Rektor: “İnsanın beynində şəffaflıq varsa, heç bir problem olmayacaq”
"Şəffaflıq hər bir insanın beynində olmalıdır. İnsanın beynində şəffaflıq varsa, heç bir problem olmayacaq. Hansısa başqa niyyətlə imtahana daxil olan və ya imtahanda iştirak edən şəxs üçünsə elə bir sistem yaranmalıdır ki, onlar heç bir fəaliyyət göstərə bilməsinlər". SİA-nın xəbərinə görə, bu barədə Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov ali məktəbdə qarşıdan gələn yay sessiyası imtahanları zamanı şəffaflığın təmin olunması ilə bağlı məsələlərə münasibət bildirərkən deyib. O bildirib ki, tələbələrə və təhsil müəssisələrinə cəmiyyət tərəfindən nəzarət olmalıdır. Rektorun sözlərinə görə, ictimaiyyətin nəzarətindən daha güclü bir şey yoxdur. S.Seyidov qeyd edib ki, mətbuat nümayəndələrinin də fəaliyyəti şəffaflığın izlənməsinə və düzgün qiymətin verilməsinə xidmət edir.
Daha sonra ali məktəb rektoru universitetdə distant təhsilə keçidlə bağlı məsələyə də münasibət bildirib. O vurğulayıb ki, bu istiqamətdə proqram üzərində işlənilir və Böyük Britaniya universiteti ilə müvafiq əməkdaşlıqlar var. Rektor qeyd edib ki, bu təhsillə bağlı tələbələrə müvafiq diplomlar da verilib: "Bizim universitetdə distant təhsilin tətbiqi ilə əlaqədar avadanlıq var. Ən əsas isə Naxçıvan Dövlət Universiteti ilə bu istiqamətdə işləyirik. Alman dili üzrə müəllimləri Naxçıvana göndərmək elə də asan məsələ deyil. Ona görə də tələbələr Naxçıvanda, müəllimlər isə Azərbaycan Dillər Universitetində oturmaqla avadanlıq vasitəsilə distant təhsil alırlar. Azərbaycanda təhsil müəssisələri içərisində yalnız bizdə və Naxçıvan Dövlət Universitetində distant təhsil almaq üçün avadanlıqlar var. Bildiyimə görə, bu avadanlıqlar yaxın vaxtlarda Azərbaycan Milli Elmlər Akademiyasında da tətbiq olunacaq. Hələ ki biz və Naxçıvan Dövlət Universitetindən başqa heç bir ali məktəbdə distant təhsil üçün müvafiq avadanlıqlar yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB