Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunan “2-ci Bakı Ürək Günləri” Beynəlxalq Konqresi öz işinə başlayıb

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunan “2-ci Bakı Ürək Günləri” Beynəlxalq Konqresi öz işinə başlayıb
Bu gün Gülüstan sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunan "2-ci Bakı Ürək Günləri" Beynəlxalq Konqresi öz işinə başlayıb. SİA-nın xəbərinə görə, beynəlxalq konqres Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) və Azərbaycan Kordiologiya Cəmiyyətinin (AKC) birgə təşkilatçılığı ilə keçirilir.

Tədbiri giriş sözü ilə açan AÜDCC-nin sədri Kamran Musayev beynəlxalq konqres barədə ətraflı məlumat verib. O bildirib ki, konqresin keçirilməsində əsas məqsəd ölkəmizdə kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir.

"1-ci Bakı Ürək Günləri" Beynəlxalq Konqresi 2009-cu il mayın 9-11-də təşkil olunub və burada 16 xarici ölkə nümayəndəsi iştirak edib. Bu gündən etibarən keçirilən "2-ci Bakı Ürək Günləri" Beynəlxalq Konqresə isə 25-dən artıq ölkədən 200-ə yaxın kardioloq və kardio-cərrahlar qatılıb. Konqres zamanı kardiologiya və ürək cərrahiyyəsindəki ən mübahisəli problemlərə toxunalacaq. Eyni zamanda, konqres azərbaycanlı həkimlərə dünyanın ən qabaqcıl mütəxəssisləri ilə kardiologiya elmindəki ən son nailiyyətləri müzakirə etmək imkanı verəcək. Mübahisəli xəstələr üzərində dünyanın tanınmış mütəxəssisləri ilə birgə aparılacaq əməliyyatların konqres salonunda canlı yayımlanacaq ki, bu da "Bakı Ürək Günləri"nin elmi-praktik əhəmiyyətini daha da yüksəldəcək. Təşkil olunacaq sosial proqram ilə, xüsusilə, əcnəbi qonaqlar Azərbaycanın zəngin tarixi və mədəni irsi ilə tanış olmaq imkanı əldə edəcəklər", - deyə o əlavə edib.

Tədbirin davamında səhiyyə nazirinin müavini Elsevər Ağayev prezident İlham Əliyevin konqresə təbrik məktubunu qonaqların diqqətinə çatdırıb.

Daha sonra çıxış edən Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri Faiq Quliyev bu tədbirin kardiologiya sahəsinin daha da inkişafına təkan verəcəyini bildirib. Cəmiyyətin 3 ilə yaxın müddət ərzində fəaliyyət göstərdiyini deyən F.Quliyev bu sahəyə hər zaman həm dövlət, həm də nazirlik tərəfindən böyük diqqət göstərildiyini söyləyib. "Bugünə kimi aparılan təlimlər, proseslər zamanı çalışılır ki, müalicə diaqnostika üsulları xaricdən fərqlənir. Bu konfrans kardiologiya sahəsinin mütəxəssisləri üçün böyük bir bayramdır. İnanırıq ki, bu kimi tədbirlər ölkələr arasında əməkdaşlığı daha da gücləndirəcək", - deyə o əlavə edib.

Səhiyyə nazirinin müavini Elsevər Ağayev isə çıxışında qeyd edib ki, Azərbaycanda 2-ci dəfə keçirilən bu tədbirə xarici qonaqlarını sayının artması bu sahəyə göstərilən marağın təzahürüdür. Onun sözlərinə görə, bu tədbir dünya əhalisinin maraqları ilə keçirilir: "Bu konfransın ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunması da təsadüfü deyil. Belə ki, ulu öndərin hakimiyyəti dövründə bütün sahələrdə olduğu kimi səhiyyə sahəsi də inkişaf edib. 1971-ci ildə Azərbaycanda ilk dəfə ürək əməliyyatı keçirilib. Bundan sonra da Rusiyadan sonra Azərbaycanda ilk böyrək əməliyyatı aparılıb. Bu gün artıq ölkədə müalicə-diaqnostika mərkəzləri tikilərək istifadəyə verilib, bu sahə üzrə müxtəlif dövlət proqramları həyata keçirilir. İnanırıq ki, Azərbaycanda səhiyyə sahəsinə verilən verilən bu diqqət və beynəlxalq səviyyənin Azərbaycana gətirilməsi öz müsbət töhfələrini verəcək".

Milli Onkologiya Mərkəzinin baş direktoru, görkəmli alim, akademik Cəmil Əliyev də belə bir konqresin keçirilməsi münasibətilə iştirakçıları təbrik edib. Onun sözlərinə görə, xarici ölkələrdən müxtəlif mütəxəssislər gəlməsi bir daha sübut edir ki, Azərbaycan həkimləri görkəmli mütəxəssislər olduğundan onların dəvətini qəbul edərək burada iştirak edirlər. Konfransın işinə uğurlar arzulayıram".

Qısa bir aradan sonra konfrans öz işini davam etdirib və xaricdən gələn qonaqlar müxtəlif mövzuda məruzələrlə çıxış ediblər.

Qeyd edək ki, tədbir mayın 15-dək davam edəcək və bu müddət ərzində kardiologiya və ürək cərrahiyyəsi sahəsində müxtəlif müzakirələr aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə