“COVİD-19 infeksiyası ilə əlaqədar ölkədə tətbiq edilən karantin səbəbindən bütün təhsil ocaqlarında dərslər dayandırıldı. Tələbələr və şagirdlər təhsil prosesindən bir qədər uzaq qaldılar. Amma bunun qarşısını almaq üçün Təhsil Nazirliyi çevik tərpəndi və tele-dərslərə start verdi”.
Bunu təhsil eksperti Elçin Əfəndi “Pandemiya və təhsil” proqramında bildirib. Qeyd edib ki, şagirdlərin dərslərdən geri qalmaması üçün dövlət tərəfindən müxtəlif proqramlar həyata keçirilib: “Tele-dərslərin ardınca “Microsoft Teams”, eləcə də “Virtual məktəb” proqramı vasitəsilə təhsil alanlara maksimim dəstək verildi. Bu dərslər təhsil alanların təxminən 70 faizini əhatə etdi”.
Son aylar müzakirə olunan məsələlərdən biri tele-dərslər və virtual dərslərin canlı dərsləri əvəz edib-etməməsidir. Təhsil eskpertinin fikrincə, tele-dərslər, eləcə də, uzaqdan idarə olunan digər proqramlar vasitəsilə verilən tədris təbii ki, ənənəvi təhsili – canlı ünsiyyət formasını əvəz edə bilməz: “Müəllimlə şagirdin eyni otaqda dərs keçməsi ilə uzaqdan keçirilən dərs eyni deyil. Biz ənənəvi təhsildə daha çox keyfiyyət əldə edə bilirdik. Distant təhsildə bizim öyrədicilik qabiliyyətimiz 40-60 faiz civarındadır. Amma ənənəvi təhsildə əlbəttə ki, təxminən 80 faiz keyfiyyət göstəricisinə nail ola bilirik”.
Elçin Əfəndinin sözlərinə görə, pandemiya dövründə həyata keçirilən distant təhsilin müsbət və mənfi cəhətləri var. Birinci müsbət cəhəti odur ki, istənilən şəxs evini tərk etmədən dərslərə qoşulur və maddi baxımdan ailə büdcəsinə o qədər də ziyan vurmur: “Yəni şagirdin gündəlik yolpulusu və digər məsrəfləri olmur. Eyni zamanda, vətəndaşın təhlükəsizliyi baxımından da distant təhsilin üstünlükləri var. Mənfi tərəfi isə ondan ibarətdir ki, biz tam əhatəliliyi qoruya bilmirik. Bu baxımdan ki, respublikanın bütün ərazisi internetlə təmin olunmayıb. Məsələn, Azərbaycanın ucqar rayonlarında, ucqar dağ kəndlərində şagirdlərin distant təhsilə qoşulub dərs almaları mümkün deyil”.
Elçin Əfəndinin sözlərinə görə, əksər şagirdlərin distan təhsilə qoşula bilməməsinin başqa bir səbəbi isə evdə müvafiq texnoloji avadanlıqların - planşet, ağıllı telefon, noutbuk, kompüterin olmamasıdır: “Hər ailədə bu qurğular yoxdur. Hətta əgər hər hansı ailədə bir ədəd kompüter varsa və ailədə ata və ya ana müəllimdir, iki şagird təhsil alandır. Deməli, onlar hamısı onlayn dərsə qoşulmalıdır. Belə olan halda kompüteri aralarından necə bölüşdürsünlər? Ona görə düşünürəm ki, əgər pandemiya aradan qaldırılana qədər distant təhsildən istifadəni davam etsək, dövlət tərəfindən bu kateqoriyaya daxil olan ailələr ən azından bir planşet və ya ağıllı telefonla təmin olunmalıdır. Həmçinin bütün ölkə ərazisini internetlə təmin etmək lazımdır”.
Distant təhsil zamanı yaranan problemlərdən biri də müəllimlərlə bağlıdır. Belə ki, bəzi müəllimlərin, əsasən də yaşlı nəslin nümayəndələrinin informasiya-texnologiya ilə bağlı bilikləri elə də yüksək deyil. Onlar lazımi platformalardan istifadə etməkdə çətinlik çəkirlər. Ekspert hesab edir ki, bu da həmin müəllimlər tərəfindən təhsilin verimliyini qənaətbəxş etmir: “Yəni, həmin müəllimlər sayəsində yüksək nəticə əldə etmək mümkün deyil. Bununla əlaqədar hazırda Təhsil Nazirliyi tərəfindən müvafiq addımlar atılır. Müəllimlərə təlimlər keçirilir ki, növbəti təhsil ilində distant təhsil davam edərsə, şagirdlərə və tələbələrə öz biliklərini tətbiq edə bilsinlər”.
Ekspert həmçinin qeyd edib ki, oxumaq istəyən şagird üçün distant və ya ənənəvi təhsil fərq etmir. Əgər şagird qarşısına oxumağı məqsəd qoyubsa, onun üçün müəllimin funksiyası sadəcə mayak rolunu oynayır: “Şagird auditoriyada oturanda da müəllimdən müvafiq bilgilər əldə edir, monitor qarşısında da. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarının nəticələrinə baxanda görürük ki, bizim fikrimiz öz təsdiqini tapır. O baxımdan ki, yüksək bal toplayan abituriyentlər oxumağa meyli olanlardır”.
Ekspert sentyabr ayında yeni tədris ilinin başlayacağı məsələsinə də toxunub. Bildirib ki, hər bir şəxs öz təhlükəsizliyini və sağlamlığını özü qorumalıdır: “Amma sağlamlığımızla yanaşı, təhsilimiz də vacibdir. Çünki yalnız təhsil verib güclü mütəxəssis hazırlaya bilərik. Güclü mütəxəssis hazırlamalıyıq ki, koronavirusla mübarizə apara bilək. Bu baxımdan düşünürəm ki, ənənəvi təhsilə başlamaq lazımdır”.
Xatırladaq ki, SƏS TV-də efirə gedən “Pandemiya və təhsil” proqramı “İnsan Hüquqları üzrə Monitorinq və Maarifləndirmə” İB-nin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi layihə çərçivəsində hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB