Təhsil Nazirliyi: “Nazirin Ermənistana dəvət edilməsi ilə bağlı nazirliyə rəsmi müraciət daxil olmayıb”-AÇIQLAMA
Bu gün erməni mətbuatı Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanovun Ermənistana dəvəti ilə bağlı məlumat yayıb. SİA olaraq məsələyə aydınlıq gətirmək üçün müvafiq orqanlarla əlaqə saxladıq.
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə nazirliyə bu məsələ ilə bağlı rəsmi müraciətin daxil olmadığını bildirib: "Ancaq rəsmi dəvət gəlsə belə bu artıq təhsil məsələsi yox, ölkənin xarici siyasəti məsələsidir. Belə olan halda Təhsil Nazirliyi olaraq Xarici İşlər Nazirliyinə müraciət edəcəyik. Onların rəyi əsasında da cavab veriləcək. Hələ ki, bununla bağlı heç bir müraciət yoxdur. Xarici İşlər Nazirliyi ölkənin xarici siyasətini müəyyənləşdirir. Bu məsələ araşdırılmalıdır ki, nə səfərdir və nə ilə bağlıdır. Ona görə də rəsmi müraciət olduğu təqdirdə yalnız Xarici İşlər Nazirliyinin rəyi əsasında məsələ həll olunacaq".
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov isə məsələ ilə bağlı açıqlamasında bildirib ki, təhsil nazirinin Ermənistana səfəri ilə bağlı hər hansı məlumat və yaxud rəsmi müraciət yoxdur.
Qeyd edək ki, bu gün yayılan məlumatda bildirilir ki, təhsil nazirinə dəvət Ermənistanın elm və təhsil naziri Armen Aşotyan tərəfindən gəlib. Belə ki, Aşotyan naziri ilin ikinci yarısında Boloniya prosesi ilə bağlı keçiriləcək tədbirdə iştirak üçün dəvət edib. Erməni nazir həmçinin M.Mərdanovla bərabər Türkiyənin təhsil nazirinə də dəvət ünvanlayıb. Ermənistan və Polşa iyulun 1-dən dekabrın 31-nə kimi Boloniya prosesinə sədrlik edəcəklər. Bununla bağlı olaraq erməni tərəfi bir sıra tədbirlər keçirməyi planlaşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB