Azərbaycanda təhsil sahəsində aparılan islahatlar davamlıdır - ŞƏRH

Dövlət başçısının Sərəncamı ilə Hacıqabul şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün 1,5 milyon (bir milyon beş yüz min) manat ayrılıb

Milli intibahı təmin edən ən başlıca vasitə olan təhsil cəmiyyət qarşısında dayanan bir çox əsaslı problemlərin həllində vacib rola malikdir. Dünyada gedən qloballaşma və inteqrasiya prosesləri ölkəmiz üçün yüksək elmi potensiala malik mütəxəssislərin hazırlanmasını tələb edir. İlham Əliyev Prezidentlik fəaliyyətinin ilk illərində "Neft kapitalını insan kapitalına çevirməliyik!" devizi altında təbii resurslara əsaslanan iqtisadiyyatdan biliklər iqtisadiyyatına keçidi ölkənin strateji hədəfi olaraq elan etdi. Bu illər ərizində təhsilin maddi-texniki bazasının gücləndirilməsi, onun infrastrukturunun müasir tələblər səviyyəsində təşkili və təhsilin prioritetlərinin dünya elminin inkişaf tendensiyaları istiqamətində qurulmasında əhəmiyyətli nailiyyətlər əldə edilib. Təhsil müəssisələrinin müasir informasiya və elmi-metodiki təminatı, təhsil infrastrukturunun yenilənməsi məqsədi ilə dövlət proqramları qəbul edilib və layihələr həyata keçirilib. Regionların sosial-iqtisadi inkişafı, yoxsulluğun azaldılması və məşğulluğunun artırılması ilə bağlı qəbul olunan dövlət proqramlarında da məktəb tikintisinə xüsusi önəm verilib. Eləcə də Bakı və Abşeronun sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunan dövlət proqramlarında mövcud məktəblərin əsaslı təmirinə də yer ayrılıb.

Yeni təhsil müəssisələrinin tikintisi, mövcud məktəblər üçün əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla, laboratoriyalarla təminatı, istilik sisteminin bərpası nəticəsində, ümumilikdə, ölkə üzrə 1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşdırılıb. Təhsil ocaqlarında informatika, laboratoriya otaqları, idman və akt zalları, hərbi otaqlar fəaliyyət göstərir, internet sistemi və müasir tədris avadanlıqları ilə təchiz olunub. Azərbaycan Respublikası Prezidentinin diqqət və qayğısı nəticəsində, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü, Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə ümumi təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görülüb. Son on yeddi ildə 3200-dən çox məktəb binası tikilib və ya əsaslı təmir edilib.

Bu günlərdə dövlət başçısı "Hacıqabul şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, Hacıqabul şəhərində 432 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1,5 milyon (bir milyon beş yüz min) manat ayrılıb. Sənddə o da qeyd olunub ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məktəb binasının tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutsun.

Bu gün Azərbaycanda təhsil sistemi inkişaf etdirilərək ən qabaqcıl dünya standartlarına cavab verə biləcək bir səviyyəyə çatdırılıb. Təsadüfi deyildir ki, Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirmişdir ki, hər bir inkişaf etmiş dövlətin qurulması üçün tələb olunan zəruri amillərdən biri də həmin ölkədə təhsil səviyyəsinin yüksək olmasıdır. Məhz bu məqsədlərə nail olmaq üçün də dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkəmizin iqtisadiyyatı inkişaf edib və digər sahələrlə yanaşı təhsil sahəsinin də inkişafı üçün möhkəm təməl yaradılıb.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə