"Repititorluğun genişlənməsi fəsadlara yol açacaq" TƏHSİL EKSPERTİ İRADINI BİLDİRDİ
“Nəzərə çatdırım ki, SSR dövrünü nəzərə alsaq, o dövrdə də müxtəlif fənnlərdən şagirdlər hazırlığa gedirdilər. Yəni, repetitor fəaliyyəti o dövrdə də var idi. Hansısa fəndən zəifliyi olan şagirdlər mütləq repetitor fəaliyyətinə üz tuturdular. Əvvəl repetitorluq, hazırlıq kursları və tədris mərkəzləri bu qədər inkişaf etməmişdi. Lakin, 2000-ci ildən bu günə qədər təəssüf hissi ilə qeyd edirəm ki, ölkəmizdə təhsilin səviyyəsinin aşağı olması repetitor fəaliyyətinin daha da çiçəklənməsinə gətirib çıxarıb. Bu da hər bir Azərbaycan Respublikası vətəndaşının təhsil hüququnun pozulmasının nəticəsidir. Çünki, konstutisiyon olaraq hər birimizin pulsuz təhsil almaq hüququmuz var. Lakin, təəssüflər olsun ki, bu pulsuz təhsili biz orta təhsil müəssisələrində keyfiyyətli formatda əldə etmədiyimiz üçün repititor və hazırlıq kurslarına üz tuturuq. Bunun nəticəsində də, qarşıdakı dövrlərdə kütləvi şəkildə savadsızlıq müşahidə olunacaq. Hər ailənin büdcəsi imkan vermir ki, uşaqları repetitor yanına üz tutsun. Yəni, ölkədə təhsil alanların 5-6 faizi ideal imkana sahibdirsə, yerdə qalan müəyyən qədər orta imkana sahibdir və hazırlığa gedir. Biz geridə qalanı düşünməliyik. Onlar yalnız dövlətin ümumtəhsil müəssiələrində dərslər zamanı əldə etdikləri bilik əsasında müsabiqədə iştirak edirlər. Təsəvvür edin ki, repetitorlar və hazırlıq kursları olmasa, dövlətin təhsil müəssiələrində oxuyan şagirdlərin nəticəsi sıfır olar. Çox bərbad bir vəziyyətdir. Orta ümumtəhsil müəssiələrində təhsilin keyfiyyəti olduqca aşağıdır. Bu da repetitor fəaliyyətinin artmasına gətirib çıxarır. Yekunda da təhsil bərbad durumla qarşı-qarşıya qalır”. Bu sözləri SİA-ya açıqlamasında təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi deyib.
Onun sözlərinə görə, bəzi müəllimlər tərəfindən fikirləri yalnış anlaşılır: “Onlar elə başa düşür ki, biz bu açıqlamanı verdiyimiz zaman onlarla hər hansı şəxsi qərəzlik edirik. Bu heç də belə deyil. Yəni, burada heç kim öz cibini və mənafeyini deyil, millətin balalarını düşünməlidir. O baxımdan ki, hamımız əl-ələ verib təhsilin dirçəlməsinə səbəb ola bilərik. Çünki, bu şəkildə rəqabətin olması inkişafa nail olmağa imkan yaradar. Bu günləri biz repititor və hazrılıq kursları sayəsində yüksək ballar görürük. 600-700 bal toplayan şagirdlərin hamısı repetitor yanına getmiş uşaqlardır. Bəziləri də yüksək səviyyəli özəl liseylərin şagirdləridir. Yəni, biz məsələlərin qarşısını almaq üçün çalışmalıyıq ki, orta ümumtəhsil müəssisələrində çalışan müəllimlərin əmək haqqını yüksək edək. Yəni, şagirdlərin sırf dövlətin təhsil müəssisələrində keyfiyyətli təhsili təmin olunmalıdır. Həmçinin, müəllimlərə nəzarət olmalı, onların dərsdən kənar repetitor fəaliyyəti ilə məşğul olmaları mütləq izlənilməlidir. Bir də ixtisası tamamilə fərqli olan müəllimlər var ki, onlar da repetitor fəaliyyəti ilə məşğul olurlar. Yəni, mexanikanı bitirən müəllimin biologiyadan dərs tədris etməyi biyabrçılıqdır”.
Ekspert sözlərinə belə davam edib: “Bizim verdiyimiz təhsilə inamımız yoxdur. Söhbət dövlət ümumtəhsil müəssisələrindən gedir. Məktəbəqədər 3-4 yaşlı uşaqları hazırlığa qoyuruq ki, orta ümumtəhsil müəssisəsinə qəbul olsun. İbtidai sinifdə də həmçinin, yenidən hazırlığa göndəririk ki, yuxarı siniflərə adlaya bilsin. Yuxarı siniflər də buraxılış və universitet imtahanlarından keçmək üçün repetitor yanına üz tutur. Bundan sonra bakalavrı bitirib magistratura imtahanı vermək üçün hazırlaşırlar. Sonra da dövlət qulluğu gəlir. Siz təsəvvür edin ki, bizim verdiyimiz təhsilə o qədər inamsızlığımız var ki, hər birində mütləq imtahan etməliyik. Bu birbaşa inamsızlığın nəticəsidir. Demək ki, keyfiyyətli təhsil verilmir. Belə olan halda da hər kəs repetitora üz tutur. İmkanı olmayan da aşağı balla zəif yerə qəbul olur. Bunun üçün dövlət mütləq addım atmalıdır. Bu ildən etibarən ibtidai siniflərdə 20-25 nəfərdən ibarət qrupların formalaşması, bu şəkildə davam edərsə mütləq nəzarət altına alınmalıdır. Bu ildən etibarən ibtidai siniflərdə 20-25 nəfərdən ibarət qrupların formalaşması, gələcəyə ən azı ümid verir. Bu hazırlıq qrupları özünü doğrultsa, gələcəkdə repetitorlara və hazırlıq kurslarına bir o qədər ehtiyac qalmayacaq".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB