki, bu məsələnin aradan qaldırılması üçün tədbirlər görülməlidir. Mən düşünürəm ki, bu məsələnin aradan qaldırılması üçün mütləq şəkildə şagirdlərə bir neçə dəfə dinləmə mətnlərini eşitmək imkanı verməliyik. Çünki, bu tipli test tapşırıqlarını həll etmək üçün şagirdlər bir il məktəbdə olmayıblar. Yəni, onlayn rejimdə bu bacarıqları etmək çox çətindir. Digər tərəfdən təqdim edilən test tapşırıqları daha asan olmalıdır. Çünki, 1 il ərzində xüsusilə riyaziyyat fənni ilə bağlı keyfiyyətli dərs almaq mümkün olmayıb. Bu problemin aradan qaldırılması üçün biz daha çox asan və orta tipli test tapşırıqları verməliyik ki, bu onlara motivasiya olsun. Çünki, 9-cu sinif şagirdi yüksək qiymətlərlə təhsil almalıdır”.

Kamran Əsədov onu da qeyd edib ki, daha çox qapalı testlərə üstünlük verilməlidir: “Doğrudur, açıq tipli test tapşırıqlarının sayı azdır. Bütün hallarda isə pandemiya dövründə imtahan keçirilməsini nəzərə almaq lazımdır. Digər tərəfdən hansısa şagirdin bədən tempraturu 37 dərəcə və daha artıq olarsa, onlar imtahan binasına buraxılmır. Bu tipli şagirdlərin təhsil alma hüququ məhdudlaşmamalıdır. Bunun üçün ayrıca imtahan otaqları təşkil edilməlidir. Əgər onlar özlərini yaxşı hiss edirlərsə, fərdi otaqda imtahanda iştirak etmək üçün şərait yaradılmalıdır. Bu gün 18 min 600 nəfərdən çox şəxs imtahanda iştirak edəcək. Biz imkan vermərik ki, bədən tempraturu yüksək olan şəxs imtahandan kənarda qalsın”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə