Normal təhsil, yoxsa onlayn hoqqabazlıq? - ARAŞDIRMA

Valideynlər: İnterneti zəif, komputeri olmayan uşaqlar necə onlayn təhsil alacaqlar?

Sosioloq: Ya şagirdləri internet və kompüterlə təmin etməlidirlər, ya da normal təhsilə qayıtmalıdırlar

Azərbaycanda onlayn dərslərə start verildikdən sonra məlum oldu ki, bir çox şagirdlərin evdə kompüterləri yoxdur. Texnomağazalarda isə kompüterlər olduqca baha qiymətə satılır və kasıb ailələrin çoxu onları almaq imkanında deyil. Üstəlik, əksər yerlərdə internet sürəti zəifdir ki, bu qoşulmağa imkan vermir. Bəs çıxış yolu nədədir?

Valideynlər və tələbələr texniki problemlərdən şikayətlənir

Şahnaz Hüseyn, valideyn:
Məktəblərdə informatika otaqlarında heç uşaqların sayına uyğun kompüter yoxdur. 2-3 uşaq bir kompüterdən istifadə edir. Təhsil Nazirliyi məktəbləri kompüterlə təmin edibmi ki, uşaqlara evdə distant dərs də versin. Müəllimlərin əksəriyyətinin texnologiyadan anlayışı yoxdur. 30 dəqiqəlik virtual dərsin 10 dəqiqəsi ancaq qoşulmağa sərf olunur. Dərs ili başlayandan sonra müəllimləri təlimlərə cəlb edirlər. Avadanlıqla təmin edilmək də bir ayrı dərddir. İnsanların əsəbləri korlanır.

Ayna Məmmədova, tələbə:
Təsəvvür edin, "patok" dərsidir, hər qrupdan bir neçə nəfər qoşula bilir, qalanları yox. Çünki, çoxunda internet zəifdir, bəzilərinin isə kompüteri yoxdur. Ümumiyyətlə, onlayn sistem bizim ölkə standartlarına tamamilə zidd bir haldır. Yaxşısı budur normal təhsil sisteminə qayıtsınlar.

Mehman Nəbiyev, valideyn:
Hələ indi də məcbur ediblər ki, onlayn qoşulmayan şagirdlər sinifdə qalacaq. Əvvəl ölkədə normal internet sürəti təmin edilsin, sonra şagirddən nəsə tələb eləsinlər. Hamı mərkəzdə qalmır ki, bəziləri telefon xəttinin belə olmadığı uzaq yerlərdə yaşayır. Bəs o neyləsin? Onlayn tədris onun beynində havadan zühur eləməlidi?

Emin Mehdi, valideyn:
Onlayn təhsil üçün ilk öncə hər kəsin evində müvafiq avadanlıq olmalıdır. Ən əsası kompüter. Telefonla alınan məsələ deyil. Hansı müəlliməyə, hansi şagirdə kompüter təşkil edildi ki, onlayn dərsə basladılar? Ondansa, normal təhsili bərpa etsinlər.

Sosioloq: "Kasıb uşaqları təhsildən kənarda qalır"

Onlayn təhsil sistemi hansı problemlər yaradıb və onları necə həll etmək olar? "Altay" Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin sədri, Elçin Bayramlı deyir ki, burada ciddi texniki problemlər var: "Heç kimə sirr deyil ki, şagirdlərin yarıdan çoxunun evdə kompüteri və şəxsi smart telefonu yoxdur. Mağazalarda kompüterlərin qiymətləri çox bahadır və əhalinin çoxunun onları almaq imkanı yoxdur, özü də indiki işsizlik və gəlirlərin azaldığı bir şəraitdə".

Sosioloqun sözlərinə görə, hazırki vəziyyət bütün sistemi dağıdıb: "Bir çox valideynlər işə gedə bilmirlər, çünki əvvəl uşağı məktəbə qoyub gedirdi, indi məcburdur ki, evdə uşağın yanında qalsın, bir çoxları da öz smartfonlarını uşağa verməyə məcbur olurlar ki, bununla da onların öz işləri pozulur. Üstəlik, smartfonla da onlayn dərsdə iştirak etmək çətindir, bunun üçün kompüter lazımdır.

Digər tərəfdən isə, ötən həftə hökümətin şəxsi istifadə üçün xaricdən onlayn mal gətirilməsinə qoyduğu limit daha da azaldılaraq 300 dollara endirilib. Bu da vətəndaşların şəxsi istifadə üçün xaricdən kompüter alıb gətirtməsini qeyri-mümkün edir. 300 dollara nə ala bilərsən? Normal kompüter dünya bazarında 500 dollardan aşağı deyil. İnsanların borca-xərcə, sələmə, kreditə girib yerli mağazalardan 1000-1500 manata kompüter almağa məcbur edilməsi ayıbdır. Bu vəziyyətdə sosial təbəqələr arasında uçurum süni şəkildə artırılır və sosial-psixoloji diskomfort yaranır. Belə çıxır ki, kasıb uşaqları təhsil almasın, təhsil ancaq varlılar üçündür".

İmkansız şagirdlər niyə kompüterlə təmin olunmadı?

E.Bayramlı bu məsələdə Təhsil Nazirliyini qınayır: "Nazirlik, heç olmasa, yazda verdiyi açıqlamadan utansın. Demişdilər ki, pandemiya uzanarsa, onlayn təhsil üçün şagirdlər planşetlərlə təmin ediləcək. Bir çox ölkələrdə belə də edilib. Heç olmasa imkansız şagirdlərə verəydilər. Əgər bunu edə bilmirsənsə və ya etmək istəmirsənsə, onda zəhmət çək onlayn təhsili dayandır, normal təhsilə qayıt, yox ona qayıda bilmirsənsə, onda zəhmət çək imkansız ailələrin uşaqlarını komputerlə və panşetlə təmin et".

Ekspertin fikrincə, problemin konkret həll yolları var və iki yoldan biri seçilməlidir: "Ya şagirdləri başqa ölkələrdə olduğu kimi elektron cihazlarla təmin edəcəklər, ya da etmirlərsə, onda normal təhsilə qayıtmalıdırlar. Mən hələ ölkədə internetin bərbad və çox baha olmasına, əhalinin yarısının internetinin olmadığına toxunmuram. Qısa desək, onlayn təhsil bizlik deyil, ən yaxşısı normal təhsilə qayıtsınlar. Əgər bunu da virus qorxusundan edə bilmirlərsə, ümumiyyətlə təhsili dayandırsınlar”.

Ümid edirik ki, Təhsil Nazirliyi və digər aidiyyatı hökumət orqanları bu problemlərin həll üçün ciddi tədbirlər həyata keçirəcək. Əks halda, təhsil sistemi çökəcək.

Lalə Mehralı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...