ADU-da “Xarici dillərin tədrisinin aktual problemləri” IV respublika elmi konfransı keçiriləcək

ADU-da “Xarici dillərin tədrisinin aktual problemləri” IV respublika elmi konfransı keçiriləcək

Mayın 18-19-da Azərbaycan Dillər Universitetində (ADU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş "Xarici dillərin tədrisinin aktual problemləri" IV respublika elmi konfransı keçiriləcək. ADU-nun ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovanın SİA-ya verdiyi xəbərə görə, tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsinə əklil və gül dəstələri qoyulacaq.

Konfransın plenar iclasında ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov giriş sözü ilə çıxış edəcək. Azərbaycan Respublikasının təhsil naziri, professor Misir Mərdanov, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru, professor Asəf Zamanov, Bakı şəhər Baş Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva, Bakı Slavyan Universitetinin Elmi işlər üzrə prorektoru, professor Məmməd Əliyev, Qafqaz Universitetinin Tədris işləri üzrə prorektoru, professor Cihan Bulutun iştirakı gözlənilir. Konfransda universitetin Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov konfransın gedişatı və strukturu haqqında məlumat verəcək.

Plenar iclasda ADU-nun Xarici dillərin tədrisi metodikası kafedrasının müdiri, professor Gülnar Hüseynzadənin "Xarici dildə nitq davranışı mədəniyyəti nitq kommunikasiyasının adekvat komponenti kimi", Psixologiya kafedrasının müdiri, dosent Misgər Məmmədovun "Ali məktəbdə xarici dilin tədrisinin psixoloji əsasları", Aytən Kazımovanın "Ali təhsildə innovasiyalar və eksperimentlər" adlı məruzələri səslənəcək. Dövlət və özəl ali məktəblərin, həmçinin orta məktəblərin əməkdaşlarının iştirak edəcəyi tədbirə 154 məruzə daxil olub. Sonra konfrans "Ali və orta məktəblərdə xarici dillərin tədrisinin psixo-pedaqoji əsasları və tədrisi problemləri", "Xarici dillərin tədrisi prosesində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və elektron dərsliklərdən istifadə yolları", "Xarici dillərin tədrisində innovativ metodlar və yanaşmalar", "Xarici dillərin tədrisində ədəbiyyatın rolu" adlı 5 bölmədə öz işini davam etdirərək məruzələr müzakirə olunacaq. "Xarici dillərin tədrisinin aktual problemləri" IV Respublika Elmi Konfransı mayin 19-da ADU-nun Heydər Əliyev adına muzey-lektoriyasında öz işini bölmə rəhbərlərinin hesabatları və yekun sənədin qəbul edilməsilə başa çatdıracaq.

Xatırladaq ki, 2010-cu ilin aprel ayında keçirilən "Xarici dillərin tədrisinin aktual problemləri" III Respublika Elmi Konfransda 158 məruzə dinlənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə