“UNEC-in daxilindəki qapı doğrudan da Avropaya açılır” - MÜSAHİBƏ

UNEC Avropanın, Amerikanın aparıcı universitetləri ilə ikili diplom, mübadilə proqramları həyata keçirir. Həmçinin tələbələrin dünyanın aparıcı universitetlərin beynəlxalq proqramlarında iştirak etməsi üçün şans yaradır. Belə proqramlardan biri də London Universiteti/London İqtisadiyyat Məktəbinin (LSE) bakalavr dərəcəsi üzrə beynəlxalq proqramıdır. 2020/2021-ci tədris ilində UNEC-in 3 tələbəsi London Universiteti/London İqtisadiyyat Məktəbinin beynəlxalq bakalavr proqramının məzunu oldu.İlk məzunlardan olan Nəzrin Zeynallı ilə müsahibəni təqdim edirik.

- Nəzrin xanım, sizi təbrik edirik, həm UNEC-dən həm də London Universiteti/London İqtisadiyyat Məktəbindənməzun oldunuz. Hansı ixtisaslar üzrə təhsil almısınız?

- Təşəkkür edirəm. Mən UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində (İSE)“Dünya iqtisadiyyatı” ixtisası üzrə təhsil almışam. Çünki iqtisadiyyat bir çox müxtəlif sahəni özündə birləşdirən elmdir.LSE-yə qəbul zamanı isə ixtisas seçimi barədə çox düşündüm. Mənə iki ixtisas seçmə şansı verilmişdi: “Biznesin idarə edilməsi” və “Maliyyə və mühasibat”. Təsəvvür edin, kiçik biznesiniz var və onu uğurla idarə etmək üçün əsas maliyyə axını barədə kifayət qədər biliyiniz yoxdur. Auditorların vəzifəsini bir çoxumuz bilirik. Ən vacib məqamlardan biri də şirkətin uğurlu idarə edilməsinin göstəricisi olan hesabatlardır. Fikrimcə, biznesin tam şəffaflığı və uğuru üçün idarəetmə ilə yanaşı, maliyyə, o cümlədən mühasibatlığı dərindən bilmək, bazarda sizi həmişə bir-sıfır öndə edir. Seçdiyim ixtisas da bu səbəblərdən maliyyə və mühasibat oldu.

- LSE-nin beynəlxalq proqramına qoşulmaq üçün ən önəmli məqam nə idi və sizə hansı üstünlükləri qazandıracağını düşünürdünüz?

- LSE dünyanın ən aparıcı universitetləri arasında həmişə ilk sıralardadır və bura daxil olmaq hər tələbənin xəyalıdır. UNEC-ə daxil olma səbəblərimdən biri də məhz bu oldu. Ən önəmli məqam, LSE barədə keçirilən təqdimatda iştirakım oldu. Bir daha əmin oldum ki, həmin proqram ən yüksək keyfiyyətlərə malikdir. UNEC-in bizim üçün yaratdığı, Bakıda yaşayaraq Londondakı tələbələrlə eyni təhsili və iki universitetin diplomunu almaq imkanı ən böyük şansdır. Bu diplomların gələcəkdə yaratdığı karyera imkanları da başqa bir üstünlükdür.

- LSE ilə paralel olaraq,Beynəlxalq iqtisadiyyat Məktəbində də təhsil alırdınız, bu sizə çətinliklər yaratdımı?

- Əlbəttə ki, LSE-də ilk tədris ilində adaptasiya baxımından çətinliklərim oldu. Bəzi fənlər müəyyən vaxt müddətində öyrənmək üçün kifayət qədər ağır idi. Ancaq İSE-də keçdiyim fənlər mənə böyük dəstək oldu. LSE-dəki abu-hava və enerji tamamilə fərqlidir. Auditoriyaya daxil olduqda özünüzü xarici mühitdə hiss edirsiniz. Sanki, UNEC-in daxilindəki qapı doğrudan da Avropaya açılır.

- İSE ilə LSE-nin dərs proqramlarında hansı oxşarlıq və fərqliliklər vardı?

- Oxşarlıq odur ki, ölkənin ən savadlı, yüksək təcrübəli, xarici şirkət və aparıcı universitetlərdə çalışan müəllim kollektivi həm UNEC-də, həm də LSE-də mənə dərs deyirdilər. Onlara sual verə bilmək, bir mövzünu bilmədikdə tələbəyə onu yenidən həvəslə izah etmələri bizim müəllimləri xarici müəllimlərdən fərqləndirir. Fərqlilik isə, LSE-də tələbə sayının azlığı, ildə bir dəfə “British Council”də verilən yekun imtahan və yalnız mühazirələrin olması idi.

- UNEC-dən məzun olub diplomunuzu əldə etdiniz, LSE-nin diplomunun təqdimolunma mərasimiisə Londonda keçiriləcək, iştirak edəcəksinizmi?

- UNEC-i fərqlənmə diplomu ilə bitirdim. Ölkədəki mövcud duruma görə Məzun günü keçirilməsə də diplomumu artıq almışam. LSE-də Məzun günü hər il, beynəlxalq proqramı tamamlamış 100 ölkədən çox məzunun iştirakı ilə keçirilir. Mən və proqrama qoşulan tələbə yoldaşlarım həmişə bu tədbirdə iştirak etmək, üç illik əziyyətimizin bəhrəsi olan diplomumuzu almaq, LSE-nin əzmli kitabxanasını görmək arzusunda olmuşuq. Əlbəttə ki, gələn ilin mart ayı mən də Londonda Məzun Günündə iştirak etməyi planlaşdırıram. Lakin hazırda dünyanı iflic etmiş Covid-19 pandemiyası bunun nə qədər real olacağını şübhə altına atır.

- Magistratura təhsili alırsınızmı?

- Bəli, magistraturaya bu il, bakalavr təhsilimi bitirən kimi qəbul oldum. Ənənəyə sadiq qalaraq, seçimim yenə də UNEC-in ingilis dilində olan maliyyə üzrə “Biznesin idarə edilməsi” ixtisası oldu.

- Gələcək karyeranız üçün planlarınız nədir?
- Gələcək karyeramda maliyyə sahəsində kifayət qədər təcrübə qazanmaq, bununla yanaşı, universitetdə dərs demək əsas hədəfimdir. Bunun başlıca səbəbi isə cəmiyyətimizə, xalqımıza, ölkəmizə layiqli vətəndaşlar yetişdirə bilmək istəyimdir. Mən də bu yolda çalışıb əlimdən gələni edəcəm ki, vətənimə faydam toxunsun. Unutmayaq ki, təhsil millətin gələcəyidir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...