Məleykə Abbaszadə: "Abituriyentlər ixtisaslarını özləri seçməlidirlər"

Məleykə Abbaszadə: "Abituriyentlər ixtisaslarını özləri seçməlidirlər"

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi onlayn mətbuat konfransında bildirib ki, hər bir abituriyent ixtisaslarını özü seçməlidir. SİA xəbər verir ki, M.Abbaszadə vurğulayıb ki, bu, hər bir abiturient üçün çox vacibdir.

"Çünki çox zaman bu məsələ kimlərəsə həvalə edilir. Sosial medianı izləyərkən görürük ki, müxtəlif qruplar formalaşdırılır və kimlərsə abituriyentin yerinə ixtisas seçimi edir. Bizim abituriyentlərə kömək edilməsi üçün məlumat mərkəzlərimiz var və onlar abituriyentlərə ödənişsiz kömək edirlər” - deyə, Şura sədri bildirib.

Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul olunmaq üçün ixtisas seçimi sentyabrın 10-dan 20-dək internet vasitəsilə aparılacaq. Bu müddət ərzində müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin qarşısında öz ixtisas seçiminə bir daha nəzər salmaq, seçimini dəqiqləşdirmək və təsdiqləmək vəzifəsi durur.

İxtisas seçimi Mərkəzin rəsmi saytı vasitəsilə elektron qaydada aparılır və texniki cəhətdən bu prosesi həyata keçirmək çox sadədir. Proqram təminatı elə qurulub ki, sizin səhv etmək ehtimalınız yoxdur və ərizəni yadda saxla düyməsini basdıqda səhv və onun mahiyyəti barədə xəbərdarlıq edilir.

DİM tərəfindən abituriyentlərə kömək etmək məqsədilə I, II,III və IV ixtisas qrupları üzrə “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli” adlı vəsaitlər də nəşr ediləcək. Bu kitabçalarda müsabiqə şərtləri, ixtisas qrupları üzrə plan yerləri, müsabiqədə iştirak edən abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanması və s. məlumatlar öz əksini tapır. “Abituriyent” jurnalının 4 saylı buraxılışında “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, qəbul aparılan ixtisaslar, plan yerləri, jurnalın 2 saylı buraxılışında isə ötən ilin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid balları dərc olunub.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə