"Yeni tədris ilində 2 metodika tətbiq edilə bilər" EKSKLÜZİV -AÇIQLAMA
"Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Təhsil İnstitutu növbəti tədris ili üçün 2 metod - klassik metodu və hibrit metodunu təklif edir". Bu sözləri SİA-ya açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov növbəti tədris ilində təklif olunan təhsil metodikasından danışarkən deyib.
Onun sözlərinə görə, növbəti tədris ilinin necə formalaşacağını demək indidən çətindir, bu məsələ heç kəsdən, hətta Təhsil Nazirliyindən belə asılı deyil: "Pandemiya ilə əlaqədar bütün sahələr üzrə qərarlar Nazirkər Kabineti yanında Operativ Qərargah tərəfindən verilir və bu qərarlar bütün qurumlar tərəfindən eyni dərəcədə tətbiq edilir. Bu məsəslə ilə bağlı da Operativ Qərargah qərar qəbul edəcək və yeni tədris ilində qaydalar da məhz, bu qərara əsasən tənzimlənəcək. Operativ Qərargah bu günə qədər normal qərarlar qəbul edib. Lakin, hələ ki, yeni tədris ili ilə bağlı aydın olan bir məsələ mövcud deyil".
Şura sədri bildirib ki, sabah Təhsil nazirinin müşaviri Simuzər Feyzullayeva videokonfransda çıxış edəcək və ola bilsin ki, bu istiqamətdə olan suallar Təhsil nazirinin müşaviri tərəfindən cavablandırılsın: "Təhsil Şurasının sədri kimi təəssüf ki, bütün bu suallara cavab verə bilmirəm. Lakin, yeni tədris ili üçün təklif olunan iki metod mövcuddur. Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Təhsil İnstitutu növbəti tədris ili üçün iki metod - klassik metodu və hibrit metodunu təklif edir. Klassik metod, bu günə tətbiq edilən ənənəvi təhsil metodudur. Lakin, əgər koronavirus ciddi şəkildə bu işə mane olarsa, hibrit metoddan istifadə ediləcək. Hibrit metodda həm onlayn (distand) təhsildən, həm də məktəblərə gəlib-getməklə alınan üzbəüz təhsildən söhbət gedə bilər. Burada faiz dərəcəsi necə olacaq, bu hələ təyin olunmayıb. Faiz dərəcəsi dedikdə isə söhbət ondan gedəcək ki, hibrit metodda dərslərin neçə faizi onlayn, neçə faizi üzbəüz şəkildə təşkil olunacaq. Bu məsələ hələ ki, qalır. Çünki, həqiqətən də koronavirus pandemiyası cəmiyyəti qəfildən yaxaladı və bütün suallara cavab tapmaq və nəticələri əvvəlcədən ölçmək çox çətindir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB