MEK-də “Heydər Əliyev və Azərbaycanda kitabxana işi” adlı lektoriya keçirilib TƏDBİR+FOTOLAR

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Heydər Əliyev lektoriyasının "Heydər Əliyev və Azərbaycanda kitabxana işi" adlı növbəti məşğələsi keçirilib. AMEA Mərkəzi Elmi Kitabxanasının İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya daxil olan məlumata görə, iştirakçılar öncə müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin MEK-in foyesindəki büstünün önünə əklil qoyaraq Dahi Liderin əziz xatirəsini yad ediblər. Sonra MEK tərəfindən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə hazırlanmış video izlənilib.

Lektoriyanı giriş sözü ilə MEK-in baş direktoru, professor Məmməd Əliyev açaraq Dahi Liderin respublikaya rəhbərlik etdiyi dövrlərdə gördüyü işlərdən, eləcə də kitabxana sahəsinə göstərdiyi xüsusi qayğısından, əvəzsiz xidmətlərindən söhbət açıb. Baş direktor qeyd edib ki, fenomen şəxsiyyət Heydər Əliyevin fəaliyyəti dövründə kitabxanaların hüquqi bazası möhkəmləndirilib və bu fəaliyyət hazırda cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. "30 ildən artıq işğal altında qalan torpaqlarımızda erməni vəhşiliyi nəticəsində mədəniyyət abidələrimiz, kitabxanalar məhv edilib. Həmin abidələr sırasında elm məbədi adlandırdığımız kitablar da var. Şuşa başda olmaqla işğaldan azad edilən torpaqlarımızda yeni infrastruktur layihələri həyata keçiriləndən sonra heç şübhəsiz ki, kitabxanalar, məktəblər, kolleclər, elmi-tədqiqat institutları və ali təhsil ocaqlarının açılacağı da istisna deyil" - deyə professor Məmməd Əliyev vurğulayıb.

Həmçinin, baş direktor qeyd edib ki, kitabxana işinə dövlət tərəfindən xüsusi qayğının bariz nümunələrindən biri də tərkibində 2 milyona yaxın kitabların qorunub saxlanıldığı MEK-in müasir standartlara cavab verən texniki avadanlıqlarla təchiz edilməsidir.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının direktor müavini Kəmalə Sarıcalinskaya əvəzolunmaz Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıb.

BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin dekan vəzifəsini icra edən, filologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Cabbarlı, ADA Universiteti Kitabxanasının rəhbəri Elçin Məmmədov, BDU-nun Elmi Kitabxanasının direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Nigar İsmayılova, "Elm" nəşriyyatının direktoru, filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov, Azərbaycan Dillər Universitetinin Elmi Kitabxana-informasiya Xidməti Mərkəzinin direktoru Cəmilə Əliyeva Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycan dövlətçiliyinin bərpasında, qorunub saxlanılmasında misilsiz xidmətlərindən, Ümummilli Liderin xalqımızın rifahı naminə həyata keçirdiyi siyasi-iqtisadi islahatlardan, kitabxanaların qurulmasından və bu sahənin inkişafı üçün imzalanan Sərəncam və Qanunlardan, aparılan uğurlu islahatlar nəticəsində qazanılan nailiyyətlərdən söhbət açıblar. Qeyd edilib ki, bütün türk dünyasının böyük oğlu, fenomen şəxsiyyət Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının və kitabxana işçilərinin qəlbində əbədi yaşayacaqdır.

"Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir" kitaba belə dahiyanə dəyər verən Heydər Əliyev Məkkədən gətirdiyi "Qurani Kərim" kitabını Milli Kitabxanaya hədiyyə etmişdi" - deyən Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, Milli Kitabxananın Kitabxana-İnformasiya xidməti və beynəlxalq əlaqələr üzrə direktor müavini Ədibə İsmayılova Dahi Liderin xatirəsinin Milli Kitabxanada da uca tutulduğunu, hər zaman yad edildiyini bildirib. Ədibə İsmayılova "Azərbaycanın görkəmli şəxsiyyətləri:Heydər Əliyev-Biblioqrafiya" adlı kitabı MEK-ə hədiyyə edib.

Sonda qonaqlar MEK-in xatirə kitabında öz ürək sözlərini bölüşüblər.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...