Bakıda AMEA doktorantlarının elmi konfransı öz işinə başlayıb-TƏDBİR

Bakıda AMEA doktorantlarının elmi konfransı öz işinə başlayıb-TƏDBİR

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində AMEA doktorantlarının elmi konfransı öz işinə başlayıb. SİA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti Arif Həşimov bu konfransın ötən illərdəkindən fərqləndiyini söyləyib. O bildirib ki, konfransa təqdim olunan məruzələr əvvəlki illərə nisbətən azdır. Onun sözlərinə görə, konfransda 105 doktorant məruzə ilə çıxış edəcək.

A.Həşımov vurğulayıb ki, bu yaxınlarda AMEA-nın illik yığıncağında prezident İlham Əliyevin iştirak etməsi, sonra da akademiyanın fəaliyyətində mühüm hadisəyə çevrilən qərarların verilməsi təkcə gənclərin yox, onlara rəhbərlik edən alimlərin də qarşısında çox böyük vəzifələr qoyur.

"Artıq ölkədə doktoranturaya qəbul və onların yaradılması tam şəkildə AMEA-nın ixtiyarına verilib. Onun rəyi olmadan heç bir təşkilatda doktorantura yaradılmır. Bütün bunlar AMEA ilə razılaşdırılmıış şəkildə Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Sentyabrda doktoranturaya qəbul başa çatacaq, oktyabrın əvvəllərində isə qəbul başlayacaq. Qəbul imtahanının bir hissəsi-xarici dil və fəlsəfədən imtahanlar AMEA tərəfindən həyata keçiriləcək. Xarici dillər kafedrasının və Fəlsəfə İnstitutunun tədris planları qəbul üçün Rəyasət Heyətinin müzakirəsinə çıxarılacaq", - deyə o əlavə edib.

A.Həşimov akademiyanın fəaliyyəti barədə bəzi statistik məlumatları çatdırıb. O qeyd edib ki, akademiyada 5 min nəfərə yaxın elmi işçi çalışır: "Onların 545 nəfəri elmlər doktoru, 5116 nəfəri isə fəlsəfə doktoru-elmlər namizədidir. 221 nəfər fəlsəfə doktoru proqramı üzrə çalışır ki, onlardan da 163-ü əyani, 58-i qiyabidir. 947 nəfər dissertantın isə 420 nəfəri xarici vətəndaşdır. 2010-cu ildə 27 elmlər doktoru, 121 fəlsəfə doktoru disertasiyası müdafiə olunub".

Konfransın davamında doktorantlar öz məruzələrini səsləndiriblər.

Qeyd edək ki, üç gün davam edəcək konfrans beş bölmədə fəaliyyət göstərəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə