Builki “Son zəng” hansı səviyyədə təşkil olunacaq?- Araşdırma

Builki “Son zəng” hansı səviyyədə təşkil olunacaq?- Araşdırma

Hər il olduğu kimi bu ildə mayın 31-də bütün ümumtəhsil məktəblərində "Son zəng" çalınacaq. Uzun illərdir ki, Azərbaycan orta ümumtəhsil məktəblərində təntənəli şəkildə qeyd edilən \"son zəng\" tədbirlərinə müəyyən məhdudiyyətlər qoyulub. Əvvəllər son dərs günü - mayın 25-i məzunlar üçün bayrama çevrilirdi. Məktəblərdə xüsusi mərasimlər təşkil olunur, ziyafətlər verilir, məzunlar şəhərə, Bakı məktəbliləri xüsusən Dənizkənarı Milli Parka çıxıb əylənirdilər. Lakin hər kəsin yaddaşında silinməz iz qoyan \"son zəng\" mərasiminin ötən il aprelin 30-da Neft Akademiyasında baş verən qanlı olayla bağlı keçən il təntənəli keçirilməsinə qadağa qoyulmuşdu. Buna görə də hər il 31 may ərəfəsində müxətlif suallar ortaya çıxır. Bu il orta məktəbləri nə qədər məzun bitirəcək?, "Son zəng" tədbirləri hansı səviyyədə təşkil olunacaq və sairə. Bu və ya digər məsələlərə aydınlıq gətirmək üçün bəzi müvafiq strukturlarla əlaqə saxladıq.

Təhsil Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bu il Azərbaycanda orta məktəblərin XI sinfini 100 min 165 nəfər bitirəcək. Cari il orta məktəblərin IX sinfini 145 484 nəfərin bitirəcəyini nəzərdə tutulur. 2011/2012-ci tədris ilində Azərbaycanın orta məktəblərinin I sinfinə 120 minə yaxın uşağın qəbul ediləcəyi gözlənilir.

Təhsil naziri "Ümumtəhsil məktəblərində "Son zəng" tədbirinin keçirilməsi haqqında" əmr imzalayıb. Əmrdə qeyd olunur ki, "Son zəng" tədbiri mayın 31-də saat 10:00-dan başlayaraq üç saat müddətində yalnız təhsil müəssisələrinin ərazisində keçiriləcək. Əmrdə ölkəmizin ümumtəhsil məktəblərində təşkil olunan "Son zəng" tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələrinin iştirakının təmin edilməsi nəzərdə tutulub. Eyni zamanda əmrdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələrinə "Son zəng"in məzmunlu keçirilməsi ilə bağlı təşkilati işlərin vaxtında başa çatdırılması, şagirdlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsinə dair tapşırıqlar verilib. "Son zəng" tədbirini məzunların həyatında yaddaqalan və əlamətdar hadisəyə çevirmək üçün valideynlərlə pedaqoji kollektivin birgə səmərəli fəaliyyətinə nail olunması da əmrdə nəzərdə tutulan məsələlərdəndir.

Məsələ ilə bağlı Bakı şəhər Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı ilə əlaqə saxladıq. O, açıqlamasında bildirib ki, təhsil nazirinin əmrinə əsasən Bakı şəhəri üzrə Təhsil İdarəsinə də müəyyən tapşırıqlar verilib: "Biz də öz növbəmizdə müvafiq əmr hazırlayaraq bütün müəssisə rəhbərlərinin nəzərinə çatdıracağıq. Həmin əmrdə qeyd olunan kimi, Bakıda da tədbirlər mayın 31-də başlayacaq, saat 10:00-dan 13:00-dək davam edəcək. Bütün müəssisə rəhbərlərinə tapşırıq verilib ki, bu tədbirlər yalnız məktəbin ərazisində təşkil olunsun. Bakı şəhər Təhsil İdarəsi məzunların kütləvi yerlərə axışmasını məsləhət görmür və bunun qarşısını almaq üçün bütün cəhdlərimizdən istifadə edəcəyik. Məktəblərdə keçirilən "Son zəng" tədbirlərinin təhlükəsizliyi xüsusi diqqət mərkəzindədir və hər bir müəssisə rəhbərliyi bu təhlükəsizliyi təmin etməlidir. Bu il 2010-2011-ci il tədris ilində Bakının bütün ümumtəhsil məktəblərini 23 minə yaxın şagird bitirir. Cari tədris ilində paytaxtın IX sinfini bitirən şagirdlərin sayı isə 31 minə yaxın olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə