“Xarici dillərin tədrisinin aktual problemləri” adlı IV Respublika konfransına yekun vurulub
Azərbaycan Dillər Universitetinin (ADU) "Xarici dillərin tədrisinin aktual problemləri" adlı ikigünlük Respublika konfransına yekun vurulub. ADU-nun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, konfransın bağlanış mərasimində çıxış edən universitetin Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov ikigünlük konfransda xarici dillərin tədrisi ilə bağlı bölmələrdə qızğın və maraqlı diskussiyaların getdiyini söyləyib. Əvvəlki konfranslarla müqayisədə budəfəki konfransda keyfiyyətin yüksəldiyini qeyd edən D.Yunusov müzakirələrdə ali məktəblərlə yanaşı, orta məktəb nümayəndələrinin də fəal iştirak etdiyini deyib. O, bildirib ki, belə konfransların gələcəkdə daha da uğurlu olması üçün səmərəli fəaliyyət göstərilməlidir.
Tədris işləri üzrə prorektor, professor Natiq Yusifov ADU-nun 2 gün ərzində zəngin tarixi gün yaşadığını bildirib. Konfrans müddətində gənc müəllimlərə, elm adamlarına tribuna yaradıldığını deyən N.Yusifov bu sahədə aparılan işləri yüksək qiymətləndirib. Ali məktəblərlə orta məktəblərin əlaqəsi baxımından konfransın bir çox müsbət cəhətlərinin olduğunu nəzərə çatdıran prorektor bölmələrdə fəal iştirak edən digər təhsil müəssisələrinin nümayəndələrinin işlədikləri yerlərə xüsusi təşəkkür məktubu göndərilməsini tövsiyə edib.
Sonra konfransın bölmə rəhbərləri – professorlar Dilarə İsmayılova, Azad Məmmədov, Məsməxanım Qazıyeva, Gülnar Hüseynzadə, dosentlər Vidadi Bəşirov, Həmidə Əliyeva çıxış edərək konfransın uğurlu təşkilinə görə universitet rəhbərliyinə təşəkkür ediblər. Bildiriblər ki, bölmələrdə müzakirə edilən mövzular özünün aktuallığı ilə seçilib. Bütövlükdə iclaslarda edilən çıxışları qənaətbəxş adlandıran bölmə rəhbərləri orada səslənən qarşılıqlı polemikaları, fikir mübadilələrini müsbət xarakterizə ediblər. Bağlanış mərasimində iştirak edən digər çıxışçılar da xarici dillərin tədrisinin inkişafı baxımından oxşar konfrans və iclasların mütəmadi keçirilməsinin vacibliyindən danışıblar.
Sonda konfransın yekun sənədi qəbul edilib. Bununla da, mayın 18-19-da ADU-da keçirilən "Xarici dillərin tədrisinin aktual problemləri" adlı IV Respublika konfransına yekun vurulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB