Bu gün ölkəmizin bütün ümumtəhsil məktəblərində yeni dərs ili başlayır
Bu gün 15 sentyabt tarixidir. Hər il təntənə ilə qeyd etdiyimiz bilk günü. Amma cox təəssüf ki, 2020-2021-ci tədris ilində pandemiya dövrü ilə əlaqədar Bilik günü əvvəlki illər kimi deyil, onlayn şəkildə baş tutacaq. 2020-2021-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 574 206 şagird təhsil alacaq. Şagirdlərin ümumi sayından 733 279 nəfəri qız, 840 927 nəfəri isə oğlandır. Ümumtəhsil məktəblərinin I sinfində 165 511, IX sinfində 132734, XI sinfində isə 85044 şagird təhsil alacaq. Yeni tədris ilində 317 ibtidai məktəb, 783 ümumi orta məktəb, 3319 tam orta məktəb, 16 xüsusi tipli məktəb və 5 əyani-qiyabi (axşam) tam orta məktəb, o cümlədən 60 məktəb-lisey, 50 lisey, 15 gimnaziya və 14 inteqrasiya təlimli internat tipli gimnaziya olmaqla, ümumilikdə 4 440 məktəbin fəaliyyət göstərəcək.
Yeni tədris ilində ilk dərslər I- IV siniflərdə (əyani formada) “Gigiyena qaydalarına necə əməl edirəm?”, V-IX siniflərdə (distant (məsafədən) formada) “Müstəqil öyrənmə bacarıqlarına yiyələnmək zamanın tələbidir”, X-XI siniflərdə (distant (məsafədən) formada) “Məsuliyyətli vətəndaş qüdrətli dövlət deməkdir” mövzularına həsr olunacaq.
Qeyd edək ki, 2020-2021-ci tədris ilində ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları, həmçinin Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş tədris planları əsasında təşkil ediləcək. 2020-2021-ci tədris ilinə dərsliklərin dövlət ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərə çatdırılıb. Yerlərdə şagirdlərin dərslik təminatı prosesinin bütün təhlükəsizlik və sanitar-epidemioloji normalara, eləcə də Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə əməl edilməklə həyata keçirilib. Qeyd edək ki, 2020-2021-ci tədris ilinə ölkənin dövlət ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün 339 adda 7233214 nüsxə dərslik və metodik vəsait çap edilib.
Bu gün təhsilin keyfiyyətinin yüksəldilməsi üçün dövlətimiz tərəfindən yüksək şərait yaradılıb. Azərbaycan təhsilinə yönəlmiş diqqət, məhz bu sahədə zamanın tələblərini ödəyə biləcək ziyalıların yetişməsinə doğru uğurlu bir addımdır. Bu gün təhsil sahəsində davamlı olaraq həyata keçirilən islahatlar bir daha əmin olmağa əsas verir ki, müasir Azərbaycan təhsili özünün zəngin mütərəqqi ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf edəcək. Yaradılmış şərait və dövlət qayğısı təhsil işçilərini ruhlandırır, onları öz fəaliyyətlərinə daha yaradıcı yanaşmağa sövq edir. Tədrisin səviyyəsinin yüksəldilməsi, məktəblərin fəaliyyətinin gücləndirilməsi, eyni zamanda, dövlətin və cəmiyyətin məktəblə birgə fəaliyyəti nəticəsində mümkün olur. Hər bir təhsil ocağı göstərilən dövlət qayğısını qazandığı nailiyyətlərlə doğrultmalıdır. Azərbaycan Prezidenti İlham Əliyevin təhsili dövlət siyasətinin prioritetlərindən biri kimi diqqətdə saxlaması, bu sahədə köklü islahatların aparılması təhsilin məzmun və keyfiyyətinə təsirini göstərir. Orta ixtisas məktəblərində təhsilin idarə edilməsi, eləcə də, onun keyfiyyətinin yaxşılaşdırılması sahəsində kifayət qədər irəliləyişlərin əldə olunması təhsilli, bilikli, savadlı mütəxəssislərin yetişməsinə səbəb olub.
Azərbaycan təhsilinə dövlət tərəfindən göstərilən diqqətin bariz nümunələrindən biri məktəb tikintisinin geniş vüsət almasıdır. Son 17 ildə Azərbaycanda dövlətin və Heydər Əliyev Fondunun xətti ilə 3500-dən çox məktəb ya yenidən tikilib, ya da əsaslı təmir edilib. , 2020-2021-ci tədris ili ərəfəsində paytaxtdakı yeni inşa olunan və ya əsaslı təmir edilən təhsil müəssisələri artıq istifadəyə hazırdır. Sevindirici haldır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir sıra təhsil müəssisələrində görülmüş işlərlə şəxsən tanış olub və açılış mərasimlərində iştirak edib. Dövlət başçısı sentyabrın 7-də paytaxtın Nizami rayonunda 251 nömrəli tam orta məktəbdə aparılan əsaslı təmir işləri ilə tanış olub, bu təhsil ocağının yeni korpusunun açılışında iştirak edib. 1974-cü ildən fəaliyyətdə olan, ümumilikdə 1700-ə yaxın şagirdin təhsil aldığı məktəb sıxlıq olduğu üçün ikinövbəli fəaliyyət qrafiki ilə işləyirdi. Yeni korpus bu problemi aradan qaldıracaq. 840 şagird yerlik olan yeni korpusda məktəblilərin təhsil almaları üçün hərtərəfli şərait yaradılıb. Görülən bu işlər bir tərəfdən gənclərin yüksək səviyyəli təhsil almasına xidmət edirsə, digər tərəfdən onların daha hərtərəfli yetişməsi, nüfuzlu universitetlərdə təhsillərini davam etdirməsi, dünya təhsil sisteminə inteqrasiya baxımından da böyük əhəmiyyət daşıyır. Hazırda ölkəmizin müxtəlif bölgələrində yeni məktəb binaları tikilir, əsaslı təmir-bərpa işləri aparılır.
Təhsilin Azərbaycan məktəblilərinə verdiyi imkanlardan kifayət qədər bəhrələnən yeniyetmələr istər Azərbaycanın daxilində, istərsə də, ondan kənarda öz təhsillərini davam etdirmək iqtidarındadırlar. Bu da müstəqil Azərbaycan dövlətinin gənclərə verdiyi ən böyük töhfələrdən biridir. Son illərdə məktəblilərin dərsliklərlə pulsuz təmin edilməsini və s. mühüm halların baş verməsi, məhz görülən işlərin məntiqi nəticəsi kimi qiymətləndirilir.
Beləliklə, sentyabrın 15-i ölkəmizin bütün ümumtəhsil məktəblərində yeni dərs ili başlayır. Yeni dərs ilində bütün təhsil işçilərini, tələbə və şagirdləri yeniliklər gözləyir. Yeniliklər isə, həm də uğurların başlanğıcı deməkdir. Yeni dərs iliniz mübarək!
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB