"Distant təhsilə keçid təhsilin keyfiyyətini aşağı salır" TƏHSİL EKSPERTİ AÇIQLADI

"Azərbaycanda tədrisin təşkili distant qaydada deyil. Bizdə distant təhsil ümumiyyətlə yoxdur. Bu onlayn təhsildir. Azərbaycanda onlayn təhsilin hüquqi bazası yoxdur". Bunu SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, 2020-ci il mart ayından təhsil dayandırıldıqdan sonra məcburiyyətdən onlayn təhsilə keçid etdik: "Bir il ərzində hansı onlayn resurs yaradılıb ki, bizim şagirdlər ordan təhsil ala bilsinlər?! Keçən ilin martı ilə bu ilin aprelinin çox fərqi var. Çünki, 2020-ci ildə iş yerləri bağlanmışdı və uşaqlar valideynlərinin telefonu ilə dərsə qoşulurdular. Artıq, iş yerləri açılıb və valideynlər evdə yoxdur. Bu gün cəmiyyətdə elə bil təsəvvür yaranıb ki, sanki yoluxma yalnız universitetlərdədir. Məktəb virus mənbəyi deyil. İnsanlar ictimai nəqliyyatda bir-birinə daha yaxındırlar. Məktəblərin distant təhsilə keçməsi təhsil keyfiyyətini aşağı salır".

K.Əsədov həmçinin bildirib ki, indiyə qədər 21 min şagirdin valideyni uşaqlarının dərsə gəlməməsi üçün iltizam yazıb: "Bu şagirdlərin hamısı repititor yanındadır. Digər problem buraxılış və qəbul imtahanlarında olacaq. Məktəbə getməyən uşaqlar niyə məktəbdən buraxılış imtahanı verməlidir? Əgər, tədris prosesi onlayn qaydada keçirilibsə, onda imtahanlar da onlayn olsun. Evdə müxtəlif stol-stulda oturmaq şagirdlərin onurğasında problem yaradır. Monitor qarşısında saatlarla dayanmaq gözləri zəiflədir. Araşdırmalara görə, bir çox yerlərdə riyaziyyat fənni üzrə cavab verən şagirdlərin nəticələri kifayət qədər aşağıdır. Bu distant təhsilin texniki fənlər üçün uyğun olmadığını göstərir. Gürcüstanda adam başına düşən yoluxma sayı bizdən dəfələrlə çox olsa da, həyat öz qaydasında davam edir. Doğrudur, insanların sağlamlığı hər şeydən önəmlidir. Lakin, bu vəziyyət təhsilə mane olmamalıdır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə