Mayın 25-də ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov Norveçin Azərbaycandakı səfiri Erlinq Skjonsberq, həmçinin Norveçin Oslo Universitetinin nümayəndələri ilə görüşdü. ADU-nun İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovanın SİA-ya verdiyi xəbərə görə, görüşdə ADU-nun Norveç universitetləri ilə əlaqələri, xüsusən Norveçin Oslo Universiteti ilə Dillər Universiteti arasında olan mövcud əməkdaşlıq və bu əməkdaşlığın gələcək inkişafı haqda fikir mübadiləsi aparıldı.
ADU ilə Oslo Universiteti arasında əlaqələrin getdikcə daha da artdığını deyən rektor Səməd Seyidov bunun digər universitetlərə nümunə ola biləcəyini dedi. İndiyədək Oslo Universiteti ilə bir sıra layihələrin həyata keçirildiyini deyən Səməd Seyidov bildirdi ki, gələcək əməkdaşlıq məsələlərini müzakirə etmək çox əhəmiyyətlidir. "Norveçlə əlaqələrimiz çox vacib layihədir və bu layihənin davamlılığı hər iki tərəf üçün məqsədə uyğundur." - deyə o, vurğuladı.
Rektor Səməd Seyidov bir daha söylədi ki, biz bu əməkdaşlıq nəticəsində çox iş görmüşük. Oslo Universiteti ilə ADU arasındakı əməkdaşlıq buna misaldır."
Erlinq Skjonsberq layihənin davamlılığını dəstəklədiklərini bildirdi. Bundan öncə Təhsil Nazirliyində görüş keçirdiklərini deyən səfir nazirliyin də bu layihəyə böyük əhəmiyyət və dəstək verdiyini dedi. Səfir həmçinin, tələbə-müəllim mübadiləsinin vacibliyini vurğuladı.
Səməd Seyidov öz növbəsində əməkdaşlıq layihəsinin davamlılığının saxlanmasının mühüm olduğunu dedi. O, ADU-da fəaliyyət göstərən norveçli mütəxəssislərdən razılığını ifadə edərək səfirə bu işdə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirdi.
Görüşdə, eyni zamanda, bu ilin oktyabrında ADU-da keçirilməsi planlaşdırılan və Norveç - ADU əməkdaşlığına xidmət edəcək beynəlxalq konfrans - Tur Heyerdala həsr olunmuş konfrans haqda da fikir mübadiləsi aparıldı. Konfrans Azərbaycan Dillər Universiteti və Oslo Universiteti tərəfindən təşkil ediləcək. Konfransın keçirilməsinin məqsədi Tur Heyerdalın nəzəriyyələrini müzakirə etməkdən ötrü müxtəlif ekspertiza sahələrindən olan alimləri bir araya gətirməkdir.
Xatırladaq ki, Tur Heyerdal tanınmış norveçli səyyah, etnoqraf və alim-antropoloqdur. Məşhur Kon-Tikki ekspedisiyası ilə Cənubi Amerikadan Tomatu adalarına qədər 7000 km-lik məsafəni sadəcə sal üzərində keçməklə dünyanı təəcübləndirmişdir.
Tur Heyerdal həmçinin Azərbaycanda da məşhurdur. O 1980 və 2000-ci illərdə müxtəlif vaxtlarda Azərbaycanda olmuşdur. O özünün "Odinin axtarışı ilə" adlı kitabında vikinqlərin köklərinin Azərbaycanda axtarılmasının lazım gəldiyini faktlarla göstərmişdir. T.Heyerdal demişdi ki, Azərbaycan özünün qədim mədəniyyəti ilə fəxr etməlidir. Azərbaycanın mədəniyyəti Çin və Mesopotomiyanın mədəniyyəti qədər zəngin və qədimdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB