Ali təhsil müəssisələrinə ixtisas seçimi iyulun 24-dən avqustun 2-dək internet vasitəsilə aparılacaq

Ali təhsil müəssisələrinə ixtisas seçimi iyulun 24-dən avqustun 2-dək internet vasitəsilə aparılacaq

2011-2012-ci tədris ili üçün ali təhsil müəssisələrinə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra bütün ixtisas qrupları üzrə iyulun 24-dən avqustun 2-dək internet vasitəsilə aparılacaq. SİA-nın xəbərinə görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK ) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, müsabiqəyə I, II və IV ixtisas qruplarında ümumi balı 250-dən, III ixtisas qrupunda ümumi balı 300-dən, hər bir imtahan fənni üzrə isə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər buraxılacaqlar. Onun sözlərinə görə, ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.

"Azərbaycan Diplomatik Akademiyasının "Beynəlxalq münasibətlər" və "Biznesin idarə edilməsi" ixtisaslarını yalnız ərizələrində imtahan verəcəyi xarici dil kimi ingilis dilini qeyd edən və ümumi balı 400-dən az olmayan abituriyentlər seçə bilərlər. Azərbaycan Dövlət Aqrar Universitetinin IV qrupa daxil olan ixtisaslarını seçmək üçün abituriyentlərin fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmayacaq. Bakı İslam Universitetinin ixtisaslarını ümumi balı 150-dən az olmayan və iyulun 7-dən 13-dək bu təhsil müəssisəsində yaradılan dini-psixoloji komissiyadan müvəffəqiyyətlə keçən abituriyentlər seçə bilərlər. Dövlət sifarişi ilə qəbul aparılan yerləri seçmək üçün qoyulan tələblər qəbul imtahanlarının nəticələri elan olunduqdan sonra müəyyənləşəcək. İxtisas seçmək hüququ olan abituriyent ali təhsil müəssisələrinin eyni ixtisas qrupuna aid olan 15-ə qədər ixtisas kodunu qeyd edə biləcək. Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız qabiliyyət imtahanı üzrə yekun nəticəsi və test imtahanında topladığı ümumi balı TQDK tərəfindən müəyyən edilən tələblərə uyğun olan abituriyentlər seçə bilər. Test imtahanına daxil olan fənlər üzrə cavablara nisbi bal məhdudiyyəti qoyulmur", - deyə o əlavə edib.

Builki müsabiqə vəziyyətinə gəlincə, TQDK sədri qeyd edib ki, cari il II və IV qrup üzrə yüksək müsabiqə vəziyyəti gözlənilir. Hər bir qrupda müsabiqə vəziyyəti olan ixtisasların olduğunu deyən M.Abbaszadə bildirib ki, ən əsas müsabiqə dövlət sifarişli yerlərə aid olacaq.

Rusiya universitetlərinə keçirilən qəbul imtahanlarınınm nəticələrinə gəlincə, komissiya sədri baş tutan imtahanlar nəticəsində ümumilikdə 31 nəfərin uğur qazandığını söyləyib. Onun sözlərinə görə, imtahanlardan sonra I qrup üzrə 10, II Və IV qrup üzrə 1, III qrup üzrə isə 2 yer boş qalıb: "Hər zaman olduğu kimi bu yerləri Rusiyadakı Azərbaycan diasporasına təqdim etdik. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi ilə birgə boş qalan yerlərə imtahan keçirəcəyik. Bu imtahanın vaxtı hələlik məlum deyil. Ancaq bu imtahan nəticəsində Rusiyada yaşayan azərbaycanlılar da bu universitetlərdə təhsil almaq şansı əldə edəcək".

Müsabiqədən kənar olaraq ali məktəblərə qəbul olmaq istəyən dünya fənn olimpiadaları, incəsənət və idman müsabiqələrinin qaliblərinin sayı barədə də məlumat verən TQDK sədri bildirib ki, bunun üçün 88 nəfər müraciət edib.

"Müraciət edənlər arasında idmançılar üstünlük təşkil edir. Belə ki, müsabiqədən kənar ali məktəblərə qəbul olmaq üçün 84 idmançı müraciət edib. Bu rəqəmlər araşdırılır, Gənclər və İdman Nazirliyi ilə müzakirə olduqdan sonra yekun nəticəyə gəlinəcək. Bundan əlavə, 3 nəfər incəsənət istiqaməti üzrə, 1 nəfər isə biologiya fənni üzrə dünya fənn olimpiadası qalibi sənəd verib".

Bütün xəbərlər Facebook səhifəmizdə