Səməd Seyidov İndoneziya səfiri ilə görüşüb

Səməd Seyidov İndoneziya səfiri ilə görüşüb

Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili, professor Səməd Seyidov İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İvan Viranataatmacanı səlahiyyət müddətinin başa çatması münasibətilə qəbul edib. ADU-nun İctimaiyyətlə əlaqələr və mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, ölkələrimiz arasında əlaqələrin çox vacib və əhəmiyyətli olduğunu bildirən Səməd Seyidov mədəniyyət, elm və bu kimi digər humanitar sahələrdə əməkdaşlığın bir çox əlaqələrin inkişafına təkan verdiyini deyib. Bu istiqamətdə Azərbaycan Dillər Universiteti ilə münasibətlərin çox vacib olduğunu diqqətə çatdırıb.


İvan Viranataatmaca öz növbəsində, Azərbaycan Dillər Universiteti ilə əlaqələrin davamlı olacağına ümid ifadə edib. O, Azərbaycanlı tələbələrin İndoneziyada müxtəlif proqramlar üzrə təhsil aldıqlarını bildirib. Səfirliyin bu istiqamətdə Dillər Universiteti ilə fəal şəkildə işlədiyini və ADU-dakı İndoneziya mərkəzinin fəaliyyətindən razı qaldığını bildirib. Səfir İvan Viranataatmaca Azərbaycanın gündən - günə inkişaf etdiyini və bu uğurların göründüyünü vurğulayıb.


Səməd Seyidov səfirə ADU-da İndoneziya mərkəzinin açılmasında göstərdiyi səylərə görə təşəkkür edib. Azərbaycanda İndoneziya səfirliyinin açılmasının əhəmiyyətini vurğulayıb və səfirliyin böyük işlər gördüyünü qeyd edib.


Rektor Səməd Seyidov ADU-nun tələbəsinin İndoneziyada keçirilən festivalda iştirak edərək Azərbaycanı, həmçinin Dillər Universitetini təmsil etdiyi üçün qürur hissi keçirdiyini deyib. O. səfirə öz gələcək fəaliyyətində uğurlar arzu edib və onu ADU-da professor kimi fəaliyyət göstərməyə dəvət edib.


Səfir İvan Viranataatmaca bu təklifi böyük məmnuniyyətlə qəbul etdiyini söyləyib. O, həmçinin, ADU-nun professoru Həbib Zərbəliyevə bütün bu istiqamətdə gördüyü işlərə görə təşəkkür edib.


Səməd Seyidov Həbib Zərbəliyevin fəaliyyətindən razılığını ifadə edib. Bununla yanaşı, S.Seyidov İndoneziyada Azərbaycanşünaslığın inkişaf etdirilməsini və Azərbaycan Mədəniyyət Mərkəzinin açılmasının vacibliyini vurğulayıb. O, deyib ki, İndoneziyada Azərbaycan Mədəniyyət Mərkəzinin açılması gələcək əməkdaşlığa böyük töhfə verə bilər.


Sonra səfir və onu müşayiət edən qonaqlar ADU-nun İndoneziya Mərkəzində təşkil olunan tədbirə qatılıblar. Səfir ADU-nun Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin İndoneziyaşünaslıq ixtisası üzrə təhsil alan tələbələri qarşısında çıxış edib. ADU-nun İndoneziya Mərkəzinin müdiri Laura Zərbəliyeva təmsil etdiyi struktur adından səfirə xatirə hədiyyəsi təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə