İlham Əhmədov: “Qısa zamanda teledərslərin təşkil olunması müsbət haldır”
“Distant – yəni məsafədən olan təhsilin tarixi 100 ilə yaxındır”. Bunu təhsil eksperti, dosent İlham Əhmədov “Pandemiya və təhsil” proqramında bildirib. Onun sözlərinə görə, əvvəllər hər yaşayış məntəqəsində məktəb olmadığına görə insanlar evlərindən uzaqda olan təhsil müəssisəsində oxumaq qərarını verirdilər. Amma yaşayış və iş yerini tərk etmək əlverişli deyildi: “Buna görə də insanlar qiyabi formatda oxuyurdular, tapşırıqlar onlara xüsusi məktublar vasitəsilə gəlirdi. Mühazirə mətnləri, kitabları oxuyurdular, tapşırıqları yerinə yetirirdilər və yenidən məktubla təhsil müəssisəsinə göndərirdilər. Bu qayda ilə bir neçə ay və ya bir neçə il oxuyurdular”.
COVİD-19 pandemiyası ilə əlaqədar tətbiq edilən karantin səbəbindən bütün dünyada olduğu kimi, Azərbaycanda da təhsil müəssisələrinin bağlandığını xatırladan ekspert deyir ki, dövlətin həyata keçirdiyi operativ tədbirlər nəticəsində şagird və tələbələr onlayn dərslərə cəlb olunublar: “Pandemiya ucbatından dünyanın təxminən 200 ölkəsində tədris prosesi dayandı. 1 milyard yarım məktəbli və tələbə tədrisdən kənarda qaldı. Bu zaman hansı ölkədə distant təhsil sistemi var idisə, onlar 5-10 gün ara verməklə, təhsil sistemini yenidən distant təhsil formatında hazırladılar və tədris prosesinə onlayn şəkildə davam etdilər”.
Təhsil ekspertinin sözlərinə görə, Azərbaycanda distant təhsil pandemiyadan əvvəl elə də inkişaf etməmişdi. Qıza zaman ərzində - heç bir hazırlıq görülmədən, ayrı-ayrı orta məktəb və universitet müəllimləri bu işi qismən də olsa həll edə bildilər: “Azərbaycanda onlayn şəkildə həyata keçirilən tədris prosesi distant təhsil deyil, ona qarşı ilk addımdır. Distant təhsili yaratmağa uzun illər, böyük məbləğdə vəsait və peşəkar komanda lazımdır. Yəni, asanlıqla başa gələn şey deyil. Bundan başqa, təhsilin keyfiyyətini daha da yüksəltməliyik ki, distant təhsil də keyfiyyətli olsun”.
İlham Əhmədov karantin dövründə dövlət tərəfindən təhsil sahəsində həyata keçirilən layihələri yüksək dəyərləndirir. Qeyd edir ki, çox qısa zamanda orta məktəb şagirdləri üçün teledərslərin təşkil olunması müsbət haldır. Daha sonra “Virtual məktəb”, Zoom və digər proqramlar vasitəsilə təhsil prosesi davam etdirildi: “Hələ məlum deyil yeni tədris ilində vəziyyət necə olacaq. Bəzi ölkələr sentyabr-oktyabr aylarında virusun ikinci dalğasının ola biləcəyini ehtimal edirlər. Buna görə də biz yeni dərs ilinə kimi distant təhsil sistemini daha da təkmilləşdirməliyik ki, onlayn dərsləri daha yüksək səviyyədə həyata keçirək”.
Xatırladaq ki, SƏS TV-də efirə gedən “Pandemiya və təhsil” proqramı “İnsan Hüquqları üzrə Monitorinq və Maarifləndirmə” İB-nin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi layihə çərçivəsində hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB