ADU-da “Sağlam ailənin cəmiyyətin tərəqqisində rolu” adlı tədbir keçirilib
Mayın 24-də Azərbaycan Dillər Universitetinin (ADU) 3 sayl tədris korpusunun akt zalında "Sağlam ailənin təməli sağlam fərdlərdir" layihəsi çərçivəsində "Sağlam ailənin cəmiyyətin tərəqqisində rolu" mövzusunda tədbir keçirilib. ADU-dan SİA-ya verilən xəbərə görə, universitetin Mülki müdafiə kafedrasının baş müəllimi Sədaqət Musayevanın təşkilatçılığı ilə keçirilən tədbirdə ADU-nun Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev, 2 saylı İngilis dili fakültəsinin dekanı, dosent Vəfa Bənnayeva, İngilis dilinin leksikası və ölkəşünaslıq kafedrasının müdiri, professor Məsməxanım Qazıyeva, Mülki müdafiə kafedrasının müdiri, dosent Sevda Zamanova və tələbələr iştirak edirdi. ADU-nun Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev universitetdə ənənə halını almış bu kimi tədbirlərin keçirilməsinin vacibliyini vurğuladı. Tələbələrin sağlam həyat tərzinə uyğunlaşması istiqamətində belə tədbirlərin əhəmiyyətindən danışan Ə. Əliyev maarifləndirmə işinin bu sahədə önəmli rol oynadığını diqqətə çatdırdı.
Ombdusman Aparatının Elmi-analitik sektorunun müdiri Mahir Məmmədov ölkənin əsas qanunu olan Konstitusiyada ailə hüquqları ilə bağlı bir sıra maddələrin təsbit edildiyini bildirdi. Azərbaycanda mövcud olan qanunvericilik bazasından danışan M. Məmmədov ailənin toxunulmazlığı ilə bağlı qanunvericilik sahəsində bir sıra islahatların həyata keçirildiyini qeyd etdi.
Elmi Tədqiqat Mamalıq-Ginekologiya İnstitunun elmi katibi Leyla Məmmədova isə çıxışında reproduktiv sağlamlıq haqqında geniş məlumat verdi. Yeniyetmələrin sağlamlığa diqqət yetirmədiyini bildirən L. Məmmədova bu sahədə problemlərin artdığını dedi.
Respublika QİÇS-lə Mübarizə mərkəzinin həkimi Dilşad Mahmudova isə zərərli vərdişlər, xəstəliklər haqqında gənclərin məlumatlandırılmasını müsbət hal kimi xarakterizə etdi. Onun sözlərinə görə, Azərbaycanda 2909 QİÇS daşıyıcısı var ki, bunlardan da 104 nəfəri əcnəbilərdir.
O, gəncləri alkoqoldan, narkotikadan və digər zərərli vərdişlərdən uzaq olmağa çağırdı.
Regional Psixologiya Mərkəzinin psixoloqu Murad İsayev bildirdi ki, ailə qurmazdan əvvəl tərəflər psixoloji cəhətdən buna hazır olmalıdırlar. Psixoloq yetkinlik yaşına çatmayan qızların ailə həyatı qurmasının fəsadlarından danışdı. M. İsayev erkən nikahların sonradan dəhşətli fəsadlar törətdiyini bildirdi.
"Sağlam ailə" Tibb Mərkəzinin androloqu Seymur Mehdiyev isə "Uro-androloji problemlər" adlı təqdimatla çıxış etdi. O, çıxışında kişilərdə mövcud olan xəstəliklərdən danışdı. Sonda qonaqlar auditoriyanı maraqlandıran sualları cavablandırdılar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB