Şəmsəddin Hacıyev: “Ali məktəblərdə imtahanların tamamilə ləğv olunmasını məqbul hesab etmirəm”

Şəmsəddin Hacıyev: “Ali məktəblərdə imtahanların tamamilə ləğv olunmasını məqbul hesab etmirəm”
Azərbaycanda magistratura və doktoranturaya daxil olmuş tələbələrin həqiqi hərbi xidmətdən azad olunması üçün təkliflər hazırlanıb. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev məlumat verib. O bildirib ki, burada o qədər də böyük miqdarda kontingentdən söhbət getmir. Bu gün Azərbaycanda magistratura və doktoranturada təhsil alanların sayının elə də çox olmadığını deyən Ş.Hacıyev qeyd edib ki, bu məsələdə doktorantura səviyyəsi üzrə 500, magistratura üzrə isə 2000-2500 nəfər gəncdən söhbət gedir. Onun sözlərinə görə, artıq bununla bağlı təkliflər hazırlanıb və yəqin ki, bu məsələyə baxılacaq.

"Prezident İlham Əliyev Azərbaycan Mili Elmlər Akademiyasındakı çıxışında da bununla bağlı bəzi məsələlərə toxunub. Hesab edirəm ki, bununla bağlı müəyyən tədbirlər görüləcək. Bu gün hərbi sənaye inkişaf edir, hərbidə yeni texnologiyalara əsaslanan yeni silahlar tətbiq olunur. Bunun üçün də ən savadlı, intelektli gənclərə böyük ehtiyac var. Yəni, bu kateqoriyadan olan insanların hərbi xidmətə çağırılması həmin vəzifələrin yerinə yetirilməsinə xidmət edir. Fikirləşirik ki, gələcək elmin, pedaqoji fəaliyyətin inkişafı naminə bu gənclərin hərbi xidmətdən azad olunması mümkündür", - deyə o əlavə edib.

Daha sonra Ş.Hacıyev Təhsil Haqqında Qanunun qəbul olunmasından yetərincə vaxt keçdiyini söyləyib. Onun sözlərinə görə, ölkə rəhbəri 3 ay vaxt vermişdi ki, həmin qanunun qüvvəyə minməsi üçün Nazirlər Kabineti tərəfindən konkret mexanizmlər hazırlansın. Amma bu günə qədər Təhsil Qanunun bir sıra maddələrin təsdiq olunması ilə bağlı real mexanizm hazırlanmayıb. Baxmayaraq ki, Nazirlər Kabineti bu müddət ərzində çox böyük iş görüb. Amma bəzi maddələrin qüvvəyə minməsi olduqca vacibdir, o cümlədən də olimpiada qaliblərinin imtahansız ali məktəblərə qəbul olunması məsələsi. Ola bilər ki, respublika səviyyəsində də keçirilən olimpiadaların qalibləri də imtahansız qəbul olunsun. Burada söhbət 5-10 nəfərdən gedir. Yalnız birinci yerləri tutan qaliblərə bunu tətbiq etmək olar. Bundan başqa, idman yarışlarının, incəsənət müsabiqələrinin qaliblərini də buraya şamil etmək olar və hər il onların sayı 10-dən da çox deyil. Uşaqları həvəsləndirmək nöqteyi-nəzərdən onların imtahansız qəbul olması məqsəduuyğun olardı. Bəzi maddələr var ki, onlar barədə də Nazirlər Kabineti tərəfindən müəyyən qaydlara hazırlanmalıdır. Bu istiqamətdə iş davam edir, amma bir qədər ləng gedir".

Distant təhsilin müzakirəsi barədə danışan komitə sədrinin sözlərinə görə, elə bir vəzifə qarşıya qoyulmayıb ki, qiyabi təhsil ləğv olunsun və distant təhsilə keçilsin. O bildirib ki, Təhsil qanununda təhsilin bir forması kimi həm distant, həm də qiyabi təhsil forması var: "Amma dünya təcrübəsində qiyabi təhsil yoxdur. Ona görə də dünyada gedən proseslərə biz də uyğunlaşmalıyıq və gec-tez qiyabi təhsil distant təhsillə əvəz olunmalıdır. Bu istiqamətdə də çox ciddi işlər gedir. Bir neçə universitetdə distant təhsili mərkəzləri yaradılıb".

Orta məktəblərdə silah qadağasının götürülməsi məsələsinə gəlincə, Ş.Hacıyev vurğulayıb ki, təhlükəsizlik baxımından silahın olması o qədər də vacib və yaxud ümumiyyətlə lazım deyil. Onun sözlərinə görə, hazırda "Ali təhsil haqqında" qanun layihəsinin də üzərində iş gedir. O qeyd edib ki, bu qanun layihəsinin Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılması və qəbul edilməsi gözlənilir.

Müəllimlərin işə qəbullunun imtahan əsasında aparılması ilə bağlı sualı cavablandıran Ş.Hacıyev bildirib ki, müəllimlərə dövlət qulluqçusu statusu verilsə, o zaman müəllimlərin təyinatla deyil, müsabiqə əsasında işə qəbul olunması düzgün addımdır. Bu baxımdan məzunlar mütləq müsabiqədən keçirilməlidir.

Azərbaycan Dillər Universitetində dövlət imtahanı və buraxılış işlərinin ləğv olunması məsələsinə gəlincə, millət vəkili qeyd edib ki, Təhsil qanununda dövlət tədris standarları haqqında məlumatlar çox dəqiq verilib və hər bir təhsil ocağı bu standartlara əməl etməyə borcludur: "Orada da yekun attestasiya məsələsi var. Hansı formada olursa-olsun tələbə universiteti bitirərkən yekun attestasiyadan keçməlidir. Bu attestasiya da həm dövlət imtahanı, həm də buraxılış imtahanlarını nəzərdə tutur. Ona görə də fikriləşirik ki, universitet olaraq bu qaydanı saxlayaq. Bizim universitetdə tələbələr iki imtahandan birini verəcək. Ali məktəblərdə imtahanların tamamilə ləğv olunmasını məqbul hesab etmirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə