"Azərbaycanda o şəxslərin diplomu tanınacaq ki, ..." TƏHSİL EKSPERTİ İZAH ETDİ

“İlk növbədə qeyd edim ki, Təhsildə Keyfiyyət Agentliyi kifayət qədər əvvəlki bu tipli qurumlardan şəffaf və operativ işləyir. Bu qurumun əsas funksiyası ondan ibarətdir ki, xarici ölkələrdə təhsil almış azərbaycanlıların Azərbaycan ərazisində diplomlarının tanınması, onun ekvalentliyinin müəyyənləşdirilməsi kimi funksiyanı yerinə yetirir. Yəni, bu qurum əsasən Azərbaycanda diplomların ekvalentliyini müəyyənləşdirməsi, eyni zamanda ali təhsil müəssisələrinin akkreditasiyası kimi ciddi məsələləri öz üzərinə götürüb. Etiraf edək ki, əvəllər nostrifikasiya və akkreditasiya idarəsi və ondan əvvəl də Təhsil Nazirliyinin katibliyində bu xidmətlərin həyata keçirilməsi o qədər də şəffaf deyildi. Həmçinin, ciddi narahatlıqlar və müdaxilələr var idi. Son illər Azərbaycandan kənarda təhsil almağa gedənlər onları ölkəmizə qayıdıb gəldikdən sonra diplomlarının tanınması ilə bağlı ciddi məmur müdaxiləsi ilə qarşılaşmağa vadar olurlar. Artıq, Azərbaycanda diplomların tanınması prosesi yenilənib. Əvəllər 6 aya qədər həll olunan məsələlər indi 20 gün ərzində hazırlanır”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, Təhsildə Keyfiyyət Agentliyi diplomların tanınması zamanı beynəlxalq təcrübədən yararlanır: “Yeni qaydalara görə, əvvəlki illərdə saxta şəhadətnamələrlə bağlı bir təcrübə var idi. Çox təəssüflər olsun ki, bəzi işbazlar printerdə Təhsil Nazirliyinin verdiyi dövlət şəhadətnaməsinin kopyasını çıxararaq, həmin vətəndaşlara müəyyən qədər pul müqabilində sanki nazirlik tərəfindən verilmiş şəhadətnamə kimi təqdim edirdilər. Lakin, diplomların tanınmasına tətbiq edilən yeni qaydalara görə, artıq QR kodlarla təhlükəsizlik təmin edilir. Bu da olduqca ciddi bir məsələdir. Yəni, artıq saxta şəhadətnamələr verilməyəcək. Doğrudur, rüsum məsələsi, yəni diplomların tanınması üçün ekspertizaya tələb olunan vəsait hal-hazırda 250 manatdır. Bu müəyyən qədər böyük vəsaitdir. Çünki, insanlar üçün bu qədər pulu ödəmək əlçatan deyil. Müraciət edən şəxslərə mənfi cavab verilir. Bütün hallarda isə artıq Azərbaycanda diplomların tanınmasında beynəlxalq təcrübədən istifadə edilir. Bu da kifayət qədər müsbət bir tendensiyadır ki, məmur münasibəti yoxdur. Yəni, insanlar artıq məmurlarla görüşmürlər və bütün proseslər onlayn qaydadadır. Mən düşünürəm ki, Təhsildə Keyfiyyət Agentliyi diplomların tanınması ilə bağlı yeni mühit yaradacaq.Təəssüflər olsun ki, xarici ölkələrə təhsil almağa gedən şəxslər keyfiyyətli təhsil əvəzinə, yalnız diplom almaqda maraqlıdırlar. Məhz bu amil onların həmin ölkədə sayının azalmasına gətirib çıxarır”.

Ekspert son olaraq da bunları qeyd edib: “Hal-hazırda diplomların tanınması ilə bağlı qaydalar kifayət qədər əlçatan, obyektiv və şəffafdır. Xaricdə təhsil almış şəxslər tələb olunan müddət ərzində orada olublarsa, təhsil aldıqları ali təhsil müəssisəsi həmin ölkədə rəsmi qeydiyyatla fəaliyyət göstərirsə və həmin şəxslər tədris aldıqları ölkənin dərs stilini qavrayıblarsa təbii ki, onların diplomlarının tanınması ilə bağlı heç bir problem olmayacaq. Birmənalı şəkildə hər kəs bilməlidir ki, diplomların tanınması ilə bağlı sistem hamı üçün açıqdır. Bu, bir çox şəxslərin qara bazarına mənfi təsir göstərəcək. Diplomların tanınması ilə bağlı yalnız rəsmi sayta müraciət etmək ən optimal variantdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...