Bu gün Azərbaycan Dillər Universitetində (ADU) "Bakıda Avstriya ədəbiyyatı günləri" adlı tədbir öz işinə başlayıb. SİA-nın xəbərinə görə, ADU-nun və Avstriyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirin açılış mərasimində universitetin rektoru, professor, millət vəkili Səməd Seyidov, Avstriyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Silvia Mayer-Kaybiç, səfirliyin mədəni işlər üzrə attaşesi Ziqlinde Şpanlanq, Avstriyanın Klagenfurt şəhərinin Alpen-Adria Universitetinin Robert Muzil adına Ədəbiyyat İnstitunun rəhbəri, professor Klaus Amman, həmin institutun bölmə rəhbəri Valter Fanta və universitetin əməkdaşı Maja Haderlap, eləcə də müxtəlif universitetlərdən alman dilli ədəbiyyatı ilə məşğul olan azərbaycanlı və xarici müəllimlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan ADU-nun rektoru Səməd Seyidov bildirib ki, Avstriya ədəbiyyatının Azərbaycanda öyrənilməsi qədim tarixə və gözəl ənənələrə malikdir. Onun sözlərinə görə, Avropa və dünya ədəbiyyatının tərkib hissəsi olan Avstriya ədəbiyyatı uzun illərdir ki, Azərbaycanda öyrənilir və bunun gözəl nəticələri mövcuddur. Azərbaycan və Avstriya dövlətinin, ədəbiyyatının sıx əlaqələrə malik olduğunu deyən S.Seyidov qeyd edib ki, onların birgə əməkdaşlıq çərçivəsində öyrənilməsi heç də təsadüfi deyil.
"Bu əlaqələr ADU-da Avstriya Mərkəzinin yaradılması ilə daha da geniş vüsət alıb. Bu mərkəzin fəaliyyəti nəticəsində əlaqələr daha da inkişaf edib, Avstriya ədəbiyyatının nümunələri Azərbaycan və yaxud əksinə olaraq Azərbaycan ədəbiyyatının nümunələri Avstriya dillərinə tərcümə edilib. Bu gün Azərbaycan dünyaya, Avropaya açıq olan bir ölkədir və daima bunu sübut edə bilir. Mən əminəm ki, bir müddətdən sonra Avstriyada Azərbaycan ədəbiyyatı, onun təbliği ilə bağlı tədbir keçiriləcək", - deyə o əlavə edib.
Tədbirin davamında çıxış edən Avstriyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Silvia Mayer-Kaybiç həm Azərbaycanda, həm də onların ölkəsində ekspertlərin, alimlərin, professorları qarşılıqlı fikir mübadiləsi apardığını söyləyib. Azərbaycan Dillər Universiteti ilə qarşılıqlı əlaqələrin günü-gündən inkişaf etdiyini deyən səfir bu əməkdaşlığın gələcək illərdə daha da inkişaf etdiriləcəyini söyləyib.
Sonra Alpen-Adria Universitetinin Robert Muzil adına Ədəbiyyat İnstitunun rəhbəri, professor K.Amman "Avstriya ədəbiyyatı anlayışı", həmin universitetin Robert Muzil adına Ədəbiyyat İnstitunun bölmə rəhbəri V.Fanta "Şeytanlar. Dodererdən Mitterə qədər Avstriya ədəbiyyatında şovinizm, millətçilik və sağ radikalizm" mövzularından bəhs ediblər. ADU-nun Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri, dosent Sevinc Rzayeva "Muzil və Kafkanın yaradıcılığında insan obrazı", Tərcümə fakültəsinin dekanı, dosent Vilayət Hacıyev "Muzilin yaradıcılığında kinayə: üslubi vasitə yoxsa gerçəkliyin kəskin tənqidi?" mövzularından danışıblar. Alpen-Adria Universitetinin əməkdaşı Maja Haderlap isə Avstriya ədəbiyyatından seçilmiş şeirlər səsləndirib.
Qeyd edək ki, "Bakıda Avstriya ədəbiyyatı günləri" adlı tədbir mayın 18-də öz işini davam etdirəcək. Növbəti gün bir sıra məruzələr səslənəcək. Belə ki, K.Amman "Müasir Avstriya ədəbiyyatında mənim üçün üç sevimli qadın yazarı", V.Fanta və M.Kaderlap "Mənim dilim" adlı təqdimatlarla çıxış edəcəklər. ADU-nun və Avstriyanın Azərbaycandakı səfirliyinin birgə keçirdiyi tədbir çərçivəsində iki dövlət arasında mədəni-siyasi əlaqələrdən, tərcümə məsələlərindən və Avstriya ədəbiyyatının Azərbaycandakı vəziyyətinə də həsr olunmuş dəyirmi masa da keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB