Ulu Öndərin doğum gününə həsr edilmiş konfrans keçirilib FOTO

Mingəçevir Dövlət Universitetində (MDU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş “Vətən müharibəsində qazandığımız tarixi Zəfər Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda elmi-nəzəri konfrans keçirilib. SİA xəbər verir ki, “Azərbaycan təhsilinin inkişafında Heydər Əliyev fenomeninin əvəzsiz rolu” mövzusunda çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, Ümummillli lider Heydər Əliyevin genişmiqyaslı fəaliyyətində təhsilin inkişafı hər zaman prioritet sahə kimi mühüm yer tuturdu.

Nazir müavini qeyd edib ki, bütün sahələrdə olduğu kimi, Azərbaycanda təhsilin dünyanın inkişaf tendensiyalarına və beynəlxalq standartlara cavab verən hazırkı səviyyəyə çatması və inkişafında Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olub. Bu gün ölkəmizdə fəaliyyət göstərən təhsil müəssisələrinin geniş şəbəkəsi, güclü elmi-pedaqoji kadr potensialı öz mənbəyini məhz ötən əsrin 70-ci illərindən Heydər Əliyevin rəhbərliyi altında təhsil sahəsində aparılan uzaqgörən və məqsədyönlü siyasətdən alıb, həyata keçirilən genişmiqyaslı təhsil quruculuğu gələcək inkişafın güclü təməlini yaradıb. Heydər Əliyev sosial-iqtisadi və mədəni yüksəlişə gedən yolun məhz ümumi təhsildən keçdiyini dərindən bilərək əsas diqqəti bu sahəyə yönəltmiş, qısa bir zamanda ümumtəhsil məktəblərinin şəbəkəsi genişlənmiş, əsaslı keyfiyyət dəyişiklikləri baş vermişdir.

Nazir müavini deyib ki, ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə məktəb tikintisi geniş vüsət alıb, 2003-2021-ci illər ərzində 3300-dən çox məktəb binası tikilib və ya əsaslı təmir edilib, 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılıb.

Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı müstəsna xidmətlərindən danışan Firudin Qurbanov əlavə edib ki, ulu öndərin müəllim peşəsinə sonsuz diqqəti dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Daha sonra “Vətən müharibəsi Heydər Əliyev siyasətinin tarixi Qələbəsidir” mövzusunda çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ümummilli liderin xilaskarlıq missiyasından və tarixi Qələbəyə aparan yolda misilsiz xidmətlərindən söz açıb.

“İlham Əliyev: Ulu Öndərin vəsiyyətini reallaşdıran sərkərdə” mövzusunda çıxış edən millət vəkili, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Şahin Seyidzadə Ümummilli liderin tarixi ədalətin bərpa olunması istiqamətində yorulmaz fəaliyyətindən və yüksək əzmkarlığından bəhs edib. Torpaqlarımızın işğaldan azad olunması ilə Azərbaycanda yeni dövrün başlandığını vurğulayan Şahin Seyidzadə hazırda Qarabağın dirçəlişi sahəsində həyata keçirilən irimiqyaslı və sistemli tədbirlərdən danışıb.

“Heydər Əliyev: dahi şəxsiyyət və müasir Azərbaycanın qurucusu” mövzusunda çıxış edən MDU-nun rektoru Şahin Bayramov müasir Azərbaycanın memarı olan Heydər Əliyevin öz müdrikliyi və uzaqgörənliyi ilə qlobal siyasətin aparıcı simalarından biri olduğunu vurğulayıb. O, Ümummilli Liderin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırda qalibiyyətlərlə dolu yeni dövrün şanlı tarixinin yazıldığını diqqətə çatdırıb. Şahin Bayramov müasir Azərbaycanın qurucusu olan Ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərinin və zəngin irsinin öyrənilməsi, təbliği və gənc nəslə çatdırılmasının ali təhsil müəssisələri qarşısında mühüm vəzifələr qoyduğunu diqqətə çatdırıb.

Daha sonra YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov “Ümummilli Liderin siyasi portreti” mövzusunda, MDU-nun gənc müəllimi, Vətən müharibəsi iştirakçısı Qaragöz Kərimov “Heydər Əliyev ideyalarına sadiq Azərbaycan gəncliyinin Vətən müharibəsində fəal iştirakı” mövzusunda çıxışlar ediblər.

Elmi konfrans öz işini bölmə iclası ilə davam etdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə