Rusiyada ali təhsil almaq istəyən Azərbaycan vətəndaşları üçün qəbul imtahanı keçiriləcək
TQDK 2011/2012-ci tədris ili üçün Rusiya Federasiyası ali təhsil müəssisələrində Azərbaycan Respublikası vətəndaşları üçün ayrılmış yerlərə tələbə qəbulu elan edir.
TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Rusiya Federasiyası ali təhsil müəssisələrinə keçirilən imtahanda iştirak etmək istəyən abituriyentlər Azərbaycan Respublikası ali təhsil müəssisələrinin qəbul imtahanında iştirak etmək üçün doldurduqları "Elektron ərizə"ni təsdiq etdirdikdən sonra TQDK-da təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında qeydiyyatdan keçməlidirlər (ünvan: Akademik Həsən Əliyev küçəsi, 17). Qeydiyyat 2011-ci il may ayının 11-dən 18-dək hər gün ( bazar günü istisna olmaqla) saat 10:00-dan 17:00-dək aparılır.
İmtahanda iştirak etmək hüququna orta attestat qiyməti (cari ilin məzunlarının birinci yarım il üzrə orta qiyməti) 4 və daha yüksək olan Azərbaycan Respublikasının vətəndaşları malikdirlər. Ali təhsil müəssisəsinin tələbəsi və ya məzunu olan şəxslər bu imtahanda iştirak etmək hüququna malik deyillər.
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqədə yalnız Bakı Musiqi Akademiyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının I və II kursunda yaxşı və əla qiymətlərlə təhsil alan tələbələr iştirak edə bilərlər. Onlar müsabiqənin I mərhələsində (test imtahanı və müsahibədə) iştirak etmirlər və yalnız qabiliyyət imtahanında iştirak etmək üçün Rusiya Federasiyasının müvafiq ali təhsil müəssisəsinə getməlidirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB