Yeni idman bazasının və 1996-97-ci il təvəllüdlü futbolçulardan ibarət komandalar arasında turnirin açılış mərasimi keçirilib

Yeni idman bazasının və 1996-97-ci il təvəllüdlü futbolçulardan ibarət komandalar arasında turnirin açılış mərasimi keçirilib

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Təhsil Nazirliyi tərəfindən "Vətən" Futbol Məktəbinin yeni idman bazası inşa olunub. SİA-nın xəbərinə görə, bu gün yeni idman bazasının və 1996-97-ci il təvəllüdlü futbolçulardan ibarət komandalar arasında turnirin açılış mərasimi keçirilib.

Tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, təhsil naziri Misir Mərdanov, gənclər və idman naziri Azad Rəhimov və digər rəsmi şəxslər iştirak edib.

Tədbiri giriş sözü ilə açan AFFA-nın prezidenti Rövnəq Abdullayev bildirib ki, bu AFFA ilə Təhsil Nazirliyi arasında olan proqramdır. Onun sözlərinə görə, bir neçə belə məktəb artıq tikilərək Təhsil Nazirliyinin balansında istifadəyə verilib: "Bu gün istifadəyə veriləcək "Vətən" Futbol Məktəbinin yeni idman bazasında hər bir yaş qrupu üzrə 800 uşaq futbolla məşğul olacaq. AFFA olaraq buraya bütün avadanlıqlar verilib. Gələcəkdə də top, forma və digər bütün məsələlərdə köməklik göstəriləcək. Təhsil Nazirliyi də proqram şəklində həmin məktəblərdə idman dərslərində futbol dərslərinin keçirilməsinə, uşaqların futbolla məşğul olmasına imkanlar yaradacaq".

Tədbirin davamında çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, dövlət tərəfindən bütün sahələrə olduğu kimi, təhsil, idman sahəsinə də böyük diqqət və qayğı göstərilir: "Nazirliyin nəzdində 158 uşaq-idman müəssisəsi fəaliyyət göstərir. Onlardan 82-si uşaq-gənclər idman məktəbi, 9-u İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman mərkəzi, 63-ü uşaq-gənclər şahmat məktəbi, 3-ü İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman məktəbi, 1-i isə uşaq-gənclər fiziki hazırlıq klubudur. Bu müəssisələrdə 27 idman növü üzrə 453 bölmədə 8938 qrup fəaliyyət göstərir. Qruplarda 107629 uşaq, yeniyetmə və gənc gündəlik idmanla məşğul olur.

İdman məktəblərində 5136 məşqçi-müəllim çalışır. Onlardan 3468 nəfəri ixtisaslı, 50 nəfəri yüksək ixtisaslı, 500 nəfəri isə 1-ci və 2-ci kateqoriyalı məşqçi-müəllimlərdir. Təhsil Nazirliyinin tabeçiliyində olan çoxsaylı idman müəssisələrinin təmir edilib, avadanlıqla təmin edilib".

Tədbirin davamında çıxış edən qonaqlar idman kompleksininn uşaq futbolunun inkişafına böyük təkan verəcəyini qeyd ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə