Türkiyənin İnönü Universiteti Azərbaycana dəstək məqsədilə UNEC-ə məktub ünvanlayıb

Türkiyənin İnönü Universitetinin rektoru professor Ahmet Kızılay Azərbaycana dəstək məqsədilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradova məktub ünvanlayıb.

UNEC-dən SİA-ya bildirilib ki, məktubda Ermənistanın Azərbaycana hərbi təcavüzü, dinc əhalini hədəfə alması insanlığa qarşı cinayət adlandırılıb. Qeyd edilib ki, Azərbaycan Ordusu Ermənistan silahlı birləşmələrinə lazımi cavabı verir və Türkiyə bu haqq-ədalət mübarizəsində qardaş ölkənin yanındadır. Məktubda müharibənin yeganə həllinin Ermənistanın işğal etdiyi torpaqlardan dərhal və qeyd-şərtsiz çıxdıqdan sonra mümkün olacağı deyilir.

Professor A.Kızılay İnönü Universitetinin də Azərbaycanın yanında olduğunu, professor-müəllim heyətinin bütün tədbirlərdə Azərbaycana dəstək göstərdiyini diqqətə çatdırıb. Həmçinin İnönü Universitetinin UNEC-lə əməkdaşlıq və həmrəyliyini davam edəcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə