Təhsil uğurlu gələcəyin təməlidir

Ötən tədris ilinin XI sinif məzunlarından 125 nəfər qızıl , 76 nəfər isə gümüş nişanla təltif olunub

Müasir dövrümüzdə ölkə iqtisadiyyatının şaxələnməsi, hərtərəfli inkişafı təhsil infrastrukturunun əsaslı şəkildə yenilənməsinə, Azərbaycan təhsilinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına, şəffaflığın və obyektivliyin təmin olunmasına zəmin yaradıb. Hazırda təhsil bütün pillə və səviyyələr üzrə yenilənir. Təhsil ocaqlarının yenidən qurulması, təmiri və inşası istiqamətində, davamlı olaraq, işlər görülür. Azərbaycanın təhsil sisteminin normativ-hüquqi bazasının yaradılması, təhsilin məzmununun yeniləşdirilməsi və təkmilləşdirilməsi, təhsilin idarə olunmasının demokratikləşdirilməsi, təhsil sahəsində beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində çox böyük işlər görülüb. Məhz bunun nəticəsidir ki, bu gün təhsilin keyfiyyəti inkişaf etmiş ölkələrin səviyyəsinə yüksəldilib. Əminliklə vurğulayaq ki, son illərdə ölkədə təhsil müəssisələrinin inkişafı istiqamətində mühüm addımlar atılmış, müxtəlif şəhər və rayonlarda təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası istiqamətində uğurlu işlər görülmüşdür.

MƏZUNLARIN QIZIL MEDALA LAYİQ GÖRÜLMƏSİ TƏHSİLİN KEYFİYYƏTİNDƏN, BU SAHƏYƏ AYRILAN DİQQƏT VƏ QAYĞIDAN QAYNAQLANIR

Təbii ki, təhsildəki nailiyyətlər hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Azərbaycanda son illər təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, dövlət proqramları, islahatlar bu sahəyə dövlətin böyük önəm verdiyini göstərir. Təbii sərvətlərlə zəngin olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə etməklə, insan kapitalının yaradılması və daha da inkişaf etdirilməsini başlıca hədəf seçib. Buna görə də, neft gəlirləri Azərbaycanda həm də təhsilin inkişafına yönəldilib. Şübhəsiz ki, bütün bunlar təhsilin keyfiyyətinə təsirsiz ötüşməyib. Hər il məzunların qızıl medala layiq görülməsi, təbii ki, təhsilin keyfiyyətindən, bu sahəyə ayrılan diqqət və qayğıdan qaynaqlanır. "Təhsil haqqında" qanun qüvvəyə mindikdən sonra Nazirlər Kabinetinin müvafiq qərarı ilə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunması qaydaları təsdiqləndi. Beləliklə, 2011-ci ildən etibarən məzunlara qızıl və gümüş medalların verilməsinə başlanıldı. 2011-2012-ci tədris ilində 53 şagird qızıl və gümüş medala layiq görüldü. Rekord göstərici isə 2012-2013-cü tədris ilində oldu. Həmin dərs ilində orta məktəbin 11-ci sinfini 248 nəfər qızıl və gümüş medalla bitirdi. Məzunların 238-i qızıl medala, 10-u isə gümüş medala layiq görüldü. 2014-2015-ci tədris ilinin yekunlarına görə, ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran 131 nəfəri qızıl, 21 nəfəri gümüş medalla təltif edildi. 2015-2016-cı tədris ilində 129 nəfər XI sinif məzunu qızıl medalla, 29 nəfər gümüş medalla təltif olundu. 2016-2017-ci illərdə XI siniflərin 154 nəfər məzunu qızıl medalla, 31 nəfər məzunu isə gümüş medalla təltif edildi. 2017-2018-ci dərs ilində məzunların 185-i qızıl, 38-i isə gümüş medala layiq görüldü. 2018-2019-cu dərs ilində təhsil müəssisələrini bitirən məzunlardan 112-si qızıl, 67-si isə gümüş medalla təltif olunub.2019-2020-ci tgdris ili üzrg ötən tədris ilinin XI sinif məzunlarından 125 nəfər qızıl, 76 nəfər isə gümüş nişanla təltif olunub.

Qeyd edək ki, qızıl və gümüş medallara namizədlər Nazirlər Kabinetinin 2010-cu il qərarı ilə təsdiq olunmuş "Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası"na əsasən, müəyyənləşdirilib. Bütün bunlar Azərbaycan təhsilin uğurlarıdır. Müasir standartlara cavab verən təhsil müəssisələrində yaradılmış şərait məktəblilərin beynəlxalq olimpiadalarda iştirakına, müxtəlif layihələrdə qalib kimi adının hallanmasına səbəb olub. Ardıcıl olaraq, təhsil sahəsində köklü islahatların aparılması məktəblilərin burada şəxsiyyət kimi formalaşmasına təsirini göstərməkdədir. Müasir dövrümüzdə bu islahatların ən mühüm mərhələsi yaşanılır. Təhsilin məzmunu, keyfiyyəti və təlimin təşkilinə verilən tələblərdə ciddi yeniləşmə və müasirləşdirmə prosesləri gedir. Ümumiyyətlə, Azərbaycan təhsilini beynəlxalq standartlara uyğunlaşdırmaq üçün atılan addımlar, onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin "qara qızıl"ın insan kapitalına çevrilməsi çağırışı uğurla reallaşmaqdadır. Bu yüksək göstəricilərin əldə edilməsi ölkəmizdə təhsilin inkişafına ayrılan diqqətdən və dünya standartlarına uyğun qurulmasından qaynaqlanır. Azərbaycanın dünyaya inteqrasiya olunduğu zamanda Azərbaycan təhsilinə yönəlmiş diqqət, məhz bu sahədə zamanın tələblərini ödəyə biləcək ziyalıların yetişməsinə doğru uğurlu bir addımdır.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...