ADU-da “Gənclərin gələcəyi Vətənimizin gələcəyidir” mövzusunda debat keçirilib

ADU-da “Gənclərin gələcəyi Vətənimizin gələcəyidir” mövzusunda debat keçirilib

Mayın 17-də Azərbaycan Dillər Universitetində (ADU) Mülki müdafiə kafedrasının, "Yeni Yol" və "Aydınlığa doğru" ictimai birliklərinin təşkilatçılığı ilə "Gənclərin gələcəyi Vətənimizin gələcəyidir" layihəsi çərçivəsində debat keçirildi. ADU-nun İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovanın SİA-ya verdiyi məlumata görə, tədbirdə universitetin Tərbiyə işləri üzrə prorektor Ələddin Əliyev çıxış edərək Azərbaycanda gənclər siyasətinin uğurla həyata keçirilməsindən, tələbələrin bir çox sahələrdə fəal iştirakından danışdı. Universitetdə mütəmadi olaraq gənclərin sağlamlığına yönəlmiş tədbirlərin keçirildiyini deyən prorektor bu kimi tədbirlərin tələbə və gənclər üçün müsbət keyfiyyətindən bəhs etdi.

"Yeni Yol" ictimai birliyinin sədri Adil Abdullayev sözügedən əhəmiyyətli debatın keçirilməsinə şərait yaratdığına görə ADU rəhbərliyinə təşəkkür etdi. Ölkə vətəndaşlarının 38%-ni gənclərin təşkil etdiyini xatırladan A. Abdullayev rəhbərlik etdiyi təşkilatın gəncləri narahat edən, onları maraqlandıran məsələlərlə əlaqədar bir sıra layihələr həyata keçirdiyini söylədi. O, qeyd etdi ki, 5 ay müddətində müxtəlif təbəqələri təşkil edən gənclər arasında sorğu keçirərək onları layiqli vətəndaş kimi yetişdirməyə yardımçı olublar.

Regional Psixologiya Mərkəzinin rəhbəri Murad İsayev bildirdi ki, debatın keçirilməsində məqsəd həm də tələbə gənclərin öz fikirlərini açıq demələrinə şərait yaratmaqdan ibarətdir. M. İsayevin sözlərinə görə, problem olmayan yerdə inkişafdan danışmaq olmaz. Zərərli vərdişlərin insanları dünyadan təcrid etdiyini bildirən M. İsayev tələbələri debatda aktiv olmağa səslədi.

"Gənclərin gələcəyi Vətənimizin gələcəyidir" layihəsinin Məsləhət Şurasının sədri, professor Şahlar Əsgərov XXI əsrin çətin və qəddar əsr olduğunu bildirdi. Tələbə gənclərə proses və hadisələrin obyekti yox, subyekti olmağı tövsiyə etdi: "Hər bir sosial hadisədən subyekt kimi keçsəniz, uğur sizinlə olacaq". Professor həmçinin tələbələrə öz zamanlarını idarə etməyi də məsləhət gördü.

Debatda digər çıxış edənlər də tələbələrə həyatda aktiv olmağı, öz çətinlik və problemlərini digərləri ilə bölüşməkdən çəkinməməyi, "Mən kiməm?" sualını özlərinə verib cavab axtarmağı, zərərli vərdişlərdən uzaq durub fiziki və mənəvi sağlamlığın keşiyində durmağı tövsiyə etdilər.

Sonda tədbir qarşılıqlı sual-cavab formasında davam etdi.

Bütün xəbərlər Facebook səhifəmizdə