“Təhsildə Gender Məsələləri” mövzusunda elmi-praktik seminar keçirilib

“Təhsildə Gender Məsələləri” mövzusunda elmi-praktik seminar keçirilib

Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində "Təhsildə Gender Məsələləri" mövzusunda elmi-praktik seminar keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİRK) sədr müavini Şaiq Əsgərov bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra insan hüquqları ilə bağlı bir sıra qanunlar qəbul edilib, eləcə də bu istiqamətdə bir sıra konvensiyalara qoşulub. Onun sözlərinə görə, 2000-ci ildə Milli Fəaliyyət Planı qəbul edilib ki, burada həm dövlət, həm də QHT-lərin fəaliyyəti nəzərdə tutulur.

Qadınların sağlamlığının yaxşılaşdırılması ilə bağlı müxtəlif tədbirlərin həyata keçirildiyini deyən Ş.Əsgərov vurğulayıb ki, bu istiqamətdə hələ də problemlər var: "Qadınların ictimai-siayasi fəaliyyəti ilə bağlı məqamlar var. Bu gün qadınlar elm sahəsində yüksək vəzivələrdə az təmsil olunur. Torpaqlarımızın erməni işğalçıları tərəfindən zəbt olunması nəticəsində təhsil sistemimizə güclü ziyan dəyib.Əksəriyyətini qadınlar təşkil edən müəllimlər qaçqın vəziyyətindədir. Nəticədə qızların təhsil almasında problemlər yaranır".

Gender məsələləri hər bir cəmiyyət üçün aktual məsələ olduğunu deyən AQUPDK-nin sədr müavini Aynur Sofiyeva bildirib ki, bu həm də demokratiyanın göstəricisidir. Azərbaycanda bunun dövlət siyasətinin priopritet istiqamətlərindən olduğunu deyən sədr müavini tarixən ölkəmizdə qadınlara böyük hörmət olunduğunu söyləyib. Onun sözlərinə görə, məşğulluq və bir sıra sistemlərdə qadınların öz fəallığının olması vacibdir.

AHİK-nin Gender bərabərliyi və qadın problemləri mərkəzinin sədri Cəmilə Səttarova isə konfederasiyanın təhsil işçilərinin problemləri istiqamətində işlər gördüyünü söyləyib. O qeyd edib ki, ölkədə gender bərabərliyinin əsasları Azərbaycan Respublikası Konstitusiyasında qoyulub: "Bundan əlavə, ölkədə qadın hüquqlarını qoruyan qanunvericilik bazası mövcuddur. Lakin o da məlumdur ki, əhalinin, o cümlədən qadınların bir çox hallarda qanunlar və onlara verilən hüquqlar barədə lazımi dərəcədə məlumatları olmur və buna görə də onlar yeri gələndə öz mənafelərini müdafiə edə bilmirlər".

Gender Araşdırmaları Mərkəzinin (GAM)rəhbəri, tarix elmləri namizədi, dosent Diana Cəfərova "Gender yanaşması:problemlər və perspektivlər" mövzusunda çıxış edib. O bildirib ki, ən qədim dövrlərdən öz mövcudluğunu kişilərin və qadınların düşüncələrində sürdürən gender anlayışına mütəxəssislər fərqli izahlar verir və bu, ailmlərin gərgin diskussiya predmetidir.

Nikah-ailə sferasına gəldikdə D.Cəfərovanın sözlərinə görə, rəsmi qeydə alınan nikahların sayı 2010-cu ildə şəhərdə 41592, kənd yerlərində 37580 olub.

"Nikahda olan qadınlar tərəfindən doğulan uşaqlar 140258, qeyri-rəsmi nikahdan isə 25385 olub. Təhsilə gəldikdə isə 2010/2011-ci ill tədris ilinin əvvəlinə şagirdlərin ümumi sayında qızların xüsusi çəkisi 46,3 faiz təşkil edib. Oğlan və qız abituriyentlərin bölgələr üzrə paylanmasına gəldikdə isə 2010-cu ildə şimal bölgəsində qızların sayı oğlanlardan üstünlük təşkil edir ki, cənub bölgəsində isə bu, əksinədir. 2009/2010-cu il tədris ilinin əvvəlinə tam orta təhsil verən məktəblərdə rəhbər işçilərin sayına gəldikdə 2,8 faiz qadın, 9,7 faiz kişilər təşkil edir. Eləcə də dövlət ali təhsil müəssisələrində rektor- 8,6 faiz qadın, 91,4 faiz kişilərdir. 2010-cu ilin əvvəlinə akademiklərin sayına gəldikdə isə cəmi 3 nəfər qadın var. Gender bərabərliyinin irəliləməsinin effektiv təminatı üçün potensialın qaldırılması, gender məsələləri üzrə cavabdeh olan məsul şəxslərin cəlb olunması, cəmiyyətin maarifləndirilməsi, gender monitorinq indikatorlatrının hazırlanması lazımdır", - deyə o əalvə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə