Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Hüseynovla görüşüb. Görüşdə BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov, tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova, ümumi işlər üzrə prorektoru Əbdül Xalıqov, beynəlxalq əlaqələr şöbəsinin müdiri Nərmin Quliyeva iştirak ediblər.
N.Əliyeva H.Hüseynovu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının Bolqarıstan Respublikasına fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilməsi münasibətilə universitetin professor-müəllim heyəti və şəxsən öz adından təbrik edib, ona gələcək diplomatik fəaliyyətində böyük nailiyyətlər arzulayıb.
Professor N.Əliyeva çıxışında bildirib ki, xalqımız Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin birbaşa rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində Qarabağ uğrunda apardığı Vətən müharibəsində möhtəşəm tarixi Qələbə qazandı. Bu böyük Qələbə hər birimizə sonsuz sevinc və qürur hissi yaşadır. Hazırda Ermənistanla diplomatiya və informasiya mübarizəsi davam edir. Hər birimiz bu mübarizədə fəal iştirak etməli, ölkə rəhbərliyinə var gücümüzlə dəstək verməliyik.
Rektor N.Əliyeva Prezident İlham Əliyevin Bolqarıstanla əlaqələrin genişləndirilməsi sahəsində həyata keçirdiyi uğurlu və səmərəli fəaliyyət barədə danışıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun Bolqarıstanda bir sıra mədəni-humanitar layihələri reallaşdırdığını, azərbaycanlı tələbələrin bolqar dilini, mədəniyyətini öyrəndiyini bildirib. Qeyd edib ki, bolqar tələbələri də dilimizi, milli-adət ənənələrimizi öyrənirlər: "BSU dünyanın müxtəlif xarici ölkələri ilə elm və təhsil sahəsində fəal əməkdaşlıq edir. Unikal ali təhsil müəssisəsi olan BSU-nun beynəlxalq əməkdaşlıq əlaqələrində Bolqarıstan xüsusi yer tutur. Bu gün BSU-da bolqar dili, tarixi, ədəbiyyatı, etnoqrafiyası tədris edilir, Bolqarıstanın məşhur universitetləri ilə BSU arasında hər il tələbə-müəllim mübadiləsi həyata keçirilir. BSU-nun nümayəndə heyəti Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində, Müqəddəs Kiril və Mefodiy adına Veliko Tırnovo Universitetində və Bolqarıstanın Milli və Dünya İqtisadiyyatı Universitetində olmuş və həmin ali təhsil müəssisələrindən xoş təəssüratlarla ayrılmışdılar. Bu dostluq və əməkdaşlıq əlaqələri hazırda uğurla davam edir. Bolqarıstanın yüksək səlahiyyətli dövlət-hakimiyyət nümayəndələri, tanınmış və nüfuzlu elm və təhsil xadimləri dəfələrlə BSU-da olublar. BSU-da Azərbaycanla Bolqarıstan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunmuş və eləcə də Bolqarıstanın Avropa İttifaqı Şurasına sədr seçilməsi münasibətilə beynəlxalq tədbir keçirilib. Hazırda BSU-da müxtəlif tədris-mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Onlardan biri də Bolqar Dili Və Mədəniyyəti Mərkəzidir".
Elmi işlər üzrə prorektor, professor Rafiq Novruzov BSU ilə Bolqarıstanın ali təhsil müəssisələri arasında mövcud olan geniş ikitərəfli əlaqələr haqqında məlumat verib.
Tərbiyə işləri üzrə prorektor, dosent Xanım Sultanova Vətən müharibəsi dövründə universitetin tələbə-gənclərinin onlayn formada Bolqarıstan gəncləri ilə əlaqə saxladıqlarını, müharibə haqqında həqiqətlərin, o cümlədən Azərbaycanın dinc mülki əhalisinin erməni terrorçuları tərəfindən soyqırımına məruz qalmasını konkret faktlar əsasında onların nəzərinə çatdırdıqlarını bildirib.Azərbaycanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri H.Hüseynov səmimi və işgüzar görüşə görə BSU-nun rəhbərliyinə təşəkkür edib və universitetin kollektivinə böyük nailiyyətlər arzulayıb. Səfir həmçinin çıxışında Bolqarıstanla Azərbaycan arasında diplomatik-siyasi əlaqələrin inkişaf etdirilməsi və Azərbaycan diasporunun fəaliyyətinin gücləndirilməsi üçün əzmlə çalışacağını qeyd edib. Səfir BSU-da bolqar dilinin və ədəbiyyatının öyrənilməsindən məmnun qaldığını qeyd edib. Görüşdə gələcək əməkdaşlıq məsələləri müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.
Sonra H.Hüseynov BSU-da fəaliyyət göstərən Bolqar Dili və Mədəniyyəti Mərkəzi ilə tanış olub. Səfir Azərbaycanın dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra Bolqarıstanla yaratdığı geniş dostluq və əməkdaşlıq əlaqələrini əks etdirən foto və eksponatlarla tanış olub. O, BSU-da Bolqar Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyət göstərməsini yüksək qiymətləndirib.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB