Təhsilə olan həvəs niyə əvvəlki illərdəki kimi deyil? REPORTAJ-FOTO
Distant təhsil proqramı tələbə ilə öyrədici qaynaqlar arasında əlaqə quraraq təhsili reallaşdıran bir sistemdir. Məsafəli təhsil proqramları hər hansı bir təhsil təşkilatına qeydli olmayan kəslərə də təhsil imkanı təmin edir. Məsafəli təhsil proqramının bir başqa istiqaməti də mövcud qaynaqlardan kifayət qədər faydalanması və inkişaf edən texnologiyanı yaxından təqib etmək məcburiyyətində olmasıdır. Bu forma uzaqda olan bir tələbə ilə birbaşa əlaqə qurularaq reallaşdırılan təhsildir.
Koronavirus təhlükəsi səbəbindən martın 3-dən 27-dək bütün təhsil müəssisələrində tədris prosesinə ara verilib. Dünyanın bir çox ölkəsində, təhsil müəssisələri fəaliyyətlərini dayandırsalar da, bir çox yerlərdə ali məktəblərdə onlayn təhsil metoduna keçilib.
Bəs Azərbaycanda təhsil ocaqları onlayn təhsilə keçid etdikdən sonra Azərbaycanda təhsilə olan həvəs niyə əvvəlki illərdəki kimi deyil? Bu məsələ ilə bağlı tələbələrin fikirlərini öyrənmək üçün Sahil Bağına yollandım və Müxtəlif ali və orta təhsil müəssəslərinin tələbələri ilə söhbətləşdim.
Şəhər sakini Emin Babayev: "Pandemiya başladıqdan sonra təhsilimiz onlayn rejimə keçib. Bu bir növ yaxşı prossesdir və müsbət bir haldır. Çünki bu proses Avropada və inkişaf etmiş ölkələrdə təcrübədən keçib. Lakin distant təhsilə Azərbaycan təhsili tam hazır deyildi. Fikrimcə, yetərincə infrastruktur yox idi. Açıqlanmasa da bir çox insanların distant təhsildə yaşadığı çətinlikləri görürük. Hər insanın distant təhsilə qoşulmaq üçün yetərincə vəsaiti yoxdur ki, o telefon komputer alaraq onlayn dərsə qoşulsun. Bu səbəbdən də qəbul balları aşağı düşüb".
Şəhər sakini Günel Əliyeva: "Mən Bakı Musiqi Akademiyasının tələbəsiyəm. Musiqiçi kimi deyə bilərdim ki, bizə praktiki dərs keçirilmir. Fikrimcə, humanitar və texniki dərslər daha asan keçirilir. Praktika tələb edən dərslər isə daha zəif keçirilir. İnternetdə musiqi ifa eləmək musiqiçilərə çətinlik yaradır".
Şəhər sakini Ümid Musayev: "Onlayn təhsilin müsbət cəhəti odur ki, yaşadığımız yerdən asılı olmayaraq daha tez tədrisə qoşuluruq. Mənfi cəhəti odur ki, ünsiyyət qurmaq çətindir və sosiallaşmaq olmur. Mən istərdim ki onlayn dərslər olmasın. Ənənəvi üsulda tədrisi daha çox bəyənirəm".
Şəhər sakini Röya Məhərrəmova: "Mən Azərbaycan Dövlət Maliyyə İqtisad Kollecinin 2-ci kurs tələbəsiyəm. Fikrimcə, əyani təhsildə öyrənmək qabiliyyətim daha çox idi. Mən onlayn təhsildə internet problemi yaşayıram".
Şəhər sakini Günay Mirzəyeva: "11-ci sinif tələbəsiyəm və onlayn dərsə biz də qoşuluruq. Bu zaman müəyyən gecikmələr baş verir. Təbii ki, bunun səbəbi internetin gücü və Microsoft Teams proqramının yüklənməsi olur. Bu problem həddən artıq istifadədən yaranır və proqram bizi ya bloklayır, ya da görüntülü söhbətdən çıxarır. Ümid edirəm ki, ənənəvi tədrisə qayıdaraq. Çünki, məzun olmaq istəyirik".
Şəhər sakini Saleh Səmədov: "Pandemiya ilə əlaqədar olaraq biz ötən ilin mart ayından distant formada tədris alırıq. Fikrimcə, distant təhsilin üstünlüyü bundan ibarətdir ki, istənilən məsafəli ərazidən tədris oluna bilər. O baxımdan bu bir növ bizə vaxt qazandırır. Lakin məsafəli təhsildə ünsiyyət qurmaq daha da çətinləşib, göz kontaktı olmadığı üçün dərsi başa düşməkdə çətinlik çəkirik".
Məsələ ilə əladar təhsil eksperti Kamran Əsədovun fikirlərini öyrənməyə çalışdıq. Onun sözlərinə görə, Azərbaycanda tədrisin təşkili distant qaydada deyil. Hal-hazırda tətbiq edilən məsafədən onlayn təhsildir. Bu məsafədən onlayn təhsildə Microsoft Teams "skype" və "tele-dərs" vasitəsilə keçirilir. Ümumiyyətlə vurğulamaq istərdim ki onlayn təhsilin hüquqi bazası yoxdur.
2020-ci il mart ayının 3-də pandemiya dövrü yeni başladığı zamanlarda məcburiyyətdən tədrisin bu formasına keçmişdik çünki, alternativimiz yox idi".
Onlayn təhsil şagirdlərin biliyinə necə təsir edib?
Ekspert deyib ki, onlayn təhsil müddətində uşaqların bilik və bacarıqlarının qiymətləndirilməsi və mənimsənilməsi ilə bağlı müvafiq qiymətləndirilmə aparıldı: "Əslində bu qiymətləndirilməni aparmasaq belə bütövlükdə təhsilin səviyyəsi keçən illərə nisbət kifayət qədər aşağı düşüb. Hesab edirəm ki, bu ilki buraxılış və və ali məktəblərə qəbul imtahanında da biz bunu müşahidə edəcəyik.
Xatırladaq ki, indiyə qədər məsafəli təhsildə hüquqi bazanın olmaması səbəbindən dərsdə iştirak edənlərin qiymətləndirməsi müddətində dərsin aparılma qaydasında çox ciddi problemlər ortaya çıxarıb. Bu proses onlayn qaydada dərslərdə iştirak edən tələbələr və şagirdlərdə müxtəlif problemlər yaşadır. Beləki monitor işığı gözün zəifləməsinə səbəb olur və ünsiyyət qabiliyyətinin olmaması tələbələrin psixologiyasına ciddi təsir edir".
Reportajımın sonunda əlavə etmək istərdim ki, biz sağlamlığımızın qayğısına qalmalıyıq. Bu dövrdə pandemiya qaydalarına həssaslıqla yanaşmaq lazımdır ki, əvvəlki həyatımıza qayıda bilək.
Qönçə Quliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB