Nazir müavini: “Azərbaycanda rəsmi qeydiyyatda olan narkomanlar arasında 30-40 yaşlılar xüsusi üstünlük təşkil edir”
"Bu gün Azərbaycanda 24 mindən artıq rəsmi qeydiyyatda olan narkoman var. Narkomanların Yaş qrupuna əsasən 30-40 yaşlılar xüsusi üstünlük təşkil edir". Bu barədə SİA-ya açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev məlumat verib. O bildirib ki, Azərbaycanda qeydiyyatda olan xəstələrin 90%-i inyeksion narkotik istifadəçisidir.
Narkomaniya ilə mübarizə dövlətin, o cümlədən bütün qurumlarının diqqət mərkəzində olduğunu deyən nazir müavini qeyd edib ki, bununla əlaqədar olaraq dövlət komissiyası fəaliyyət göstərir: "Həmin komissiyanın üzvü olduğum üçün bu sahədə görülən işlərdən kifayət qədər xəbərim var. Qeydiyyatda olan xəstələrin sayı bugünkü narkomanların sayını tam əks etdirmir. Bunun da bir sıra obyektiv və subyektiv səbəbləri var. Narkomaniyanın müalicəsi də könüllü olaraq həyata keçirilir və yalnız məhkəmənin qərarı olduğu təqdirdə insanlar bu müalicəyə cəlb oluna bilər".
E.Ağayev qeyd edib ki, Təhsil Nazirliyi tərəfindən məktəblərdə bunların qarşısını almaq üçün müxtəlif tədbirlər həyata keçirilir. İlkin narkomaniyanın aşkar edilməsinin çox vacib bir məsələ olduğunu bildirən nazir müavini söyləyib ki, bunlar dövlət komissiyasının iclaslarında da daima müzakirə olunur.
"Ancaq bizdə mental xüsusiyyətlər, ailələrin uşaqlar üzərindəki nəzarəti məsələsi olduğuna görə düşünmürəm ki, bu sahədə uşaqlar arasında vəziyyət acınacaqlıdır. Statistik rəqəmlərdə də çox az bir sayda və ya faizdə rəsmi aşkarlananların sayı var. Narkotiklərdən bir dəfə istifadə edənlər heç bir statistik rəqəmlərdə öz əksini tapmır. Ancaq təbii ki, bununla əlaqədar olaraq daim profilaktik tədbirlər görülməlidir. Bu məsələdə də xüsusilə uşaqlar arasında təbliğat çox önəmlidir. Təhsil Nazirliyi müxtəlif vəsaitlər çap edir, məktəblərin tədris proqramına xüsusi materiallar salınır, Səhiyyə Nazirliyi tərəfindən də bu istiqamətdə çox mühüm tədbirlər nəzərdə tutulub", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB