ADU ilə Alpen-Adria Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanıb
Bu gün Azərbaycan Dillər Universiteti ilə Alpen-Adria Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanıb. SİA-nın xəbərinə görə, əməkdaşlığa dair müqavilə "Bakıda Avstriya ədəbiyyat günləri" adlı keçirilən tədbir çərçivəsində baş tutub. Müqaviləni Azərbaycan tərəfdən ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova və Avstriya tərəfdən isə Alpen-Adria Universitetinin Robert Muzil adına Ədəbiyyat İnstitutunun rəhbəri, professor Klaus Amman imzalayıblar. Müqavilənin məqsədi ikitərəfli əlaqələri inkişaf etdirmək, birgə seminarlar, dərslər, görüşlər, konfranslar keçirmək və elmi araşdırmaları yüksəltməkdən ibarətdir.
İmzalanma mərasimində çıxış edən ADU-nun rektoru Səməd Seyidov universitet haqqında ətraflı məlumat verib. O bildirib ki, ADU Azərbaycanda mühüm əhəmiyyətə malikdir və burada Boloniya sistemi çox yüksək səviyyədə həyata keçirilir. Onun sözlərinə görə, bu gün universitetdə müxtəlif dillər tədris olunur, müəllimlər xarici ölkələrin universitetləri ilə əməkdaşlıq edir.
Avstriyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Silvia Mayer-Kaybiç də vurğulayıb ki, müqavilənin məqsədi iki ölkə universitetləri arasındakı əməkdaşlığı daha da inkişaf etdirməkdən ibarətdir. Onun sözlərinə görə, bunun nəticəsində tələbələr və müəllimlər birgə təcrübə mübadiləsi keçəcək, bu da münasibətlərin gələcəkdə də yüksək səviyyəyə qalxmasına təkan verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB