Misir Mərdanov Azərbaycanın Almaniyanın Ştutqart şəhərindəki fəxri konsulu ilə görüşüb
Mayın 10-da təhsil naziri Misir Mərdanov Almaniya-Azərbaycan Forumunun sədri, Azərbaycanın Almaniyanın Ştutqart şəhərindəki fəxri konsulu Otto Hauzerlə görüşüb. SİA-nın xəbərinə görə, təhsil naziri Misir Mərdanov qonağı səmimi salamlayaraq onu Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu ifadə edib. Azərbaycanla Almaniya arasında mövcud olan əməkdaşlığın son illər daha da inkişaf etdiyini bildirən nazir iki ölkənin təhsil sahəsi üzrə səmərəli əlaqələrinin qurulmasında Azərbaycanın Ştutqart şəhərindəki fəxri konsulu Otto Hauzerin gördüyü işlərin əhəmiyyətini xüsusi qeyd edib.
Təhsil naziri Alman Akademik Mübadilə Xidməti (DAAD) ilə yaradılmış uğurlu əməkdaşlıqdan söz açıb, bu layihənin Azərbaycan və Almaniya tərəfindən dəstəkləndiyini qeyd edib.
Nazir bildirib ki, bu günədək 70-dən çox azərbaycanlı gənc məhz bu proqram çərçivəsində Almaniya universitetlərində təhsil alıb.
Azərbaycanın Almaniyanın Ştutqart şəhərindəki fəxri konsulu Otto Hauzer səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkür edib. Almaniya ilə Azərbaycan arasında müxtəlif sahələrdəki əlaqələrdən bəhs edən qonaq, xüsusilə təhsil sahəsində əməkdaşlığın səmərəliliyinin daha da artırılması məqsədilə peşə təhsili sahəsi üzrə ən çox ehtiyac duyulan istiqamətlərdə kadrların hazırlanması, Azərbaycanda dual peşə təhsili sisteminin yaradılması təklifi ilə çıxış edib.
Görüşdə Almaniyadan peşə təhsili üzrə bir qrup mütəxəssisin bu ilin yayında Azərbaycana səfəri, Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri üçün əhəmiyyətli olan "Almaniyada kənd təsərrüfatının əsasları" adlı iki kitabın Azərbaycan dilinə tərcümə edilməsinin həyata keçirilməsi, dual peşə təhsili mərkəzinin yaradılması üzrə layihənin hazırlanması və bununla bağlı digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB