Təhsil eksperti: “Dövlət tərəfindən 3 vacib addım həyata keçirildi"
“Azərbaycanda mart ayının 3-də istər ali təhsil müəssisələrində, istərsə də orta ümumtəhsil məktəblərində tədris prosesinin dayandırılması zəruri idi. Çünki təhsil öz ətrafında kifayət qədər geniş kütləni birləşdirir”. Bunu “Pandemiya və təhsil” proqramına müsahibəsində təhsil eksperti Kamran Əsədov deyib. O qeyd edib ki, Azərbaycanda 4447 orta ümumtəhsil məktəbdə 1,6 milyon şagird təhsil alır. 50-dən çox ali təhsil müəssisəsində 170 minə yaxın tələbə oxuyur. Orta ümumtəhsil məktəblərində 151 min müəllim var. Ali və orta ixtisas təhsil müəssisələrində olan müəllimlərin sayı isə 40 minə yaxındır.
Təhsil ekspertinin sözlərinə görə, beləliklə də 2 milyona yaxın insan gündəlik tədris prosesinin aktiv iştirakçısına çevrilə bilərdi: “Bunun qarşısını almaq üçün dövlət ;tərəfindən 3 vacib addım həyata keçirildi. Birincisi, aktiv tədris prosesi dayandırıldı və alternativ təhsilalma formaları tətbiq edildi. İkincisi, insanlar üçün təhsilin əlçatanlığı təmin olundu. Üçüncüsü, pandemiyadan zərər çəkmiş tələbələrə və ailələrə dövlət tərəfindən yardımlar göstərildi”.
Dünya ölkələri ilə müqayisələr aparan Kamran Əsədovun sözlərinə görə, təhsil sahəsində ən operativ qərar Azərbaycanda verilib. Belə ki, ölkədə martın 3-də tədris prosesi dayandırılıb. Təhsil Nazirliyinin çevik qərarı əsasında, martın 11-dən etibarən artıq tele-dərslərə start verilib: “Bu qərar dərslərin axarını təmin etmək məqsədi daşıyırdı. Amma məsələn, İngiltərədə bu addım 30 gündən sonra, Almaniyada 25 gündən sonra baş verdi. İkinci addım isə aprelin 2-dən etibarən virtual məktəb layihəsinin həyata keçirilməsi oldu. Orta ümumtəhsil məktəblərində təhsil alan 1 milyon şagird virtual məktəb layihəsindən qeydiyyatdan keçərək, dərslərdə iştirak etdilər. Bundan başqa, ölkənin bütün ali təhsil müəssisələrində “Microsoft Teams” proqramı vasitəsilə tədris prosesinin qurulması təmin edildi”.
Pandemiya dövründə Azərbaycanda ən önəmli tədris üsullarından biri də distant – yəni, məsafədən təhsildir. Ekspert deyir ki, əslində, 2009-cu ildə qəbul edilmiş “Təhsil haqqında” qanuna görə, təhsilalma formalarından biri kimi distant təhsil nəzərdə tutulurdu. Lakin bu müddət ərzində distant təhsilin qanunvericilik bazası tətbiq edilmədiyinə görə müəyyən boşluqlar vardı: “Bizim elektron resurslarımız, elektron avadanlıqlarımız, vizuallaşdırılmış dərslərimiz yox idi. Amma pandemiya dövründə Azərbaycan hökumətinin və Təhsil Nazirliyinin atdığı doğru addımlar nəticəsində 80 faizə yaxın şagird üçün dərslərin normal axını təmin edildi”.
Kamran Əsədov teledərsləri aparan müəllimlərin peşəkarlığından da söz açıb. O, layihəyə kifayət qədər təcrübəli müəllimlərin cəlb edildiyini bildirib. Əlavə edib ki, burada efir, nitq mədəniyyəti, lakonik, səlis danışıq, görünüş, hər şey nəzərə alınır: “Əsas məqsəd müəllimin dərsi 10 dəqiqə ərzində şagirdə çatdıra bilmə bacarığıdır. Düşünürəm ki, şagirdlərin evdən çıxmadan ekran qarşısında dərsləri izləməsi çox əlverişli oldu”.
Ekspert dövlətin pandemiya dövründə həyata keçirdiyi təhsil proqramlarını yüksək dəyərləndirir. Qeyd edir ki, martın 3-dən etibarən ölkədə təkcə tədris prosesi dayandırılmadı, eyni zamanda, hazırlıq kursları və repetitorların fəaliyyəti də məhdudlaşdırıldı. Bu müddət ərzində şagirdlərə alternativ təhsialma formalarından istifadə etmək şəraiti yaradıldı. “Virtual məktəb”, tele-dərslər, “Skype”, “Zoom”, “Microsoft Teams” və digər proqramlar vasitəsilə təhsillərini davam etdirdilər: “Sizə maraqlı bir fakt deyim. Buraxılış imtahanlarında iştirak edən 200 mindən çox şagird arasında kifayət qədər yüksək nəticə göstərənlər var idi. 250-300 bal toplayanlar arasında regionlarda yerləşən məktəblərin şagirdlərinə də rast gəlinirdi. Bu da o deməkdir ki, alternativ təhsilalma formaları müəyyən qədər öz effektini verib. Əgər bu üsullar tətbiq edilməsəydi, şagirdlərimiz həmin nəticəni göstərə bilməzdilər”.
Kamran Əsədov bununla bağlı bəzi təklifləri də irəli sürdüklərini bildirib. Təkliflərə əsasən, bəzi dərsləri orta məktəb müəllimləri əvəzinə tanınmış insanlar keçə bilərlər: “Məsələn, ədəbiyyat dərsində əgər yazıçı Anar və ya Elçin Əfəndiyevdən danışırıqsa, onlar özləri gəlib həyat və yaradıcılıqları haqda məlumat verə bilərlər. Belə olsa, şagirdləri ekran qarşına daha yaxşı cəlb etmək olar. Həmçinin musiqi və idman dərslərində də bu metodu tətbiq etmək mümkündür”.
Xatırladaq ki, SƏS TV-də efirə gedən “Pandemiya və təhsil” proqramı “İnsan Hüquqları üzrə Monitorinq və Maarifləndirmə” İB-nin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi layihə çərçivəsində hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB